Seyit Ahmet Arslan: “Türkiyədə Azərbaycanın səsi nə qədər gur eşidilərsə, bu bizi də xoşbəxt edər”
   
   Seyit Ahmet Arslan Türkiyənin ölkəmizdəki səfirliyinin yeni mədəniyyət və tanıtım müşaviridir. Azərbaycana gələnə qədər dünyanın bir çox ölkələrində eyni vəzifəni yerinə yetirib. Dediyinə görə, Azərbaycana öz istəyi ilə gəlib. Onunla söhbətimizdə Azərbaycan-Türkiyə mədəni əlaqələrinə və gələcək perspektivlərinə nəzər saldıq.
   
   - Ahmet bəy, necə oldu ki, mədəniyyət və tanıtım müşaviri kimi çalışmaq üçün Azərbaycanı seçdiniz?
   - 90-cı illərdən Türkiyə Mədəniyyət və Turizm Nazirliyində çalışıram. Yaxın Şərqdə - Suriyada, Səudiyyə Ərəbistanında mədəniyyət və tanıtım müşaviri işləmişəm. 2006-cı ildə Ankaraya, nazirliyə gəldim və tanıtım baş idarəsində şöbə müdiri vəzifəsini icra etdim. Sonra Azərbaycanda mədəniyyət və tanıtma müşaviri kimi çalışmaq istədiyimi bildirdim. Nazir bunu müsbət qarşıladı və beləcə, Azərbaycana təyinat aldım. Bu ilin yanvarında Bakıya gələrək fəaliyyətə başladım. Şadam ki, sevdiyim bir işi qardaş ölkədə yerinə yetirəcəyəm.
   Onu da bildirim ki, bu, Azərbaycana ilk gəlişim deyil. Hər dəfə buraya gələndə Azərbaycanı doğma bir yer kimi sevmişəm. Azərbaycanın mənim qəlbimdə ayrıca yeri var. Ölkələrimiz arasında qardaşlığın möhkəmlənməsinə töhfə verməyə çalışan bir insan kimi daşıdığım vəzifənin məsuliyyətini dərindən dərk edirəm. Böyük öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözü bunun ən parlaq ifadəsidir. Bu üzdən Azərbaycanda və ya Türkiyədə çalışmağın mənim üçün bir fərqi yoxdur. Burda da özümü Türkiyədəki kimi hiss edirəm. Kaş iki vətəndaşlığı birdən almaq imkanı olaydı. Mən də hər iki ölkənin vətəndaşı olmaqdan qürur duyardım. Zatən ortaq dilimiz, mədəniyyətimiz bizi özümüzü eyni ölkənin vətəndaşı hiss etmək imkanı verir.
   - Mədəniyyətdən söz düşmüşkən, ölkələrimiz arasında bu sahədə əlaqələrin mövcud səviyyəsini necə görürsünüz? Ümumiyyətlə, «mədəniyyət» məfhumu bizi nə dərəcədə yaxınlaşdırır?
   - Mədəniyyət ən böyük dostluq körpüsüdür. Bu körpünü hər ötən gün gücləndirmək lazımdır. Təbii ki, üzərimizə düşən bu vəzifəni reallaşdırarkən mövcud olanlarla kifayətlənmək deyil, daha çox iş görmək niyyətindəyik. Çünki heç bir zaman «bu yetərlidir» deməyə haqqımız yoxdur. Bacardığımız qədər iki ölkə arasında xüsusilə, mədəniyyət, sənət, turizm sahəsində əlaqələri genişləndirməliyik. Onsuz da insan mədəniyyətlə iç-içədir. İnsan bu məfhumla digər canlılardan fərqli ayrı bir özəlliyə, şəxsiyyət kimliyinə qovuşur. Onu digər canlılardan ayıran xüsusiyyəti mədəniyyətidir. İnsanın nə qədər çox mədəniyyəti olarsa, həm özünə, həm ailəsinə, həm millətinə o qədər çox faydalı olur. Siz mədəni insandan o qədər çox zərər görməzsiniz. Başımıza həm mədəniyyətsiz, həm cahil, həm də səviyyəsizdən bəla gələr. İki qardaş ölkəni yaxınlaşdıran o qədər dəyərlər var ki, onları, sadəcə, daha geniş təbliğ etmək, öyrənmək, yaymaq lazımdır.
   - Məlumdur ki, bir xalqın mədəniyyətini digər xalqa tanıtdırmaq, qarşılıqlı işbirliyinin yolu həm də mübadilədən keçir. Maraqlıdır, ölkələrimiz arasında mədəni əməkdaşlıqda hansısa sahələrdə boşluq görürsünüz?
