Məmməd Səfa: “Heç bir aktyorun ixtiyarı yoxdur ki, hazırlaşmamış, düşünməmiş, rolunu içində yetişdirməmiş tamaşaçıya təqdim etsin”
Arzularının dalınca çox qaçdı. Hamı kimi. Allaha şükür, arzu da tükənmir ki... Arzuları kimi sonra rollarının dalınca qaçdı... “Yuğ” teatrında dayandı. “Yuğ” yenilikdir, yeni ruhdur, onun da ruhu burda rahatlıq tapdı. Yeni tamaşalarda yeni rollar yaratdı. Rollar da arzular kimidir, bir, beş, on... Yenə azdı... Sonra qaçıb kino qatarına çatdı. Kino sürət qatarı kimidir: daima hərəkətdədir, o qatarın pəncərəsindən bir kadra yalnız bir dəfə baxmaq olur... Nə olsun ki, belədir, xoşdur. Sonra ali məktəb auditoriyası, aktyor sənətindən dərslər... Dərs başa çatanda, gözü divardakı təqvimə sataşdı, təqvimə tərəf qaçdı. Təqvimin vərəqləri qaçdı. Gün, ay, il... başa düşdü ki, 50-dən də qaçıb...
Sənətə və sənətinə olan sonsuz sevgisi onu başqalarından fərqləndirdi...
Sənət sevgisi onu yeni axtarışlara sövq etdi...
Teatrda teatrı, kinoda kinonu, ümumilikdə sənəti düşündü...
Əslində rolları axtarmadı, rollar onu tapdı...
Ən çətin məqamlarda, ən çətin anlarda sənətindən bezmədi...
Oynadığı rollar yadda qaldı...
Müsahibimiz teatrda və kinoda maraqlı, yaddaqalan rollar yaradan, mənfi rolların ən yaxşı ifaçılarından biri kimi böyük tamaşaçı rəğbəti qazanan, 50 illik yubileyini hay-küysüz yola salıb, yaşadığı ömrü Allahın hədiyyəsi sayan Əməkdar artist, Dövlət Yuğ Teatrının aktyoru Məmməd Səfadır.
- Aktyor Məmməd Səfa əslində kimdir?
- Məmməd Səfa adi, aktyor iddiasında olan bir insandır, əgər ola bilsə. Səmimi deyirəm, aktyorluq çətin bir sənətdir, çox istərdim ki, bu peşənin həqiqətən sahibi olum, bu sənətə yiyələnə bilim.
- Sizin bu etirafınızı 25 il sənətdə olan və əsil sənətkar olmaq istəyən bir aktyorun səmimiyyəti kimi qəbul edirik, ancaq harada dünyaya gəlməyiniz, hansı mühitdə böyüməyiniz, niyə məhz bu sənəti seçməyiniz də bizim üçün maraqlıdır...
- Dəvəçi rayonunda, indiki Şabranda doğulub boya-başa çatmışam, orta məktəbi də orada qurtarmışam. Dəqiq elmlərdə bir az zəif olsam da, qalan bütün fənləri dəli kimi sevmişəm. Xüsusilə tarixi. Müəllimlərim elə bilirdilər ki, tarixçi olacağam.
- Amma siz heç kimin gözləmədiyi bir addım atdınız.
- Sənədlərimi İncəsənət İnstitutunun teatr və kino aktyorluğu fakültəsinə verdim. Qabiliyyət imtahanını Adil İsgəndərov götürürdü. Yadımdadır, Adil müəllim gözlərini yumub qulaq asırdı. Mənə qiymət yazacaqlarını gözləmirdim, ancaq üç yazdılar. O biri imtahanları versəm də, müsabiqədən keçə bilmədim. Allah bilir, həmin müddətdə nələr yaşadım. Vaxt itirmədən sənədlərimi Bakı Mədəni-Maarif Texnikumuna verdim. Orada da aktyorluqla bağlı fakültə vardı. Qəbul olundum. Aktyor sənətindən ilk müəllimim Əfrasiyab Məmmədov oldu. Oranı fərqlənmə diplomu ilə bitirib, 1980-ci ildə yenidən sənədlərimi İncəsənət İnstitutuna verdim. Qabiliyyət imtahanını Mehdi Məmmədov götürürdü. İki beş, bir dörd alıb, axır ki, arzusunda olduğum fakültəyə qəbul oldum.
