Aprelin 30-da Xalq artisti, professor, “Şöhrət” ordenli görkəmli tarzən Ramiz Quliyevin 65 yaşı tamam olur. Ömrünün 65-ci baharında Ramiz Quliyev ötən illərə nəzər saldı.
   
   - Ramiz Quliyev ömrünün 65-ci baharını hansı hisslərlə qarşılayır?
   - İnsan ömrü boyu səmimi ola bilirsə, onun üçün həyat mənalı keçir. 65 il kimin üçün az, kimin üçün də çox ola bilər. Mən bu illərin necə gəlib-getdiyini bilmirəm. Bu yolda iti addımlarım da olub, orta sürətlə də getmişəm, ancaq yerimdə sayan vaxtlarım az olub. Bütün addımlarımı düşünərək atmışam. Qarşısına məqsəd qoymayan insanın arzusu da yoxdur. Mən həmişə evdə, ailədə, sənətdə qarşıma məqsəd qoyub arzularıma nail olmuşam. 65 ilə nəzər salanda görürəm ki, az iş görməmişəm.
   - Gənc yaşlarınızdan şöhrət tacını gəzdirirsiniz. Musiqi sahəsində əldə etdiyiniz uğurlara görə ilk növbədə kimə minnətdarsınız?
   - Birinci növbədə valideynlərimə. Mən valideynlərimdən iki qiymətli dəyər almışam. Biri mənə verdikləri tərbiyə, biri tərcümeyi-halımdır. Bu iki taleyüklü dəyərin cəmində həyatımı qurmuşam. Və bir də, sözsüz ki, əldə etdiyim uğurlara görə müəllimlərimə minnətdaram. Gözəl müəllimlərim olub. Valideynlərimdən ayrı olanda müəllimlərimdən həmişə ata-ana qayğısı görmüşəm. Ona görə həyatım boyu çalışmışam ki, onların yolunu davam etdirim.
   - Ancaq bildiyimizə görə, ailənizdə musiqiçi olmayıb?
   - Bilmirəm, bəlkə neçənci babamsa musiqiçi olub, ancaq ailəmizdə heç kim sənətlə məşğul olmayıb. Azərbaycan xalqı istedadlı xalqdır. İncəsənət, musiqi, sənət bizim qanımızdadır. Ələlxüsus da Qarabağda. Mən çal-çağır, toy-büsat görmüşəm. Adlarını eşidib üzlərini görmədiyim korifey sənətkarların səsinə ağlım kəsəndən radioda qulaq asmışam. Bülbülə, Rəşidə, Sara xanıma, Şövkət xanıma, Rübabə xanıma. Sonra onları gəlib sənətdə gördüm, onlardan çox şey öyrəndim.
   
   Sədəfli tarların sirri
   
   - Gəlin, illərin gəldiyi yollarla geri dönüb əlinizə ilk dəfə tar götürdüyünüz günləri xatırlayaq.
   - Ağdamda ikiotaqlı evimiz vardı. Bir gün - 5-6 yaşım olardı - gördüm ki, divardan nə isə asılıb. Atama “ağa” deyirdik, soruşdum ki, o nədir? Dedi, tardır. Sonra soruşdum ki, ağa, o kimindi? Dedi ki, əminindir. Dedim, bəs niyə oradan asılıb? Dedi, əmin indi çala bilmir. Bunu deyib atam qəhərləndi. Söhbətimiz burda bitdi. Həbib əmim hərbiçi idi. O, rayonlarda hərbi komissar işləyirdi. Anam mənə danışdı ki, əmim müharibədə qolundan yaralanıb. O yara ömrünün axırına kimi əmimi incitdi. O vaxt uşaq idim, səbirsizliklə əmimin yolunu gözləyirdim. Bir gün əmim rayondan gəldi. İndiki kimi yadımdadır, UAZ markalı maşınla gəlmişdi. Əmimin əlindən tutub tar olan otağa apardım, dedim əmi, o kimindir? Dedi, sənindi. Tarı divardan alıb mənə verdi. O gündən bu günə o sadə, saya tar mənimlədir. Hazırda çaldığım tardır.
   - Bəs niyə o tarı dəyişmədiniz?
   - Sədəfli tarlarım olub. Bunun da öz sirri var.
   - Maraqlıdır, bəlkə o sirri açmağın vaxtı çatıb?
   - Bu sirri ilk dəfə sizə açıram. O sədəfli tarları Əyyubun təhsilinə bağışladım. Avstriyada oxuyanda 16 min avro pul lazım oldu. 4-5 sədəfli tarım vardı, dəyər-dəyməzinə satıb o pulu ödədim. Çünki o istedada qayğı göstərmək lazım idi. Mən bu gün də əmimin yadigarı olan vəfalı tarı sinəmə basıb dərdləşirəm.
   - İlk dəfə neçə yaşında professional səhnədə çıxış etdiniz?
   - İlk dəfə səhnəyə Ağdam rayon mədəniyyət evinin nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblı ilə çıxmışam. Azərbaycanın hər yerində elədir, amma Qarabağda musiqiyə həddindən artıq həssaslıqla yanaşırlar. Balaca bir səhv musiqiçiyə baha başa gəlir. Ona görə çalışırdım ifamda heç bir səhv olmasın ki, məni tənbeh etməsinlər. Yeniyetmə idim, 14 yaşım vardı. 1961-ci ildə Moskvada \"Xalq təsərrüfatı nailiyyətləri sərgisi\" keçirilirdi. İlk dəfə böyük səhnədə orda çıxış etdim. Mənə medal verdilər, o medalı bu gün də saxlayıram.
   