   - Sənət, mədəniyyət qurumları arasında işbirliyini daha da genişləndirmək lazımdır. Əgər belə bir qarşılıqlı işbirliyi olarsa, həm də Azərbaycan öz mədəniyyətini dünyada tanıtmış olar. Çünki Türkiyə Avropaya, dünyaya daha çox açıla bilir. Bu da Türkiyənin çox qədimlərə dayanan bilgi və təcrübələrindən qaynaqlanan bir özəlliyidir. Bir sözlə, əgər Azərbaycan-Türkiyə birliyi, qardaşlığı, bərabərliyi mədəniyyət və sənətçilərlə də əl-ələ, qol-qola olarsa, bu, dünyaya daha güclü bir səsin çıxmasını təmin edəcək. Onun üçün mədəniyyət, sənət qurumları arasında daha çox tanışlığın, əlaqələrin və işbirliyinin qurulmasının vacibliyinə inanıram. Məsələn, Şəkidə beynəlxalq musiqi festivalının keçirilməsi gözlənilir. Bu festivala Türkiyədən bir musiqi qrupunun gətirilməsini istərdik. Ümumiyyətlə, Azərbaycanda gerçəkləşən mədəni tədbirlərə Türkiyədən mədəniyyət, sənət qurumlarının gətirilməsinə çox önəm veririk və bunun üçün çalışırıq. Eyni zamanda Türkiyədə keçirilən tədbirlərə də azərbaycanlı sənətçilərin daha geniş şəkildə qatılmasını istərdik. Türkiyədə Azərbaycanın səsi nə qədər gur eşidilərsə, bu bizi də xoşbəxt edər. Mədəniyyət, sənət qurumları arasında əlaqələr çox genişlənərsə, xalqlarımız da bir-birinə çox yaxınlaşar. Əgər geniş kütlələrlə rahat anlaşmaq istəyirsinizsə, mədəniyyətə laqeyd yanaşa bilməzsiniz. Mədəniyyətin belə bir gözəl düzəni var: savaş, döyüş anı daxil olmaqla millətlər arasında mədəniyyət tədbirləri davam edib. Digər tərəfdən, mədəni əlaqələrin inkişafı sayəsində Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarından doğan əlaqələr daha yetkin və daha da qüvvətli hala gəlməlidir.
   - Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri olaraq yaxın gələcəkdə hansı birgə layihələri reallaşdırmağı düşünürsünüz?
   - Bir çox layihələri gerçəkləşdirməyi planlaşdırırıq. Lakin bunlara zaman lazımdır. Qısa vaxt içərisində bəzi tədbirlər keçirdik. Məsələn, turizm sahəsində qarşılıqlı tədbirləri, turizm təhsil proqramını gerçəkləşdirdik. Bir qədər əvvəl Bakıda keçirilən “AİTF-2012” beynəlxalq turizm və səyahətlər sərgisində Türkiyə tərəfdaş ölkə kimi çıxış edirdi. Türkiyənin turizmdəki bilgi və nailiyyətlərinin burada nümayişindən məmnun olduq. Onun üçün də deyirəm ki, aramızda ciddi işbirliyi, dialoq var və bunun daha da qüvvətli, sağlam olmasını istəyirik. Gələcək planlarımıza mədəniyyət həftələri, məsələn, kino həftələri keçirmək, teatr sahəsində də bir sıra işlər görmək daxildir. Hətta bunların qarşılıqlı işbirliyi şəklinə gətirilməsini planlaşdırırıq. Turizmə gəlincə, yenə də bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə qarşılıqlı proqram həyata keçirmək istəyirik.
   Məsələn, yaxın vaxtlarda Bakıda Türkiyə kinosu həftəsi keçirməyi planlaşdırırıq.
   - Maraqlıdır, kino həftəsində nümayiş etdiriləcək türk filmlərinin seçimində hansı meyarlara üstünlük veriləcək?
   - Mən mədəniyyət və tanıtım müşaviri olaraq bakılıların çox maraq, sevgi ilə izləyəcəkləri filmi seçməyə təşəbbüs göstərəcəyəm. Yəni sıradan hər filmi də deyil, hər iki toplumun da üzərində dayandığı, ilgi duyduğu filmləri seçəcəyik.