İnstitutu qurtaran gündən isə Vaqif İbrahimoğlu ilə bir yerdə işləyirəm və hesab edirəm ki, Vaqif müəllim bu sənətdə əsas müəllimlərimdən biridir. O vaxtlar Vaqif müəllim yeni teatr açmaq istəyirdi, özü də Musiqili Komediya Teatrında baş rejissor işləyirdi. Biz tez-tez oraya yığışırdıq. Bir müddətdən sonra Həsənağa Turabov Akademik Milli Dram Teatrının nəzdində bir studiya yaratdı, bir müddət orda fəaliyyət göstərdik. Nəhayət, 1991-ci ildə “Yuğ” teatrı dövlət statusu aldı, teatrımızın öz binası oldu. Teatrımızın tamaşaçı zalı 50 nəfərlik olsa da, hüdudları çox genişdir. Orada bir-birindən gözəl, layiqli insanlar çalışır. Nə yaxşı bu gün Vaqif müəllim, nə yaxşı “Yuğ” teatrı var.
“Yuğ teatrı iri plandır
- Bir aktyor kimi özünüzü “Yuğ” teatrında tapa bildinizmi?
- İnsan ömrü boyu özünü axtarır, tapır, tapmır bunu Allah bilir. Ancaq onu bilirəm ki, “Yuğ” teatrı elə bir məkandır ki, o məkansız mən özümü heç cür təsəvvür edə bilmirəm. Hesab edirəm ki, bu teatr ömrümün bir hissəsidir. O ki, qaldı bir aktyor kimi bu teatrda özümü tapmağıma, ümumiyyətlə bu sənət o qədər çətin bir sənətdir ki, çalışıram ki, bu çətinliyin içində özümü tapım.
- Bəs “Yuğ” teatrı sizin üçün nədir?
- Mənə elə gəlir ki, “Yuğ” teatrı həm də kinodur, iri plandır. Üz-üzə, göz-gözə tamaşaçı ilə işləmək həm çətindir, həm məsuliyyətlidir. Çünki “Yuğ” teatrı səni yalan danışmağa qoymur, imkan vermir ki, sən bir aktyor kimi özünü yalan üstündə formalaşdırasan. “Yuğ” teatrı səndən həssaslıq istəyir, həqiqəti tələb edir. Bu mənim üçün çox qiymətlidir. Təsadüfən demədim, “Yuğ” teatrı kinodur. Kinoda iri planda işləmək zərgər dəqiqliyi istəyir. “Yuğ” teatrı da iri plandır. İri planda hara dönürsən dön, tamaşaçıdan qaçmaq mümkün deyil. Aktyorun inkişafında, özünü tapmasında, təsdiq etməsində, nələrisə əldə etməsində belə bir məkanın özü qiymətlidir.
- İstərdim ki, bu qiymətli məkanda yaratdığınız obrazlardan söz açasınız.
- İndiyə kimi “Yuğ” teatrında 60-dan çox tamaşamız olub. Əksər tamaşalarda iştirak etmişəm. “Səma” adlı ilk tamaşamız Şah İsmayıl Xətai ilə bağlı idi və o tamaşada Şah İsmayıl rolunda oynamışam, “Dədə Qorqud”un “Bamsı Beyrək boyu”nda , Nizaminin “Xəmsə”sində, Şekspirin “Otello”sunda və əksər tamaşalarda iştirak etmişəm. Son vaxtlar isə teatrımızda Füzulinin qəzəlləri əsasında 8 silsilə tamaşa hazırlanıb, ən sonuncu işimiz isə “Kafkadan salam” tamaşasıdır. İnanın, heç vaxt arzusunda olmamışam ki, filan rolu oynayım. Bütün oynadığım rollar özü gəlib məni tapıb və mənə elə gəlir ki, oynadığım rolları özümünküləşdirə bilmişəm.
Mənim üçün mənfi, müsbət rol yoxdur
- Son illər kinoda da bir-birindən maraqlı rollar yaratmısız. İlk dəfə hansı filmə çəkildiniz?
- Kinoda ilk işim Tofiq Tağızadənin 1994-cü ildə çəkdiyi “Köpək” filmi olub. Filmdə baş rola çəkilmişəm. Ailəsini sevən, bu yolda özünü oda-közə vuran müsbət bir roldur. Təəssüf ki, bu film bugünədək ekranlara çıxmayıb.
