Görkəmli fırça ustası, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov dünyada böyük şöhrət qazanmış sənətkarlarımızdandır. Uşaqlıq və gənclik çağlarının bir hissəsini Azərbaycanda, müəyyən hissəsini Özbəkistan və Litvada keçirib. Uzun illər Fransada yaşamasına baxmayaraq yaradıcılığı doğma Azərbaycanla bağlı olub. Abşeron, İçərişəhər rəssamın yaradıcılığında xüsusi yer tutub. Toğrul Nərimanbəyovun yaradıcılığına xarici ölkələrdə böyük maraq var, əsərləri bir çox muzey və sərgi salonlarını bəzəyir. Onun adı tanınmış rəssamlarla bir sırada "Dünya incəsənət-məlumat ensiklopediyası»nda yer alıb. Bu il Toğrul Nərimanbəyovun 80 yaşı tamam olur. Rəssam 1930-cu il avqustun 7-də dünyaya gəlib. Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev görkəmli rəssamın yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Biz də yubiley öncəsi dünya şöhrətli həmyerlimizlə söhbət etmək imkanı əldə etdik. 
      
   - Bioqrafiyanızı nəzərdən keçirəndə görmək olur ki, bir çox xarici ölkələrdə yaşamısınız. Amma buna rəğmən Azərbaycan sizin yaradıcılığınızda xüsusi yer tutur...
   - Bəli, mən ömrümün çox hissəsini xaricdə keçirmişəm, Fransada, İtaliyada yaşamışam. Amma buna baxmayaraq mənim bütün qəlbim, yaradıcılıq fəaliyyətim Azərbaycanla bağlıdır. Çünki Azərbaycan güclü auraya malik olan ölkədir. Bu ölkənin elə bir təbiəti var ki, o, istənilən rəssamı ilhamlandırır.
   Parisdə Şərqi sevir, fəxr edirlər. Fransada İslam ölkələrinin, o cümlədən Azərbaycanın incəsənəti çox populyardır. Xüsusilə də, son dövrlər Fransada bizim ölkəyə çox isti münasibət var. Ümumilikdə Avropada da Azərbaycanı yaxşı tanıyırlar, ölkəmizin mədəniyyətinin Avropada tanınması da gündün-günə genişlənir. İlyarımdır ki, Bakıdayam, burada çoxlu işlərim var. Bəzi maraqlı təkliflər var ki, onları həyata keçirmək lazımdır. Etiraf edim ki, hər dəfə Bakıya gələndə özümdə çox böyük ruh yüksəkliyi, yaradıcılıq qüvvəsi hiss edirəm.
   - Toğrul müəllim, artıq hər kəsdə belə bir fikir formalaşıb ki, Fransa Sizin ikinci vətəninizdir.
   - Fransa ruhən mənə çox yaxın ölkədir. Bu ölkənin təsviri sənəti də bizim sənətkarlar üçün hər zaman maraqlı olub. Azərbaycanın bir sıra rəssamlarını, xüsusilə də Səttar Bəhlulzadəni Fransa təsviri sənət ənənələri cəlb edirdi. Çünki fransızların incəsənəti Şərq incəsənətinə çox yaxındır.
   Bu ölkəni yaşayış yeri olaraq seçməyim isə valideynlərimlə bağlıdır. Atam Qarabağda, Şuşada anadan olub. Babam da Qarabağdandır. Anam isə fransızdır. Qaskoniya vilayətinin Po şəhərindəndir. Atam işlə bağlı olaraq bir muddət Almaniyada yaşayıb. Fransada, Tuluza şəhərində təhsil alıb. Sonra isə Azərbaycana qayıdıb, mühəndis kimi çalışıb. 1937-ci ildə repressiya qurbanı olub.
