Türkiyəli skripkaçı Pelin Halkaçı Bakıdan zəngin təəssüratla ayrıldı
   
   Bu günlərdə Türkiyənin tanınmış skripkaçısı, Memar Sinan Universitetinin musiqi fakültəsinin dosenti, Borusan Filarmoniyasının simfonik orkestrinin baş skripkaçısı Pelin Halkaçı paytaxtımızın qonağı oldu. Sənətçi mayın 25-də M.Maqomayev adına Dövlət Filarmoniyasında maraqlı konsert proqramı ilə çıxış etdi. İndiyədək dünyanın bir çox ölkələrində - İsrail, Britaniya, Gürcüstan, Macarıstan, Rumıniyada geniş tamaşaçı rəğbəti qazanan solo konsertlərlə çıxış edən sənətçinin Azərbaycana ilk səfəri barədə təəssüratını öyrəndik:
   
   - Bakıya dəvəti çoxdan gözləyirdim. Burada konsertimin gerçəkləşməsində Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Fəxrəddin Kərimovun xüsusi rolu var. Bu məşhur sənətçi 1991-2004-cü illərdə İstanbulda çalışıb. Bir-birimizi yaxşı tanıyırıq. 1995-ci ildə İstanbulun Böyükşəhər bələdiyyəsi orkestr yaratmaq istəyi ilə Fəxrəddin bəyə müraciət etdi. Həmin orkestrdə mən baş skripkaçı, həyat yoldaşım Gökhan isə orkestrin müdiri olmaqla yanaşı, həm də violençeldə ifa edirdi. Fəxrəddin bəylə Türkiyədə dəfələrlə konsertlərdə çıxış etmişik. Bakıya səfər etməkdən, Azərbaycan tamaşaçısı ilə də ünsiyyətdə olmaqdan çox məmnunam. İnanıram ki, gələcəkdə Azərbaycana belə qastrol səfərlərim çox olacaq.
   - Sənətə gəlişiniz necə olub? Nə üçün məhz skripka ifaçılığını seçmisiniz? Ailənizdə sizdən savayı musiqiçilər varmı?
   - Xeyr, ailəmizdə məndən başqa musiqiçi yoxdur. Musiqiçi olmağımı isə atam istədi və mən də skripkanı seçdim. Skripka, violençel, piano müasir dünyanın musiqi alətləridir. Bunlar sadəcə bir xalqa məxsus deyil. Bu gün müasir dünya musiqisində skripkanın mühüm yeri var. 8 yaşımdan bu alətdə ifa edirəm. Hazırda Türkiyənin ən gözəl orkestri olan Borusan Filarmoniyasının simfonik orkestrinin baş skripkaçısıyam. Hələ tələbəlik illərindən başlayaraq təkcə Türkiyədə deyil, xarici ölkələrdə də tez-tez konsert proqramları ilə çıxış etmişəm. Tələbələrim də çoxdur.
   - Repertuarınızda Qərb, yoxsa türk bəstəkarlarının əsərlərinə daha geniş yer ayırırsınız?
   - Həm Qərb, həm də türk bəstəkarlarının əsərlərinə müraciət edirəm. Hər halda Türkiyədə alman bəstəkarlarının sayı qədər bəstəkar yoxdur. Amma çox sevdiym türk bəstəkarları var. Ümumiyyətlə, ifamda seçimə gəlincə, bu bəstəkardan və onun əsərindən asılıdır.
   - Bəs Azərbaycan bəstəkarlarına necə, müraciət etmisinizmi?
   - Təbii. Onların əsərlərini soloda ifa etmək imkanım olmasa da, sənətçi kimi fəaliyyətə başlayandan bəri Azərbaycanın tanınmış bəstəkarları haqqında məlumatım var. Amma bir neçə il əvvəl maestro Fəxrəddin bəylə «Nizami» simfoniyasını ifa etmişdik. Yuxarıda qeyd etdiym kimi, 1995-ci ildən biz birlikdə eyni orkestrdə çalışmışıq. Biz həm opera, həm də simfonik orkestr kimi fəaliyyət göstərirdik. Həmin vaxt konsert proqramlarının birində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin «Arşın mal alan» musiqili komediyasını səhnəyə qoymuşduq. Bundan başqa Fikrət Əmirovun «Kürd-ovşarı» Azərbaycan kapriçiosu, Soltan Hacıbəyovun «Karvan», Üzeyir Hacıbəylinin «Koroğlu» üvertürasını səsləndirdik, Bursada Qara Qarayevin gecəsini keçirdik və çox uğurlu alındı. Gələcəkdə bu əsərləri daha tez-tez öz repertuarımıza daxil edəcəyik.
