Mustafa Çəmənli barlı-bəhərli yazıçıdı. Yazdığı kitabların sayı da, sanbalı da ildən ilə artır...
Mustafa Çəmənli maraqlı yazıçıdı. Hansı janrda, hansı mövzuda yazırsa yazsın, oxunur...
Mustafa Çəmənli ürəkli yazıçıdı, yazdıqlarını ürəklə, sevə-sevə yazır...
Mustafa Çəmənli zamansız yazıçıdı. Yazdıqları faktdı, həqiqətdi, tarixdi...
Mustafa Çəmənli həm də taleli yazıçıdır, ədəbiyyatımıza 21 yaşında “Ləpirlər” hekayəsi ilə gəlib. 40 ilə yaxındır ki, onun ləpirləri ədəbiyyatımızda, publisistikamızda qeyri-adiliyi, yeniliyi ilə seçilir. Odur ki, qismətinə düşən yazıçı taleyini gileylənə-gileylənə yox, sevə-sevə yaşayır. Özü demişkən, yazıçılıq adama var-dövlət gətirmir, amma elə bilirsən ki, yazmasan bunları daha heç kim yazmayacaq...
Həmsöhbətimiz yazıçı-publisist Mustafa Çəmənlidir. Söhbətimizi kitablarının adı üzərində qurmağa çalışdım.
- “Mənim dünyamın adamları” ilk kitabınızdır. Sizin dünyanızda kimlər vardı?
- Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşam. Atamı çox erkən yaşımda itirmişəm. Babam Məhəmmədin himayəsində böyüyüb, onun tərbiyəsini almışam. Uşaq yaşlarımda atamın yoxluğunu dərk edib dünyanı daha tez tanımışam.
Təbiətin içində böyüdükcə təbiəti çox sevmişəm, sübh tezdən meşəyə qaçıb əncir ağacının başına dırmaşmışam, meşənin səsinə qulaq asmışam və sonralar bilmişəm ki, sən demə, dərdiyim o əncirlər, o narlar halalca malımız imiş. O bağ vaxtı ilə anamın dayısının olub. Şura hökuməti qurulanda Musa dayım kolxoza girmədiyinə görə sürgün olunub, gedib qayıtmayıb. Təəssüflər olsun ki, sonralar bu meşəni qırıb yerində pambıq əkdilər. Əlim heç yerə çatmasa da, “Meşə yeri” adlı bir hekayə yazdım.
Düzdü, evimizdə yazan-pozan yox idi, amma babam sənət adamlarına çox qayğı ilə yanaşırdı. O zaman deyirdilər ki, Şuşa Qafqazın konservatoriyasıdır, Ağdamın konservatoriyası isə Abdal-Gülablı kəndi idi. O kənddə çoxlu xanəndələr, aşıqlar, sənətkarlar yaşayırdı. O zaman dolanışıq çətin idi, amma babamın imkanları geniş olduğundan daima evimizdə çal-çağır olardı. Mən də uşaq marağı ilə bunlara qulaq asardım. Bəlkə də babamın himayəsində yaşadığıma görə idi, lap kiçik yaşlarımdan uşaqlara qoşulub oynamaqdansa, yaşlı kişilərin söhbətinə qulaq asardım. Onların danışdıqları mənə nağıl kimi gələrdi, amma böyüyəndə bildim ki, bunlar nağıl deyil, bunlar 30-cu, 37-ci illərin real hadisələridir.
“Mənim dünyamın adamları” ilk kitabım oldu.
O, səsləri axtardı və tapdı
- Dünyada çoxlu itirilmiş səslər var. Necə oldu ki, “İtirilmiş səslər”i axtarıb tapmaq qərarına gəldiniz?
- Unudulmuş insanları axtarıb, arayıb radioya verilişlər hazırlayırdım, bir dəfə radioda gördüm ki, beli bükülmüş bir xanım koridorda o yan, bu yana gedir. Dedilər ki, bu adam deyir ki, mən vaxtı ilə müğənni olmuşam, müharibəyə gedəndən sonra səsimi itirmişəm. Onunla tanış oldum, məlum oldu ki, onun dedikləri həqiqətdir, bu xanım Bikə Səmədzadədir. Onun adına dövrü mətbuatda rast gəlmişdim. “Yadigar səslər” adlı bir veriliş hazırladım, Bikə Səmədzadə o verilişdə həm də Üzeyir Hacıbəyovun oxunmayan mahnılarını oxudu. Sonra bu hadisə əsasında “İtirilmiş səs” adlı hekayə yazdım. İkinci kitabım belə yarandı.