   Muğam xəzinəsi
   
   - Ramiz müəllim, məktəb yaratmaq çox az sənətkara nəsib olan xoşbəxtlikdir. Müasir tar ifaçılıq məktəbinin yaranması sizin adınızla bağlıdır. Tar ifaçılığı sahəsində yeni cığır açmağa necə nail oldunuz?
   - Mən özümdən əvvəlki sənətkarların yoluna çox hörmətlə, diqqətlə yanaşdım. Ümumiyyətlə, bütün tar çalanlar mənim üçün həmişə maraqlı olub. Tarzənlərin məktəblərinə nəzər saldım, onların keçdiyi yolu özümə örnək götürdüm. Amma mənim üçün daha maraqlı Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşovun sənəti olub. Mən onların həm lent yazısına qulaq asırdım, həm də Filarmoniyada canlı olaraq onları dinləyib bəhrələnirdim. Sonra onlar nəyi edə bilməmişdilərsə, mən onu etdim. Hacı Məmmədov, Əhsən Dadaşov orkestrlə tarda solo çalmışdı. Amma mənə qədər heç bir tarzən böyük simfonik orkestrlə tar solo konserti verməmişdi. 2-3 saatlıq repertuarı dərindən bilmək, dinləyicini, tamaşaçını təmin etmək ağır işdir. Bunun üçün ilk növbədə Üzeyir Hacıbəylinin təməl daşını qoyduğu tədris məktəbindən bəhrələnmək, musiqi biliklərimi artırmaq, müəllimlərimin mənə öyrətdikləri repertuarı genişləndirmək lazım idi. Dünya musiqisi çox zəngindir. Xalqımızın da böyük muğam xəzinəsi var. Musiqi mədəniyyətində muğam qədər böyük olan ikinci bir xəzinə yoxdur. Ancaq muğamımızla yanaşı dünya musiqisini, klassikləri - Bethoveni, Motsartı, Çaykovskini də bilmək lazım idi. Çünki dünyaya inteqrasiya oluruq. İtalyanla, fransızla, yunanla öz doğma musiqi alətimizdə, dünya dilində danışmağı bacarmalıyıq. Ona görə bu gün Azərbaycan musiqisi dünyada çox maraqla qarşılanır. Bir var ifa etmək, bir də var yaratmaq, yenilik etmək. O yenilik gözəldir ki, ümumbəşəri olsun.
   - Dünyanın bir çox ölkələrində ustad dərsləri vermisiniz. Dünya musiqi alətləri arasında tarın yerini necə görürsünüz?
   - Cəsarətlə deyə bilərəm ki, tarın müasir ifaçılığı elə bir səviyyədədir ki, dünya səhnələrində məşhur olan skripka, violençel, piano ilə adı bir sırada çəkilir. Bu, tədrisin, müəllimlərin tar ifaçılarının nailiyyətidir.
   - Şərqdən Qərbə kimi dünyanı dolaşmısınız, tarın möcüzəsinin şahidi olmusunuz. İllər keçsə də, hansı xatirə sizi heç tərk etmədi?
   - 1976-cı ildə İslam Rzayev, Abdulla Abdullayev və mən Türkiyəyə festivala getmişdik. Milli geyimdə açıq havada konsert verirdik. “Segah” çaldım, ardınca da Cahangir Cahangirovun “Ana” mahnısını. Qurtaranda gördüm başımın üstündə çarşablı, ağsaçlı yaşlı bir qadın dayanıb. O qadın əlimdən tutub öpmək istədi, qoymadım. Sonra gördüm əlimdə mizrabı axtarır. Dedi, oğul, gözlərindən öpürəm, Azərbaycan torpağının həsrətindəyəm. Ahıl çağımdır, ömrümün son günlərini yaşayıram. O mizrabı mənə bağışla, qoysunlar torpaq əvəzi gözlərimin üstünə. Qəhərləndim. O andan sonra mən sənətin gücünü, möcüzəsini gördüm. Azərbaycan xalqı qədər sənət qədri bilən, sənətkarı sevən xalq tanımıram. Bu xalqın başına dönüm...
   “Əyyub sənəti ilə
   məni varlandırdı”
   
