Əlixan Səmədov: «Mənim üçün əsas məsələ harada yaşamaq deyil, Azərbaycan mədəniyyətini harada yaşatmaqdır»
Onun ifasında səslənən musiqiləri dinləyərkən sanki ruhun başqa bir dünyaya köç edir. Milli musiqi alətimiz olan balabanın və musiqilərimizin Azərbaycandan kənar təbliğində Əlixan Səmədovun xüsusi rolu var. Bir neçə yerli və xarici mükafatların qalibidir. “Sarı gəlin”, “Apardı sellər Saranı”, “Heyvagülü” və bu kimi unudulmaz bəstələrimiz bu gün Əlixan Səmədovun ifasında Hollivud və Avropanın bir çox filmlərində istifadə olunur. Bu gün də bu istiqamətdə bir çox işlər görən məşhur ifaçı Əlixan Səmədov uzun illərdir Türkiyədə yaşayıb yaratmaqdadır. Onunla müsahibəni də internet (elektron poçt) vasitəsilə aldıq.
- Müxtəlif musiqi alətlərində ifa etməyi bacarırsınız. Amma onların arasında əsas balabanı seçmisiniz...
- Bütün musiqi alətlərində ifa etməyi sevirəm. Amma balabanın yeri başqadır. Belə ki Azərbaycanda yaşadığım illərdə “İstedad” rəqs ansamblında balabanda ifa etmişəm. Türkiyəyə köçəndən sonra orada balabanı yaxşı tanımadıqlarını biləndə çox təəssüflənmişdim. O zamandan qarşıma məqsəd qoydum və özümə söz verdim ki, bir gün gələcək balabanı bütün dünya tanıyacaq. O gündən bu günə qədər “Balaban” adlı yeddi albom işıq üzü gördü və bu musiqi alətinin adı dünyada tanındı. Dünyanın hər yerindən mənə məktublar gəlməyə başladı, balaban haqqında bilgi almaq istəyənlər getdikcə çoxaldı. Daha sonra “Balaban metodu” adlı kitab da yazdım. Üç dildə - türk, rus, ingilis dillərində nəşr olunan kitabda balabanın hazırlanması, ifası, tarixi və not təlimləri yer alıb.
- İlk dəfə balabanda ifa etdiyiniz musiqi yadınızdadırmı?
- Uşaq vaxtlarında musiqiyə nağarada ifa etməklə başlamışdım. Sonra qarmonla davam etdim. Qarmondan sonra qaboyla tanış oldum. Beləliklə nəfəsli alətlərlə tanış olduğum zaman balabanı da öyrənməyə başladım. Onun səsi mənə ilham verirdi. İlk dəfə balabanda «Segah» ifa etmişəm. Balabanla olan dostluğum ömrümün sonuna qədər davam edəcək. Burada olan tələbələrimdən biri artıq balaban istehsalına da başlamaq üzrədir. Hələlik hazırlıqlarımız davam edir və gələcəkdə üstündə Azərbaycan adı yazılan balabanlar düzəltməyi düşünürük.
- Ermənilər balabanı dünyada «duduk» adı ilə tanıtdırmağa çalışırlar. Biz isə bir az layeyidik deyəsən...
- Son zamanlar gənclərimiz əcnəbi musiqiləri dinləməyə daha çox üstünlük verirlər. Təəssüf ki, balabana, xalq musiqisinə olan maraq o qədər də böyük deyil. Mədəniyyətimizi qorumaq hər bir azərbaycanlının borcudur.
- Romantikaya tez-tezmi qapılırsınız?
- Xaraktercə çox sakit və səbirli insanam. Romantik həyat tərzini çox sevirəm. Ümumiyyətlə, həyatın hər bir anından zövq almağa çalışıram. Adətən yolda gedərkən ətrafımdakı gözəllikləri, dənizin gecəyarı görünən mənzərəsini seyr etməyi çox sevirəm.
- Daha çox necə musiqini dinləmək sizə zövq verir?
- Mən hər zaman instrumental musiqilərə qulaq asıram. Bəzən isə Azərbaycan xalq mahnılarını dinləyirəm. İfa etdiyim musiqilərdə daha çox hiss etdiklərimi, yaşadıqlarımı dinləyicilərimlə paylaşıram.