   Bütün bunlar mənim Fransanı yaşayış yeri olaraq seçməyimdə rol oynayıb. Amma təbii ki, bu, işin yalnız bir tərəfidir. Digər tərəfdən, hamımıza məlumdur ki, Fransanın, ələlxüsus da Parisin mədəni həyatı, qeyri-adi yaradıcı aurası çox sənətkarı, xüsusilə də, rəssamları hər zaman özünə cəlb edib. Mənə də həmişə o mühitdə olmaq, onu hiss etmək və ondan bəhrələnmək istəmişəm. Amma buna baxmayaraq mənim yaradıcılığım Şərq incəsənəti üzərində qurulub. Bu incəsənət çox qədimdir. Mən Səmərqənddə yaşamışam. Bununla belə, tam məsuliyyəti ilə deyə bilərəm ki, işləmək və yaratmaq mənə Bakıda, Azərbaycanda daha asandır. Əslim Şuşadan olsa da, özüm Buzovnada anadan olmuşam. Ona görə də, Bakıda, şəhərdəki evdə ürəyim sıxılanda Buzovnaya üz tuturam.
   - Həm rəngkarlıq və qrafika, həm də teatr və kino rəssamlığı sahəsində böyük uğurlar qazanmısınız. Ölkəmizdə, keçmiş Sovetlər məkanında, yaxın-uzaq xaricdə dəfələrlə fərdi yaradıcılıq sərgiləriniz açılıb. Zaman keçdikcə, yeni yaradıcılıq imkanlarınız üzə çıxıb. Ötən əsrin sonlarından Sizi musiqi sənətində, vokal müğənnisi kimi də gördük. Sizi rəssam kimi sevənlər bundan sonra müğənni kimi dəyərləndirməyə başladılar...
   - Vokal sənəti həyatımın ayrılmaz hissəsidir. Rəsm çəkəndə həmişə oxuyuram. Oxumağı həyatımın vacib missiyası kimi qəbul edirəm. Rəssamlıq işi elədir ki, istədiklərini kətana köçürürsən və onlar artıq səndən «ayrılır». Amma oxumaq hissi hər zaman insanın daxilində, qəlbindədir. Vaxtilə eyni vaxtda həm rəssamlıq məktəbində, həm də konservatoriyada oxumuşam. Çünki mən vokalı, xüsusilə də italyan incəsənətini, vokalını sevirəm. İtalyanlar bu sahədə böyük uğur əldə ediblər. Vokalla məşğulluq o deməkdir ki, formada olmaq üçün daim öz üzərində çalışmalısan.
   Mənim özümə də maraqlıdır ki, daxilimdə nələr baş verir, səs necə yaranır, mən özüm onu hansı çalarlarla zənginləşdirə bilərəm. Mənim üçün bu, hələ də möcüzədir. İtaliyada, Fransada konsert proqramları ilə çıxış etmişəm və gözəl tamaşaçı reaksiyası ilə qarşılaşmışam.
   Şərq xalqları, xüsusilə də Azərbaycan muğam sahəsində böyük nailiyyət əldə edib. Fransızlar Azərbaycan muğamlarını çox sevirlər. Onlar hətta muğam oxumağa cəhd edirlər. Parisə gələn kiçikyaşlı Azərbaycan məktəbliləri Füzulinin qəzəllərini muğamda elə ifa edirlər ki, elə bil ki, hansısa bir akademiyanı bitiriblər. Bu, heyrətamizdir. Mən də muğamı sevirəm, amma ifa edə bilmirəm. Çünki muğam mənə güclü təsir edir, göz yaşlarımı saxlaya bilmirəm. Bir sözlə, muğam məni ağladır.
   - Yəqin müğənniliyə maraq həm də sizin Azərbaycanın konservatoriyası hesab edilən Şuşadan olmağınızdan irəli gəlir. Şuşanı necə xatırlayırsınız?
   - Şuşa əsrarəngiz bir məkandır, bütün Azərbaycanın musiqi beşiyidir. Yadımdadır, bir vaxtlar bu gözəl məkana gedir, onun gözəlliyindən ilhamlanırdım. Deyirlər, haqq nazilər, amma üzülməz. Vaxt gələcək, haqq-ədalət öz yerini tapacaq. Və o zaman işğal altında olan tarixi torpaqlarımız özümüzə qaytarılacaq. O zaman mən yenə də Şuşaya gedib-gələcəyəm.
   - Azərbaycanda necə, yeni konsert vermək istərdiniz?