   - Ramiz Quliyev tar ifaçılıq sənətində estafeti oğlu Əyyub Quliyevə verdi. Ata kimi yox, bir sənətkar kimi Əyyubun sənətini necə qiymətləndirirsiniz?
   - Əyyub barədə xoş sözlər eşitdikcə ürəyim açılır, fərəhlənirəm, onun nailiyyətlərini, uğurlarını özümün uğuru bilirəm. Valideyn kimi yox, onun ilk müəllimi kimi deyirəm ki, Əyyub fitri istedada malikdir. Sənət yolu ağır, tikanlı, dərəli-təpəli yoldur. Eyni zamanda o qədər şərəfli, şöhrətlidir ki... Millətin musiqisi, Vətənin səsi, mədəniyyətimizin qüdrəti sənət adamlarının əlindədir. Var-dövlət, vəzifə gəldi-gedərdi, sənət əbədidir. Əyyub sənəti ilə məni varlandırdı. Hansı ölkəyə gediriksə, onun çıxışlarına baxıb deyirəm ki, şükür sənə İlahi, mənim də, oğlumun da çəkdiyi zəhmətlər hədər getmədi.
   - Əyyub əvvəllər sizinlə birlikdə çıxış etsə də, sonradan dirijorluq sənətini seçdi...
   - (gülür) Allah üzümə baxdı ki, Əyyub tarın arxasınca mənim kimi getmədi, yoxsa nəfəsimi kəsəcəkdi. O həmişə deyirdi ki, ata, mən istəmişəm özüm olum, öz istəyi ilə də dirijorluq sənətini seçdi. Bu sənət daha dünyəvidir. O, yüzlərlə dirijorun içində laureat oldu. Azərbaycan musiqisinə belə uğurlar lazımdır.
   - Hansı muğamı özünüzə daha yaxın hesab edirsiniz?
   - Bütün muğamlar mənim üçün çox doğmadır, Amma bilmirəm bu nə hikmətdir, “Segah”ın əsiriyəm.
   - Əfsanələri çox vaxt kənarda axtarırıq. Siz musiqimizin canlı əfsanələrindən birisiniz. Küçədə, yolda, izdə adamların sizə münasibətini necə qarşılayırsız?
   - Təbiətən sadə adamam, səmimiyyəti xoşlayıram. Məndə həm mərdlik, həm sərtlik var. Həyatım boyu xalqın içində olmuşam. Metroda, avtobusda, tramvayda yol getmişəm, sadə insanlarla təmasda olmuşam. Harada oluramsa olum, mən heç vaxt həddimi aşmamışam. Məni görəndə sevinən, qiymət verən insanlara həmişə minnətdarlığımı bildirmişəm.
   - Qarabağın, Ağdamın baharı özgə bir bahar idi. İçinizdəki həsrəti, nisgili, kədəri necə ovudursunuz ?
   - Mənim ürəyimin ən böyük ağrısı Qarabağ dərdidir. 20 ili həsrətlə yaşamışam, Allah eləsin, heç olmasa 70-ə doğru gedən yolda bu həsrətdən qurtarım. Mənim arzum var, Qarabağda daşın-qayanın, dumanın-çənin, gülün-çiçəyin səsini tarın səsinə qovuşdurum...
   - Amin!
   
   Təranə Vahid