Hicran Hüseynova: “Azərbaycanlıları fərqləndirən xüsusiyyətlərdən biri ailəyə xüsusi önəm verməsi, ailəyə bağlılığıdır”
   
   Mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Bu əlamətdar gün BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsi ilə təsis olunub. Həmin sənəddə beynəlxalq ictimaiyyətin sosial institut olaraq ailəyə verdiyi önəm vurğulanır. Bu gün ailənin möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması məqsədilə təsis edilib.
   
   Beynəlxalq Ailə Günü Azərbaycanda da qeyd olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qəzetimizə müsahibəsində bu günün əhəmiyyəti, Azərbaycan dövlətinin ailə siyasəti, bu istiqamətdə qarşıya qoyulan vəzifələr və digər məsələlər barədə danışdı.
   - Hicran xanım, Azərbaycan dövlətinin ailə siyasəti necə formalaşıb və bu strategiyanın əsas istiqamətləri nədən ibarətdir?
   - Cəmiyyətin əsası olan ailə bəşər tarixindən mövcuddur. Min illər ərzində, tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Ailəyə bütün xalqlar həmişə müqəddəs münasibət bəsləyib. Azərbaycan xalqı isə onun ləyaqətini hər şeydən uca tutub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasına gəlincə, bu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən ulu öndər bu dəyərlərin qorunmasının vacib olduğunu dönə-dönə deyirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu strategiyanın uğurlu nəticələri göz qabağındadır. Ailə dəyərlərinin əhəmiyyətini yüksək qiymətləndirən ölkə başçısı deyib: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri, əslində bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Əlbəttə ki, dünyada gedən qloballaşma prosesi bizdən də yan keçmir. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayıb. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır”.
   Dövlət başçısının sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması isə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoyub. Qurum bu sahədə dövlət proqramlarının uğurla reallaşdırılması və digər qurumların səylərinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitə mütəxəssislərinin apardıqları təhlil ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğunu, ailə institutunun daha da möhkəmləndiyini təsdiq edir. Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Tarixən formalaşmış ailə münasibətlərini qoruyub saxlamaq və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə ailə institutunu daha da inkişaf etdirmək bu sahədə reallaşdırılan siyasətin ana xəttini təşkil edir. Buna görə də ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin birləşməsi prosesində həyata keçirilməlidir.
   - Məlumdur ki, hazırda Qərb ölkələrinin bir qismində ailə bir institut kimi dəyərini itirməkdədir. Azərbaycanda bu arzuolunmaz tendensiyaların qarşısının alınması məqsədilə hansı addımlar atılır?
   - Ölkəmizdə iki milyona yaxın ailə var. 1991-ci ildə 74 378 nikah qeydə alınmışdır. Bunun 35852 şəhər yerlərində, 38526 kənd yerlərində qeydə alınmışdır. Sonrakı illərdə bu rəqəm artıb-azalmışdır. 1999-cu ildə 37 382 nikah, ən aşağı, 2008-ci ildə 79 964 nikah ən yüksək göstərici olmuşdur. Nikahların sayı artaraq 2010-cu ildə 79 172-yə çatıb. 2011-ci ildə bu rəqəm 88 145 olub.
   Azərbaycan özü də böyük bir ailədir. Azərbaycanlıları fərqləndirən xüsusiyyətlərdən biri xalqımızın ailəyə xüsusi önəm verməsi, ailəyə bağlılığıdır. Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Bizim analar övladları dünyaya gəldikləri gündən onları milli-mənəvi dəyərlərimizlə tərbiyə edirlər. Bu tərbiyənin əsasını böyüyə hörmət, milli dəyərlərə bağlılıq təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının bünövrəsidir. Odur ki, övladlarını əsl vətəndaş kimi böyütmək istəyən valideynlər böyüklərə - ağsaqqal-ağbirçəyə dərin ehtiramı, milli adət-ənənələrimizə hörməti, mədəni davranış qaydalarını gənc nəslə ana-ata yadigarı kimi bəxş edirlər. Belə ailələr xalqımızın milli sərvəti hesab olunur.
   Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Bu gün cəmiyyətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Hazırda ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilir.
   - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə institutunun ictimai həyatda qorunmasında və eyni zamanda onların cəmiyyətdə daim fəal mövqe tutmasında hansı prioritetlərə üstünlük verir?
   - Azərbaycanın milli-mənəvi dəyərlər sistemində ailə institutu sarsılmaz yer tutur. Ailə dəyərlərinin qorunub saxlanılması təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında ənənəyə çevrilib. Hökumətimiz ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinin həlli ilə əlaqədar dövlət proqramlarına dəstək verən bir sıra layihələr reallaşdırılır. Həmin layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda onların firavanlığının təmin olunmasına xidmət edir.
   Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda onları ictimai həyata cəlb etməkdir. Bununla əlaqədar qaçqın və məcburi köçkün ailələrindən olan beş yüz nəfərə yaxın yeniyetmə xarici dil, kompyuter və peşə kurslarında təlim keçib. Hazırda ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə dövlət başçısının daimi diqqəti sayəsində həmin insanların bir çox problemləri artıq həll olunub.
   Cəmiyyətdə ailə institutu günbəgün möhkəmləndirilir. Bu da, hər şeydən əvvəl, nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Biz hər il Beynəlxalq Ailə Günü ərəfəsində bölgələrdə nümunəvi ailələrin müəyyən edilməsinə çalışırıq. Bu gün ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya nümunədir. Müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin göstəricisi olan bu ailələr milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdırlar. Ölkə başçısının uğurlu siyasəti nəticəsində ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaq.
   - Bir neçə ildir ki, Azərbaycanda da Beynəlxalq Ailə Günü qeyd olunur. Bu il əlamətdar gün hansı tədbirlərlə müşayiət olunur?
   - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu günü bayram kimi hər il bir rayonda keçiririk. Bu il regionlarda ailə bayramının keçirilməsinin 5 ili tamam olur. İndiyədək biz Lənkəranda, Şamaxıda, Qaxda, Xaçmazda Beynəlxalq Ailə Gününü qeyd etmişik. Bu il isə əlamətdar günü İsmayıllı rayonunda keçiririk. Ailələr arasında müxtəlif yarışlar təşkil olunur, incəsənət ustalarımız çıxışları ilə bayram iştirakçılarını təbrik edirlər. Adətən bayramımızda Azərbaycanın bütün rayonları təmsil olunur. Tədbirimizdə çox dəyərli qonaqlarımızın-hörmətli millət vəkillərinin, dövlət, elm və incəsənət xadimlərinin iştirakı bizi ürəkdən sevindirir.
   Müasir dövrdə ailə dəyərlərinin qorunmasının və gənc nəsil arasında təbliğinin prioritet istiqamətlərindən birini maarifləndirmə təşkil edir. Bu işlərin mühüm bir hissəsi kimi Heydər Əliyev Fondu və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində 2009-cu ildən başlayaraq “Azərbaycan ailəsi” adlı film festivalı keçiririk. Ənənəyə uyğun olaraq bu il də martın ortalarında “Azərbaycan ailəsi - 2012” filmlər festivalına start verilib. Festivalın keçirilməsində əsas məqsədimiz ailə institutunu möhkəmləndirmək, cəmiyyətdə ailə dəyərlərinin nüfuzunu artırmaq, milli ailə dəyərlərinin təbliği və yaşadılmasıdır. Festivala bu mövzuda kifayət qədər maraqlı filmlər daxil olub. Mövzular seçilərkən ailə dəyərlərinə diqqət göstərilməsi, yaşlılara hörmət, uşaqlara qayğı, həmçinin ailə problemlərinin ictimaiyyətə çatdırılması kimi amillərə xüsusi önəm verilib. Təşkilat komitəsi tərəfindən mövzulara uyğun gələn filmlər münsiflər heyətinə təqdim olundu. Mayın 11-də festivala yekun vuruldu, qaliblər mükafatlandırıldılar. Onu da deyim ki, qaliblər seçilərkən bu filmlərin məhz uşaq və gənclərdən ibarət auditoriyaya ünvanlanması, ailə münasibətlərində mövcud olan bəzi mənfi halların kinematoqrafiyanın imkanlarından istifadə edilməklə peşəkarlıqla açılması prinsipləri əsas götürülüb. Festival gənc rejissorların öz yaradıcılıq imkanlarını və istedadlarını nümayiş etdirmələri və filmlərini geniş tamaşaçı kütləsinə təqdim etmələri üçün gözəl imkandır. Milli kino sənətimizin təbliği və inkişafı üçün də bu festival böyük əhəmiyyətə malikdir.
   
   Mehparə