   - İstərdim. Teymur Göyçayevin rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə konsertə hazırlaşıram. Bakıda mənim iki konsertim olub. Onun biri alman kirxasında (Kapellhaus - red.), digəri Opera və Balet Teatrında olub. Kirxada olan konsertə prezident Heydər Əliyev də gəlmişdi. Qeyd edim ki, həmin konsertim Azərbaycan televiziyasında da yayımlandı.
   - Əgər söhbət sizin yaradıcılığınızdan gedirsə, mütləq nardan da danışmalıyıq. Niyə əksər əsərlərinizdə bu meyvənin təsviri görünür?
   - Mən bu meyvəni Göyçayda sevdim. Yadımdadır, 60-cı illər idi. Sevimli şairimiz Rəsul Rza məni bu rayona ova dəvət etmişdi. Narı da o zaman «kəşf» etdim. Mənə elə gəlirdi ki, sanki günəş əlimdədir. Onu yeyərkən elə bil ki, şərbət içirsən. Bir sözlə, narı təsvir edəndə bu meyvənin şirəsinin, sanki dadını hiss edirəm və qəribə səslənsə də, onu tamaşaçıya da çatdırmaq istəyirəm. Bir də narla rəngləri daha dolğun təsvir edə bilirəm.
   - Azərbaycan rəssamlıq məktəbinin bugünkü inkişafı haqqında fikirlərinizi də bilmək maraqlı olardı...
   - Azərbaycan xalqı istedadlı xalqdır. Elə bir təbiətimiz var ki, bəstəkarlara, rəssamlara böyük yaradıcılıq enerjisi verir. Gənclərə gəlincə, deyərdim ki, onlar öz milli ənənələrini kifayət qədər dəyərləndirə bilmirlər. Bu, yaxşı hal deyil. Yalnız Qərb incəsənətini öyrənmək azdır, özününkünü də öyrənmək lazımdır. Abşeronun, Lənkəranın sakit, gözəl təbiəti var. Azərbaycanımızın hər bir guşəsi yaradıcı əhval yaradır. Mən, demək olar ki, piyada bütün Abşeronu gəzmişəm.
   - Orta əsrlər, Teymurləng dövrü ilə bağlı əsər yaratmaq istəyirsiniz. Bu ideya sizdə necə yarandı?
   - Bunun çox maraqlı tarixçəsi var. 1948-1949-cu illərdə Səmərqənddə yaşamışam. O zamanlar ora getmək çətin idi. Bir dəfə gördüm ki, karvan keçir. Özbək köçəriləri karvansaraya gəldilər. Saat 12-də nahar hazırladılar. Təsəvvür edin, qazan götürüb özbək plovu bişirdilər. Mən də onlara kömək etdim. Mənə elə gəldi ki, Füzuli, Nəsimi dövrlərində yaşayıram. Bu, teatr deyildi, həqiqət idi. Ona görə də məndə bu dövrlə bağlı tablo yaratmaq ideyası yarandı.
   - Yaradıcılığınızda İçərişəhər də mühüm yer tutur...
   - 15 yaşımdan İçərişəhəri çəkməyə başlamışam. İlk dəfə Şirvanşahları çəkmişəm. Yadımdadır, evlərin damına çıxıb İçərişəhərin görüntülərini kağız üzərinə köçürürdüm. Təsəvvür edin, şəhərin mərkəzində çox qədim bir şəhər var. Biz onu bu günə qədər qorumuşuq. Qız qalasının özü bir möcüzədir. Hər zaman öz şəkillərimdə İçərişəhərin bütün gözəlliyini göstərirəm. Bu, hələ də davam edir. Azərbaycandan uzaqda yaşasam da bunları yaddan çıxarmaq mümkün deyil. Bütün yaradıcılığım boyu Azərbaycanla, İçərişəhərlə bağlı çoxsaylı əsərlər yaratmışam və bu, hər zaman belə olacaq.
   - Deyilənlərə görə, sizin rəsmlərinizin ilk tamaşaçısı həyat yoldaşınız Sevil xanımdır...
   - Xanımım mənə çox kömək edir və hər zaman dəstəkləyir. Bir sözlə, yaradıcılıq üçün gözəl mühit yaradır. Oğlumuzun 9 yaşı olmasına baxmayaraq ailə ənənəsi ona da təsir edib: incəsənətə böyük həvəs göstərir.
   
   Mehparə Sultanova