Hacıəmi Atakişiyev: “Əmtəəni xarici bazarlara çıxarmaq üçün həm milli, həm də beynəlmiləl tərtibat üslubu seçilməlidir”
Martın 29-30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Reklamçılar İttifaqının birgə təşkilatçılığı ilə “Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. “Hilton” hotelində baş tutacaq tədbirdə azərbaycanlı reklam mütəxəssisləri ilə yanaşı, əcnəbi ekspertlər də iştirak edəcəklər.
Mövzu ilə bağlı müsahibimiz Azərbaycan Reklamçılar İttifaqının prezidenti, professor Hacıəmi Atakişiyevdir.
- Ölkəmizdə ilk dəfə reklamla bağlı keçirilən beynəlxalq konfransın əhəmiyyətini necə qiymətləndirirsiniz? Konfransda hansı məsələlər müzakirə olunacaq?
- Azərbaycan dünyaya iqtisadı inkişafı ilə yanaşı, mədəniyyəti ilə də böyük töhfələr verən bir ölkədir. Mədəniyyətlərin dialoqunda öz dəyərlərinə sahib çıxmaq və minilliklər boyu cilalanan dəyərləri marketinq və reklam vasitələri ilə dünyaya çatdırmaq bu sahədə çalışan mütəxəssislərimizin ən ümdə vəzifəsi olmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə kifayət qədər uğurları var. Nazirliyin təşkilatçılığı ilə Bakıda şəhər mədəniyyəti, turizm və reklam sahəsini əhatə edən "Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış" adlı konfransın keçirilməsi də buna bariz nümunədir. Beynəlxalq konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyət və dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bakı ilk dəfədir ki, qloballaşan dünyada marketinq və reklam mütəxəssislərini bir araya toplayır. "Millidən qlobala, qlobaldan milliyə" şüarı ilə təşkil olunan konfransda azərbaycanlı reklam mütəxəssisləri ilə yanaşı, Türkiyə, İngiltərə, İsveç, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan və digər ölkələrin reklam sahəsində böyük təcrübəyə malik, görkəmli alim və mütəxəssislərinin iştirakı gözlənilir. Konfransa ümumilikdə dünyanın 20-dək ölkəsindən qonaqlar dəvət edilib. Qonaqlar arasında MDB ölkələri üzrə koordinasiyanın reklam şurasının direktoru Sergey Pilatov, Cənubi Afrika Respublikası Pretoriya Universitetinin turizm menecmenti kafedrasının professoru Ernie Heath, Türkiyənin Akdeniz Universitetinin professoru Ahmet Akdaş, CNN-in Birləşmiş Ərəb Əmirliyi nümayəndəliyinin direktoru Əhməd Seyid İmran və başqa tanınmış şəxslər var.
Beynəlxalq tədbirdə “Azərbaycanda turizm biznesi”, “Beynəlxalq turizmə baxış”, “KİV-lərdə reklam işi”, “Azərbaycanda sahələr üzrə reklamın potensialı, reallığı və perspektivləri”, “Mədəni dəyərlərin təbliğində reklamın rolu”, “Müasir reklam bazarının aktual problemləri” və digər bu kimi maraq doğuran mövzularda məruzələr dinləniləcək, tanıtım çarxları nümayiş olunacaq. Konfransın yekunlarına dair qətnamə qəbul olunacaq. Tədbirdə əcnəbi mütəxəssislərin iştirakı ilə “master-klasslar” da keçiriləcək. Düşünürəm ki, bu konfrans uğurlu bir layihə kimi yadda qalacaq.
- Ölkəmizdə reklam sahəsində mövcud vəziyyət barədə nə deyə bilərsiniz?
- İqtisadiyyatın inkişafı, əmtəə-məhsul çeşidlərinin artması istehsalçıları bazarda rəqabətə məcbur edir və yeni istehsal olunan brendin reklamına böyük ehtiyac yaranır. Reklam bazarında yeni imicin artması istehsalçılar arasında marketinq, reklam sahəsinin inkişaf etdirilməsi vacib məsələlərdən biridir. Ona görə də reklam bazarını inkişaf etdirmək üçün bacarıqlı kadrlara ehtiyac var. Bunu nəzərə alaraq Azərbaycanda dünya praktikasına əsaslanan Reklam-Marketinq Akademiyasının təsis edilməsi məqsədəuyğun olardı. Bu təsisat marketinq və reklam bazarının inkişafına töhfə verə bilər. Bu kimi problemləri həll etməklə Azərbaycanın reklam bazarının və bazar iqtisadiyyatının inkişafına təsir göstərmək olar. Nəzərə alsaq ki, reklam mədəniyyətin bir qoludur, bunun da inkişaf etdirilməsi Azərbaycanın reklam qanunvericiliyi ilə tənzimlənməlidir.
- Azərbaycanda əmtəəni xarici bazara çıxarmaq üçün reklam sahəsində hansı amillərə diqqət vermək lazımdır?
- Azərbaycanda istehsal olunan reklamların qrafik-dizayn baxımdan tədrisi və reklam bazarına çıxarılan məhsulların imicinin formalaşması əsasən ictimaiyyətlə əlaqələr, marketinq və reklam işi ilə bağlıdır. Reklam bazarında brendin hərəkəti, əsasən reklamverici (istehsalçı), reklam agentliyi, reklam istehsalçısı və reklamın yayıcısı tərəfindən təşkil olunur. Brendin istehlakçıya satışında dünya standartlarına uyğun bazar axtarışı, məhsulun satışı üçün hansı sektor və seqmentin seçilməsi aktual məsələlərdir. Düşünürəm ki, Azərbaycanda əmtəəni xarici bazarlara çıxarmaq üçün həm milli, həm də beynəlmiləl tərtibat üslubu seçilməlidir. Bu da məhsulun reklam dizaynında böyük rol oynayar.
Ceyhun Zərbəliyev