- Həm də o qənaətdəsiniz ki, “Səs qərib olmur”.
- “Səs qərib olmur” bədii əsərim olsa da, həm də sənədli hekayədir, mayasında real həyat hadisələri dayanır. Bu kitabda povestlərimlə yanaşı, 21 nəfər sənətkar haqqında portret oçerklərim çap olunub. Kitabın adına gəldikdə isə Əhsən Dadaşov haqqında bir yazı oxumuşdum, o deyirdi ki, tarın nəyə qadir olduğunu 1961-ci ildə İstanbulda qastrolda olarkən bilib. Səhnəyə çıxıb “Rast” ifa edərkən birdən görüb ki, çox yaşlı bir kişi salonda oxuyur. Konsertdən sonra o kişini axtarıb tapıb. Məlum olub ki, vaxtı ilə Azərbaycanı tərk etmiş, bizim xanəndəmiz Məşədi Məmməd Fərzəliyevdir. Bu hadisə o zaman mənə o qədər təsir elədi ki, “Səs qərib olmur” kitabını yazdım...
- Xatirələr hərəsi bir ovqatda, bir rəngdə, bir səsdə olur. Amma “Nəğməli xatirələr”in özgə ovqatı var.
- Bir dəfə rəhmətlik Yavər Kələntərlini danışdırmaq eşqinə düşdüm. O vaxtlar diktofon yox idi, bu söhbətin xətrinə maqnitofon alası oldum. Yavər Kələntərli o qədər söhbətcil, rəvan danışan bir insan idi ki, iki gün onunla söhbət edim. Mənə hər şey danışırdı, amma o zaman hər şeyi yazmaq olmazdı.
Yazını hazırlayıb “Sovet kəndi” qəzetinə verdim. Bu yazını o qədər ləngitdilər ki, bir ildən sonra Yavər xanım dünyasını dəyişdi. “Nəğməli xatirələr” adlı böyük bir yazı hazırlayıb “Azərbaycan” jurnalına verdim. Sonra “Nəğməli xatirələr” kitabım çap olundu.
Əvvəli və sonu olmayan roman
- Muğam sənətinin bəyi, sultanı çox olsa da, siz “Muğam dünyasının Xanı”ndan yazdınız...
- Xan əmi uşaqlığımın, gəncliyimin xanəndəsi idi. Gözümü açandan onun barəsində rəvayətlər, əfsanələr, nağılabənzər söhbətlər eşitməmişəm. Xan əminin “Şur”una, “Rast”ına patefon vallarında qulaq asmışam. Tələbə olarkən filarmoniyaya gedərdim, görərdim ki, xanəndələr Xan əminin başına yığışıb, mən ona heyranlıqla baxardım, amma yaxınlaşmağa cürət eləməzdim. Sonra elə oldu ki, onunla tanış olduq, 75 yaşı olanda evində onun səsinə qulaq asdım. Bir dəfə dedim ki, Xan əmi, niyə indi filarmoniyada oxumursunuz? Dedi ki, mən Xanam, bir dəfə mənim səsimi eşitdikləri kimi eşitməsələr, mən bunu özümə bağışlamaram. Xan əmi səsinə və şəxsiyyətinə hörmət edən sənətkar idi. Xan əmidən kitab yazarkən onunla çiyin-çiyinə işləyən, Xan əminin tələbəsi olan, onu yaxından tanıyan insanların xatirələrini topladım, üstəlik bunların hər biri haqqında ensiklopedik məlumat yazdım. Özüm də Xan əminin evində olanda Xan əmi “Şur” dərsi keçmişdi, xatirə hekayə yazdım, adını da - “Şur dərsi” qoydum. Hörmətli tənqidçimiz Vaqif Yusifli bu kitabı əvvəli və sonu olmayan roman adlandırmışdı.
Doğma səslər
- O zaman səs səs olur ki, “Səsin ruhu” olur.
- Bir nəfər təəccüblə soruşdu ki, doğrudanmı səsin ruhu olur? Mən onu başa sala bilmədim ki, gecənin bir yarısı Səxavət Məmmədovun səsinə qulaq asıb , onu məclisdə gözümün qabağına gətirirsən, görürsən ki, ona qulaq asan var, heyranlıqla o səsi udan var, o səsdən ayrılmaq istəməyən var, o zaman səsin ruhu olduğuna inanmaya bilmirsən.