- Uzun illərdir ki, Türkiyədə yaşayırsınız. Niyə məhz Türkiyə?
- Azərbaycanda yaşadığım zaman “İstedad” rəqs ansamblıyla dünyanın bir çox yerində konsertlərə gedirdim. Türkiyəyə gəldiyim zaman isə sanki özümü burada doğma və əvvəllər yaşamış kimi hiss etdim. Burada uzun zaman yaşayacağımı heç ağlıma gətirməzdim. Artıq 20 ilə yaxındır ki İstanbulda yaşayıram.
- Burada Vətən həsrəti çəkirsinzmi?
- Türkiyədə özümü qürbətdə hiss etmirəm. Türkiyə-Azərbaycan iki dövlət, bir millətdir. Mənim üçün əsas məsələ harada yaşamaq deyil, harada Azərbaycanı, Azərbaycan mədəniyyətini yaşatmaqdır.
- Türkiyədə Azərbaycan musiqisini nə dərəcədə tanıyırlar? Bizim müğənnilərdən daha çox kimləri dinləyirlər?
- Azərbaycan musiqisini, xüsusilə də klassik xalq mahnılarımızı burada çox sevirlər. Zeynəb Xanlarovanı, Rəşid Behbudovu yaxşı xatırlayırlar. Amma müasir dövr müğənnilərimizi o qədər də tanımırlar. Hətta bir neçə dəfə şahidi olmuşam ki, Azərbaycandan buraya konsert verməyə gələn müğənnilərimizin konsertində az adam iştirak edir. Bəzən isə konsertin təşkilatçıları zalı azərbaycanlı tələbələrlə doldurmağa çalışırlar. Belə olduğu halda heç bir tanınmaqdan söhbət gedə bilməz.
- Azərbaycan şou-biznesiylə Türkiyə şou-biznes nümayəndələri arasında ifa cəhətdən hansı fərqlər və bənzərliklər var?
- Türkiyədə əsl sənətçilər adətən maqazin proqramlarına çıxmamağa üstünlük verirlər. Burada əsl sənətə böyük önəm verilir. Məncə, fərq bundadır.
- Azərbaycanlı gənclərin musiqi zövqünü necə qiymətləndirərdiniz?
- İstedadlı gənc musiqiçilərimiz çoxdur. Lakin vaxtlarını toylarda daha çox keçirdikləri üçün onlara təəssüf edirəm. Onları toyda deyil, dünya konsert salonlarında görmək mənim ən böyük arzumdur. Musiqimizi ölkədən kənarda təbliğ etmək o qədər də çətin deyil. Mədəniyyətimizə sevgisi olan hər bir kəs bunu edə bilər.
- Musiqi zövqünüzə məhdudiyyət qoyursunuz? Ümumiyyətlə, zövqlü musiqi nədir?
- Musiqi ruhun qidasıdır. Hansı musiqi ruhumu oxşayırsa məhdudiyyət qoymuram, onu sevərək dinləyirəm. Pis musiqi janrı yoxdur. Amma elə üzdəniraq musiqiçilər var ki, onlara musiqiçi deməyə dilim gəlmir. Bəzən dostlarla öz aramızda “işgəncə görmək istəyirsənsə, al bunu dinlə” deyə zarafatlar da edirik.
- Gələcək planlarınızda nələr var?
- Hazırda “Balaban-8” albomu üzərində işləyirəm. Albomu müxtəlif dillərdə hazırlamağı düşünürəm. İnanıram ki, bu albom Azərbaycan mədəniyyəti və balabanla bağlı ən böyük işlərimdən biri olacaq. Yaxın zamanlarda burada Mədəniyyət Sarayı açmağı düşünürəm. Azərbaycandan dəvət edəcəyim ustad musiqiçilərlə bərabər, milli musiqimizi Türkiyədə daha geniş şəkildə tanıtmaq istəyirəm.
- Sonda Azərbaycana sözünüz...
- Azərbaycanımızı və millətimi çox sevirəm. Hər şey Azərbaycanımız üçün!
Söhbətləşdi: Yeganə Cansail