Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi, iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Bir qayda olaraq konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və yazılmamış.
   Yazılı konstitusiyalar ya vahid normativ aktdır (əksər dövlətlərdə) və ya bir neçə konstitusiya qanunlarının məcmusudur (mis. İsveç konstitusiyası, İspaniyanın konstitusiyası, Finlandiyanın konstitusiyası).
   Dünyada konstitusionalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqlarının böyük Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya isə bir çox dəyişiklilərlə bu gün də qüvvədə olan ABŞ konstitusiyasıdır.
   
   İki cəbhədə
   

   1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində tam dövlət hakimiyyətinə malik olub, müstəqil xarici və daxili siyasət yeridirdi. AXC-nin müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmış və fəaliyyət göstərirdi. AXC bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrini Azərbaycana yeritdi, suveren AXC-nin ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Bunun ardınca Azərbaycan, 1806-1828-ci illərdə olduğu kimi, yenidən Rusiya tərəfindən ilhaq edildi. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalır, onun milli ləyaqəti tapdalanırdı. ADR zamanında qəbul edilmiş bəyannaməni çıxsaq, əslində, tarixən biz konstitusiya tipli sənədə malik olmamışıq. Lakin bu o demək deyildi ki, bu millətin konstitusiyasını yazmaq qədərində qabiliyyət və mədəniyyəti yox idi. Sadəcə olaraq işğalçı sovetlər az qala dünyanın üçdə birini zəbt edərək öz qanunlarını diktə edirdi. Belə bir vaxtda həyatımızı tənzimləyən qanunumuz 70-ci illərdə qəbul edilmiş vassal Azərbaycan SSRİ-nin konstitusiyası idi. O konstitusiyada dilimizin dövlət dili olduğunun təsbiti uğrunda da neçə-neçə ziyalımız mübarizə aparmışdı.
   
   Davam edir mübarizə
   
   1988-ci il Azərbaycan tarixində milli azadlıq hərəkatının ilk ili kimi yadda qalıb. Məhz bu tarixdən başlayaraq Sovet Azərbaycanı insanı da yenidən öz ölkəsinin milli-müstəqil vətəndaşı olmaq uğrunda mübarizəyə başlayır. Bu mübarizə həmçinin erməni işğalına qarşı mücadiləylə birgə aparılırdı. Biz öz sözümüzü, öz azadlığımızı istədiyimizi tarixin səhifələrinə qeyd edirdik. 1988-ci ilin 5 dekabrında sovet tankları bu azadlıq istəkli insanları əzəndə imperiyanın rəhbərliyi yəqin ki, həmin tankların Varşava, Praqa payızında olduğu kimi, hələ də qüdrətli olduğunu düşünürdü. Lakin qarşıda sovet tanklarının yalın əllə susdurulacağı Bakı sınağı vardı. 1990-cı ilin 20 yanvarında sovet tanklarının törətdiyi vandalizm həm də imperiyanın bütün bəşəriyyət qarşısında rüsvay olması, azadlıq istəyən xalqların jandarmasının mənəvi məhvi oldu. Millət olanın öz kitabı olmalıdır. Biz öz kitabımızın olmasını istəyirdik. Azadlıq və erməni xəyanəti cəbhəsində vuruşan Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin ilk qələbəsi idi. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Bu aktla faktiki olaraq sovet sisteminə son qoyulur, SSRİ-yə aid bütün müqavilələr ləğv edilir. Aktın ümumi müddəasının ilk maddəsində deyilir: «1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin».
   Müddəanın sonuncu maddəsi ilə isə bu akt belə tamamlanır:
   «Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır».
   
   Aktdan Konstitusiyaya
   
   Konstitusiya Aktının verdiyi əsasa dayanaraq millətin kitabını, ana qanunlarını təsbit etmək isə təxminən 4 il sonra mümkün olur. Elan edilməmiş müharibə fonunda gənc respublikanın daxili sabitliyini qorumaq o qədər də asan deyildi. Nəhayət, 1995-ci ilin 12 noyabrında Azərbaycan Respublikasının Konstitusiyası referendum yolu ilə qəbul edilir. Bununla da biz öz kitabımıza, azadlığımıza, dövlətimizə sahib olduğumuzu bəyan etmiş olduq. Qəbul edilmiş kitabımız məhz ümumi prinsiplərlə belə başlayır:
   «Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
   · Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
   · Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
   · vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
   · xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
   · ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
   · ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
   
   Salam, konstitusiyalı vətəndaş!
   Bu konstitusiya, əslində, bu ölkənin milli vətəndaşını da yaratdı desək, yanılmarıq. Əlbəttə, söhbət onun fiziki deyil, mənəvi doğumundan gedir. Bizim dövlət qarşısında öhdəçiliyimiz dövlətin öz vətəndaşının hüquqlarının qarantı olması ilə uzlaşır. Vətəndaş öz insani hüquqlarını əldə edir. Eyni zamanda milli rəmzlərə - dilinə, dininə, sərvətinə sahib vətəndaşın varlığı təsbit olunur. Rəsmi yaşının neçə olduğunun fərqinə varmadan deyə bilərik ki, indi bizim hər birimiz doğuluşumuzun 14-cü ilinə qədəm qoyuruq. Bizim hamımızın 14 yaşı var. Xoşbəxt o adamdır ki, bu gün onun kimlik sənədində vətəndaşlığı Azərbaycan Respublikası göstərilir. 1995-ci ildə isə əslində yalnız sən, mən yox, eləcə də Rəsulzadə, Topçubaşov, Üzeyir bəy, Cavid - yəni hər bir nisgillimiz, bütün azərbaycanlılar vətəndaşlıq qazandılar. Bizlər - hamımız bu vətənin «daş»larıyıq. O xalq ki, konstitusiyasının ilk maddəsi onun hər bir və bütöv vətəndaşları haqqındadır.
   “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.
   Bu xalq isə həmişə öz Konstitusiyasını, kitabını, vətənini yağılar qarşısında daşa, dağa çevrilərək qoruyacaq. Ən azı ona görə ki, biz bütün bunları tarixin sınaqlarına, əzablarına dözərək, mübarizə apararaq nail olduq.
   
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar