Modelyer rəssamlardan söz düşəndə ilk öncə zövq və gözəllik duyğusu, gözəyarı ölçmə qabiliyyəti, rəng və forma duyumu, təsəvvür etdiyi siluetləri formaya çevirmək bacarığı olan sənət adamları yada düşür. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dünya Xalq Yaradıcılığı Təşkilatının üzvü, gənc modelyer Minarə Quliyeva da belə sənətçilərdəndir. 
   1985-ci ildə Bakıda anadan olub, 20 saylı orta məktəbi, 2006-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-2010-cu illərdə isə Rəssamlıq Akademiyasının modelyer-rəssamlıq fakültəsində təhsil alıb.
   

   - Minarə xanım, nədən filoloq peşəsini modelyer-rəssamlığa dəyişdiniz?
   - Düzü, bu sənətə - modelyer rəssamlığa marağım böyükdür. Çox kiçik yaşlarımdan ayrı-ayrı kuklalara, müxtəlif ölçülü məişət əşyalarına çeşidli parçalardan paltarlar tikərdim. Bunu valideynlərim də yaxşı bilirdi. Ancaq valideynlərim arzumun gerçəkləşməsinə mane oldular. Onlar məni müəllim görmək istəyirdilər. Nə edə bilərdim, sözlərindən çıxa bilmədim…
   - Arzunuzun gerçəkləşməsi və sənətə gəlişiniz necə oldu?
   - BDU-da qiyabi oxuyurdum. Ona görə də Yasamal rayonundakı A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində işə düzəldim. Keçiriləcək tədbirlərin ssenarisini yazırdım. Eyni zamanda, şəkil çəkər, tikmə toxuyar və bəzi xırda gəlincik paltarlar tikərdim. Rəsm dərnəyinin rəhbəri, dizayner-rəssam İradə Hüseynova bu işimi çox bəyəndi. Bildirdi ki, yaxşı əl qabiliyyətin var. Bu sənəti davam etdirmək lazımdır. İradə xanımın sözləri mənə ümid verdi və sənətə bir daha maraq yaratdı. Sonra onunla Rəssamlıq Akademiyasına getdik. Heykəltəraşlıq kafedrasının müəllimi Rasim Nəsirovla görüşdük. O da mənə bəzi məsləhətlər verdi. Mən də öz üzərimdə ciddi işləməyə başladım. 2006-cı ildə sənədlərimi Dövlət Rəssamlıq Akademiyasının modelyer-rəssamlıq fakültəsinə verdim və qəbul oldum. 2010-cu ildə təhsilimi müvəffəqiyyətlə başa vurdum. Geyim üzrə “modelyer-rəssam” ixtisası aldım.
   - Hələ tələbə ikən ölkəmizdə və xaricdə bir çox tədbirlərdə iştirak etmisiniz...
   - Bu sənətə çox bağlıyam. Yol gedəndə də, işdə də ancaq bu sənət haqqında fikirləşirəm. 2007-ci ilin martında Səttar Bəhlulzadə adına Sərgi salonunda “8 Mart - Beynəlxalq Qadınlar günü»nə həsr olunmuş sərgidə iştirak etdim. Bir il sonra - 2008-ci ilin aprelində Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Türkiyənin Eskişəhər, İstanbul, Mersin şəhərlərində keçirilən sərgilərdə iştirak etdim. Sərgidə rəsm əsərlərim və müxtəlif sahələr üzrə milli geyim kolleksiyam sərgiləndi. 2008-ci ilin avqustunda isə ABŞ-da keçirilən UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının üzvü olan gənclərin I konfransının iştirakçısı oldum, “XIX əsr Azərbaycanın milli geyimləri” mövzusunda məruzə etdim. Eyni zamanda, milli geyimlərimizi də nümayiş etdirdik. 2009-cu ilin iyulunda Bakıda “Milli geyimlər və müasir modada millilik” mövzusunda beynəlxalq simpoziumda iştirak etmişəm. “Müasir geyimlərdə milli ənənələr” mövzusunda (ingilis dilində ) məqaləm və geyimlərim Cənubi Koreyada nəşr olunan kataloqda yer alıb. Bu ilin martında isə Bakıda gənc modelyerlərin festivalında “Karvan” adlı kolleksiya ilə iştirak etdim. Bütün bunlar məni daha da əzmlə çalışmağa, maraqlı nə isə yaratmağa və yeni-yeni uğurlar qazanmağa sövq edir.
   - Təşkilatınızın yaranması zərurəti və perspektivdə duran layihələr barədə nə deyərdiniz?
   - 2009-cu ilin oktyabrında Azərbaycanda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı keçirilirdi. Festivala Dünya Xalq Yaradıcılığı Təşkilatının (DXYT) prezidenti Karmen Padilla da gəlmişdi. O, təklif etdi ki, bu təşkilatın bütün dünyada bölmələri var. Azərbaycanda nə üçün olmasın? Bundan sonra bu təşkilatın ictimai əsaslarla Azərbaycan bölməsini yaratdıq. Təşkilatımız hələlik Milli Azərbaycan Kulinariya Assosiasiyanın nəzdində fəaliyyət göstərir. Həm də bu təşkilatın binasında yerləşirik. İctimai əsaslarla 12 nəfər üzvümüz var. Bu il oktyabrın 21-27-də Çində DXYT-nin II qurultayı keçiriləcək. Qurultayda üç kolleksiyada 20-dək geyimlə iştirak edəcəyik: “XIX əsr Azərbaycan milli geyimləri”, “Memarlıq abidələrimizi əks etdirən geyimlər” və «Azərbaycan bayrağı geyimləri”. Bu geyimlər klassik musiqimizlə bağlıdır. Geyimlərin hər biri bir muğam dəstgahının ruhuna, nəfəsinə və adına uyğun yaradılmışdır. Bu işdə AMEA-nın Folklor İnstitutunun elmi işçisi Rafiq İmranlı bizə dəyərli məsləhətlər verib. Qurultaya üç aya yaxın vaxt var və ona çox ciddi hazırlaşırıq. Yeni-yeni layihələr üzərində işləyirik.
   
   Savalan Fərəcov