   Demək istəyirəm ki, getdikcə Türkiyədə Azərbaycan bəstəkarlarının əsərlərinə daha çox diqqət yetirilir. Çünki biz eyni millətik. Azərbaycanın istər klassik, istərsə də müasir bəstəkarlarıını Türkiyədə yaxşı tanıyırlar. Onu da deyim ki, Türkiyədə çoxlu tanınmış Azərbaycan sənətçisi fəaliyyət göstərir. Onların bəziləri orkestrdə çalışır, digərləri universitetlərdə müəllim işləyirlər. Məsələn, Sərvər Qəniyevi, bizim orkestrdə çalışan Rüstəm Mustafayevi və digərlərini tanıyıram. Amma onlar məni daha yaxşı tanıyırlar.
   - Pelin xanım, bu gün Türkiyədə klassik musiqinin yeri necədir və sənətçi olaraq onun bugünkü durumu sizi qane edirmi?
   - Bu gün Türkiyədə klassik musiqi konsertlərinə gələn tamaşaçılar arasında gənclər çoxluq təşkil edir. Mən Avropa ölkələrində çoxlu konsert proqramları ilə çıxış etmişəm və şahidi olmuşam ki, zalda əyləşənlərin əksəriyyəti yaşlı adamlardır. Türkiyədə gənclərin klassik musiqini dinləməyə belə kütləvi formada meyil etməsi çox gözəldir. Düşünürəm ki, indi uşaqlar üçün musiqi layihələri gerçəkləşdirmək lazımdır. Çünki 15-20 il sonra klassik musiqinin tamaşaçıları onlar olacaq və uşaqlara uyğun layihələri gerçəkləşdirmək lazımdır ki, insanların həyatında musiqi daha böyük yer tuta bilsin. Ölkəmizdə operalar göstərilən zaman iki ay əvvəldən bilet almaq lazımdır.
   Amma çatışmayan məqam ondan ibarətdir ki, Ankara, İstanbul, Mersin, İzmir, Antalya şəhərlərindən başqa, Türkiyənin digər şəhərlərində opera teatrları yoxdur. Türkiyədə 81 vilayət olduğu halda onların yalnız 6-da opera teatrı fəaliyyət göstərir. Düşünürəm ki, dövlət mədəniyyət siyasətində bunu nəzərə almalı, bu istiqamətdə layihələr həyata keçirməlidir. Çünki insanlar bunu istəyir, qalır dövlətin dəstəyi.
   Musiqi təhsilinə gəlincə, hazırda Türkiyə universitetlərində böyük musiqi fakültələri fəaliyyət göstərir və konservatoriya adlanır. Konservatoriya böyük fakültə kimi universitetlərə bağlıdır. Məsələn, mənim çalışdığım Memar Sinan Universitetinin böyük bir qolu konservatoriya, yəni musiqi fakültəsidir. Fəxrəddin bəy də həmin konservatoriyada 10 ilə yaxın orkestr dərsləri keçib. İstanbulda 4 konservatoriya fəaliyyət göstərir. Bu konservatoriyalar dünya standartlarına uyğun, inkişaf etmiş ölkələrlə ayaqlaşa bilirlər. Antalyada həm simfonik, həm opera teatrı, həm də konservatoriya var.
   Bizim simfonik orkestrlər Avropa orkestrləri ilə eyni səviyyədədir. Əminəm ki, bir gün Türkiyə Avropa Birliyinə daxil olsa, orada bu sahədə üçüncü-dördüncü yeri tutacaq. Çünki ölkəmizin potensialı böyükdür, gəncləri təhsilli, imkanları genişdir. Klassik musiqi Türkiyədə böyük yer tutur. İyun- iyul aylarında hər cümə günü İstanbul, Ankara, İzmir, Mersin, Antalya, Bursa şəhərlərində simfonik musiqi konsertləri səslənir.
   - Azərbaycana ilk dəfədir ki, gəlirsiniz. Vaxtınızın az olmasına baxmayaraq paytaxtımızla tanış ola bildinizmi?
   - Bakı gözəl şəhər təsiri bağışlayır. Filarmoniyanın zalının akustikası da çox xoşuma gəldi. Konsert proqramında məşhur İtaliya bəstəkarı Antonio Vivaldinin «Mövsümlər» əsərini, görkəmli türk bəstəkarı Kamal Rəşid Reyin əsərini ifa etdim. İnanıram ki, Azərbaycan tamaşaçıları ifamı bəyənib zövq aldılar. Bir sözlə, Bakıdan zəngin təəssüratla ayrılıram.
   
   Mehparə