Bu filmdən sonra Gülbəniz Əzimzadənin “Ümid”, Oqtay Mirqasımovun “Ovsunçu”, Ramiz Həsənoğlunun “Cavid ömrü”, Oqtay Mirqasımovun “Günaydın, mələyim”, Ramiz Fətəliyevin “Hökmdarın taleyi” filmlərinə çəkilmişəm. “Nərimanfilm” studiyasında İlqar Safatın çəkdiyi “Sahə” filmində çəkilmişəm. Bu da maraqlı, qeyri-ənənəvi bir filmdir. Son işimiz isə Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya” filmidir ki, filmdə son montaj işləri aparılır.
- Mənfi obraz yaratmaq, o qədər də asan deyil. “Ovsunçu”, “Cavid ömrü” filmlərində yaratdığınız obrazlar bu baxımdan yaddaqalan obrazlardır.
- Mənim üçün mənfi-müsbət obraz yoxdur, sadəcə insanın yaşam şərtləri var. Bu insan belə yaşayır, bu insanın xisləti belədir. Sən də rolda o insan olmalısan. Əgər bunu bacarırsansa, obrazı özününküləşdirə bilirsənsə, o rol alınacaq.
- Teatr və kino. Bir-birinə yaxın və bir-birindən fərqli sənət. Siz hansı fərqləri görə bildiniz?
- Bu mənada “Yuğ” teatrı mənim üçün kinoya gözəl bir keçid oldu. İstər kino olsun, istər teatr olsun, hər bir aktyorun öz iş prinsipi, özünü rola kökləməsi, işə hazırlaşması var. Fərqə qaldıqda hər sənətin özünəməxsus, spesifik xüsusiyyətləri, incəlikləri var. Teatr canlı ünsiyyətdir, kinonun auditoriyası isə daha böyükdür. Ona görə də aktyorun boynuna çox böyük məsuliyyət düşür. Heç bir aktyorun ixtiyarı yoxdur ki, hazırlaşmamış, düşünməmiş, rolunu içində yetişdirməmiş tamaşaçıya təqdim etsin. Bu gün bizim elə istedadlı aktyorlarımız var ki... Çox istərdim elə şərait yaransın ki, onlar özlərini dünya səviyyəsində təsdiqləyə bilsinlər.
- Bayaq qeyd etdiniz ki, tarix fənnini çox sevmisiz. Əslində sizin oynadığınız, yaratdığınız rollar da bir tarixdir.
- Doğrudan da tarixdir. İstəsən də o anlara təkrar qayıda bilməzsən. Sadəcə yaşadığın həmin anları bir tamaşaçı kimi seyr edə bilərsən. Ona görə də hər bir aktyor işinə elə məsuliyyətlə yanaşmalıdır ki, sabah oynadığı rola baxıb təəssüflənməsin.
- Eyni zamanda İncəsənət Universitetində müəllimsiniz.
- Səkkiz il Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasında işləmişəm, hazırda aktyor sənəti kafedrasının müəllimiyəm. Müəllim adını daşımaq, bu yükün altına girmək böyük məsuliyyətdir. Çalışıram ki, üzərimə düşən işin öhdəsindən layiqincə gələ bilim.
- Aktyor üçün gözəl danışıq əsas şərtlərdən biridir. Sizi tez-tez dublyaja dəvət edirlər, bədii qiraətlə də məşğul olursunuz. Söz sizin üçün nədir?
- Sözlə işləmək asan məsələ deyil, mənə elə gəlir ki, bu ayrıca elmdir. Məsələn, şeir kiçik bir tablodur. Bu tablo sözlərdən hörülmüş həyatdır, səslər var, rənglər var, hisslər var. Sözü nə qədər hiss etməlisən ki, onu olduğu kimi qarşındakına çatdıra biləsən. Bunun üçün hər sözə həssaslıqla və məsuliyyətlə yanaşmaq lazımdır.
- Həyat bir marafondur. Siz hara doğru qaçırsınız?
- Hara qaçırsan-qaç, müəyyən bir vaxt, müəyyən bir qədər var, ondan o tərəfə gedə bilməzsən. Mənə elə gəlir ki, 50 il Allahın mənə verdiyi gözəl bir hədiyyədir. Əminəm ki, bu 50 ili normal yaşamışam və normadan kənara çıxmamışam. Ona görə də, bu hədiyyənin qiymətini bilmək lazımdır.
Təranə Vahid