   Bu mənada gözəl filmlərimiz var. Məsələn, elə götürək Şener Şen və Meltem Cumbulun çəkildikləri «Bir könül yarası» filmini. Mən həmin filmin Bakı tamaşaçıları tərəfindən böyük maraq və diqqətlə qəbul ediləcəyini düşünürəm. Bir sözlə, Bakıda keçiriləcək Türkiyə filmləri həftəsi çərçivəsində ən yaxşı ekran əsərlərini nümayiş etdirəcəyik.
   - Qarşılıqlı mədəni əməkdaşlıq çərçivəsində müştərək kino çəkilişləri ilə bağlı nə deyə bilərsiniz?
   - Film sektoru fərqli bir sahədir. İndi «Müştərək filmlər çəkə bilərik» demək gücünə malik deyiləm. Bunun üçün rejissorların bir araya gəlməsi lazımdır. Hər halda belə təşəbbüslər olarsa, ona dəstək verməyə çalışarıq.
   - Türkiyə turizm sahəsində dünyada öndə gedən ölkələr sırasındadır. Ölkələrimiz arasında turizm əlaqələri və onun inkişaf perspektivləri ilə bağlı nə deyə bilərsiniz?
   - Türkiyə böyük turizm ölkəsidir. Hər keçən gün dünyada nüfuza malik bir ölkə olaraq böyüyür, genişlənir. Ölkəmiz turizm sahəsində dünyada ilk onluqda 7-ci sıradadır. Hədəfimiz ilk beşliyə daxil olmaqdır. Türkiyə bu nöqtəyə çata biləcək qüdrətə və bacarığa, özəlliyə sahibdir. Xüsusilə də Türkiyənin görməli yerlərini azərbaycanlı qardaşlarımıza təqdim etmək üçün bu günə qədər 5-6 televiziya qrupunu Türkiyəyə göndərdik. Onlar da ölkəmizin gözəl, görməli yerləri ilə bağlı bir proqram hazırladılar və onu da Azərbaycanda təqdim etdilər. Onsuz da Azərbaycanı Türkiyədə, Türkiyəni Azərbaycanda tanıyırlar. Mən Türkiyənin Azərbaycanda xüsusilə turizm sahəsində böyük nüfuz sahibi olduğunu bilirəm. 2011-ci ildə 578 min nəfər turist Azərbaycandan Türkiyəyə gedib. Açığını deyim ki, bu rəqəmi çox yetərli görmürəm. Amma bəzi texniki məsələlər həll olunarsa, bu rəqəm daha da artar.
   - Ötən il Türkiyə turizminin tanıdılması məqsədilə təşkil olunan “İstanbul Shoppinq Festivalı”nın Bakıda da təqdimat mərasimi oldu. Maraqlıdır, festivalın bu il də keçirilməsi gözlənilirmi?
   - Bəli, festivalın keçirilməsi bu il də gözlənilir. Mayın 9-da festivalla bağlı bir heyət Bakıda mətbuat konfransı keçirəcək. İstanbulun ayrı bir özəlliyi var. Bu şəhərə gələn insanlar, sadəcə, dəniz, qum, günəş görmək üçün deyil, şəhərin tarixi gözəlliyini və bir də ticarət mərkəzi olmasını görür. İstanbul xüsusilə tekstil sahəsində dünyanın öncül yerində qərar tutub. Hazırda bir çox ünlü klubların geymiş olduğu paltarlar, sərgilərdə nümayiş etdirilən kostyumlara qədər, hətta nüfuzlu geyim məhsullarının İstanbuldan getdiyini nəzərə alsaq, bu şəhərin tekstil sənayesinin miqyasını təsəvvür etmək olar. Həm də bu malları çox uyğun qiymətə tapa bilərsiniz. Mən dünyanın 40-a qədər ölkəsini gəzmişəm, tekstildə İstanbuldan daha uyğun bir yer görməmişəm.
   - Türkiyə və Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin mədəniyyətlərinin dünyaya tanıdılmasında TÜRKSOY mühüm rol oynayır. Bu sahədə hansı əməkdaşlıq layihələrini düşünürsünüz?
   - TÜRKSOY türkdilli ölkələrin UNESCO-sudur. Türk mədəniyyətini, sənətini dünyaya daha güclü səslə hayqırır. TÜRKSOY-un fəaliyyətində mənim də, kiçik də olsa, əməyim var. Onun Ankaradakı qərargahının təməl qoymasında iştirak etmişəm. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bu qurumun fəaliyyətinə çox dəstək verib. Düşünürəm ki, TÜRKSOY çərçivəsində ədəbiyyat, incəsənətlə bağlı daha çox iş görməliyik.
   
   Mehparə Sultanova