- “Oxu gözəl...”in də öz tarixçəsi var...
- Şövkət xanımdan yazdığım birinci kitab sağlığında çap olundu. Bu kitabda Şövkət xanımın dövrünü - 37-ci ildən ta sağlığına qədər olan dövrü əhatə etmişdim. Ancaq bu kitabı “Oxu gözəl...” adı ilə çap olmağa qoymadılar. “Oxu gözəl...” mahnısının sözləri Səməd Vurğunun, musiqisi Səid Rüstəmovundur. İlk dəfə də Şövkət xanım bu mahnını Səməd Vurğunun yubiley gecəsində oxuyub. Halbuki Səməd Vurğun xəstə olduğu üçün o gecədə iştirak edə bilməyib. Şövkət xanım bu hadisəni mənə təsirli danışmışdı deyə, mən də təsirli yazmışdım. Kitabın adı isə “Şövkət Ələkbərova” oldu.
Vaxt gəldi mərhum prezidentimiz Heydər Əliyev fərman verdi ki, Şövkət xanımın yubileyi keçirilsin və onun barəsində kitab hazırlansın. O kitabı təkrar hazırladım, xatirələr əlavə elədim və kitab “Oxu gözəl...” adı ilə çap olundu.
- Səhv etmirəmsə, “Sənətkar ömrünün izləri” itmir.
- Elədi, gəncliyimdə opera sənətində çalışan sənətkarlardan yazmaq istəyirdim. Xanlar Haqverdiyev adına çox rast gəldim, Bəhram Mənsurova zəng edib belə bir adamın olub-olmadığını soruşdum. Dedi ki, bu adam sağdır. O adamla görüşüb taleyini yazdım. Məlum oldu ki, bu adam bəy nəslindəndi, onu çox incidiblər, 1938-ci ildə Aşqabada gedib, orada fəaliyyət göstərən Dövlət Opera və Dram Teatrında çalışıb, operalarımızın baş rollarını ifa edib, ən böyük uğurlarından biri isə Koroğlu rolunu ifa etməsi olub. 1939-cu ildə SSRİ üzrə 11 nəfərə Əməkdar artist adı veriblər ki, onlardan biri də Xanlar Haqverdiyev olub. “Sənətkar ömrünün izləri” bu mənada itmir.
- “Leyli və Məcnun” 100 il səhnədə” böyük bir əməyin ürəkaçan nəticəsidir. Yüz ili bir kitaba sığışdırmaq yəqin ki, asan olmadı.
- 2008-ci ildə “Leyli və Məcnun”un 100 illiyi olacaqdı. Ona görə də 2006-cı ildən başlayaraq iki il sərasər o işlə məşğul oldum, arxivləri arayıb-axtardım, “Leyli və Məcnun 100 il səhnədə” kitabını yazdım. Bu kitab sənədli-bədii ensiklopediyadır. Bu kitab üçün arxivlərdən, evlərdən 500-ə yaxın şəkil toplamışdım, kitaba 345 şəkil salındı. Kitabın çapına göstərdiyi köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Çünki bu kitab mənim 30 illik zəhmətimin bəhrəsidir.
- Siz eyni zamanda “Burdan bir atlı keçdi”, “Fred Asif”, “Mən olmayanda dostum ol”, “Ruhların üsyanı” kimi dəyərli kitabların və adını çəkmədiyimiz neçə-neçə kitabların müəllifisiniz. Ancaq qəsdən 40 yaşında yazdığınız və şah əsəriniz sayılan “Xallı gürzə” tarixi romanınızı sona saxladım. “Xallı gürzə” sevilən bir roman oldu...
- Bu kitab XVIII əsrin tarixi şəxsiyyətlərindən olan Pənah xandan bəhs edir. Qələmə aldığım bu kitabda faktlara, hətta hər sözə, ifadəyə olduqca diqqətlə, ehtiyatla yanaşmışam.
Mustafa Çəmənli üzərinə düşən missiyanı heç bir təmənna güdmədən, qapılar döymədən, böyük işlər görmüşəm, demədən daşıyır. Fakt isə fakt olaraq qalır: Mustafa Çəmənli 40 ilə yaxındır ki, mədəniyyətimiz, incəsənətimiz yolunda qələm çalır.
Təranə Məmmədova