XVI əsr Təbriz rəssamlıq məktəbinin bir çox yetirmələri Şərqin qüdrətli hökmdarlarının sarayında fəaliyyət göstəriblər. Təbrizdə Şah İsmayıl, Şah Təhmasibin saray kitabxanasında çalışan Behzad və Sultan Məhəmmədlə eyni sırada adı çəkilən görkəmli sənətkarlardan biri də Ağa Mirək Mirzə Qiyas olub.

Bu sənətkarın nəsil şəcərəsi haqda tarixi qaynaqlarda səhih məlumat yoxdur. Onun yüksək ustalıqla yaratdığı “Məcnun səhrada”, “Xosrov və Şirin qızların söylədiyi əfsanələri dinləyərkən”, “Xosrovun taxta çıxması” kimi nümunələr bir çox dünya muzeylərində saxlanılır. O, eyni zamanda Hindistanda Böyük Moğol imperatoru Humayın şərəfinə ucaldılan məqbərənin memarı kimi də tarixə düşüb.
Bu möhtəşəm memarlıq abidəsi barədə mənbələrdə bildirilir ki, Böyük Moğol imperiyasının hökmdarı Babur şahın ölümündən sonra oğlu Humay taxta çıxır. O, 1544-cü ildə əfqan hakimi Şirxanla döyüşdə məğlub olur. Ailəsi və yaxınları ilə Səfəvi şahı I Təhmasibə pənah aparır. Təhmasib şah onu Təbrizin girəcəyində təntənə ilə qarşılayır. Humay Təbrizdə musiqiçilərlə, miniatür sənəti, xəttat və memarların əsərləri ilə maraqlanır və Azərbaycan incəsənəti, xüsusilə, memarlıq işləri onun marağına səbəb olur. Təbriz musiqiçiləri Humayı Azərbaycan mədəniyyətində əbədiləşdirirlər. Əsas muğamlardan birinə onun adı verilir...
Səfəvilərin köməyi ilə Şirxanı məğlub edən Humay Böyük Moğol imperiyasının taxt-tacını geriyə qaytarmağa nail olur. Bir çox Azərbaycan sənətkarlarını öz sarayına çağırır. Təbrizdə gördüyü gözəl sənət nümunələrini Hindistanda öz sarayında yaratmaq barədə qərarlar qəbul edir.
Humay şahın həyat yoldaşı Həmidə Banu Məkkə ziyarətindən qayıdarkən Təbriz şəhərinə dönür. Memar Ağa Mirək Mirzə Qiyası ilə görüşür və ərinin məqbərəsini tikmək üçün onu özü ilə Dehliyə aparır. Üzərində səkkiz il tikinti işləri aparılan məqbərə 1573-cü ildə hazır olur. Hind sənətşünaslarının fikrincə, bu məqbərə Hindistanda xatirə komplekslərinin tikilişində dönüş nöqtəsinə çevrilir. Abidə Böyük Moğollar dövründə ucaldılan bu tipli məqbərələrin arasında yüksək qiymətləndirilir.
Tanınmış sənətkar mütərəqqi Səfəvi ənənələrinə uyğun şəkildə məqbərənin ətrafında bağçalar salınmasını da nəzərdə tutur. Abidənin “Nizaməddin" adlanan hissəsində bağ-bağat salınır. Məqbərə iki geniş xiyabanın kəsişməsində yerləşir. Qaynaqlarda “Dörd bağ” adlandırılan bu cür planlaşdırmadan eyni zamanda Təbriz, Qəzvin və Ərdəbildə də saray bağlarının salınmasında istifadə edilib. Mütəxəssislərin fikrincə, belə formalı məqbərələrlə Bakıdakı Şirvanşahlar saray kompleksi arasında oxşarlıqlar mövcuddur.
Ağa Mirək bu memarlıq əsərində Səfəvi, Orta Asiya və türk memarlığına xas monumental səth strukturunu qoruyub saxlamaqla yanaşı, ona Hindistan üslubuna məxsus cizgilər də əlavə edib. Sənətkar Səfəvi və Orta Asiya memarlarının məscid, saray və məqbərələrin bəzədilməsində daha çox istifadə etdikləri əlvan lövhələr əvəzinə, ağ mərmərlə müxtəlif çalarlı rəngli daşların uyuşmasına üstünlük verib.
Mənbələrdə Hindistanda Böyük Moğolların süqutu və müstəqillik uğrunda mübarizə ilə bağlı bir çox faciəvi hadisələrdə bu abidənin də adı çəkilir. Belə ki, 1857-ci ildə Böyük Moğol hakimi Bahadır şah Zəfər Britaniya ağalığına qarşı üsyana rəhbərlik edir. Ancaq üsyan yatırılır. İngilislər hər yerdə vəziyyətə nəzarət etməyə başlayırlar. Bahadır şah öz ailəsi ilə Humay məqbərəsinə sığınır. İngilislər buraya hücum edərək şahın iki oğlu, bir nəvəsini qətlə yetirir, şahı isə sürgünə göndərirlər...

Savalan Fərəcov