Bu yazıda 110 yaşlı Ağdam teatrından söhbət açacağıq. Təməli 1902-ci ildə görkəmli Azərbaycan mütəfəkkiri Əbdürrəhim bəy Haqverdiyev tərəfindən qoyulan teatr Qarabağ müharibəsinin ağrılarını içindən keçirən sənət ocaqlarımızdandır. 1993-cü ilin işğalından sonra Bərdədə, müxtəlif cəbhəyanı kəndlərdə məskunlaşan kollektiv sənətdən uzaq düşməyib, böyük amallara xidmət ruhunu yaşadıb. Teatrın bu günü, repertuar siyasəti, sənət uğurlarına nəzər salaraq Ağdama - Quzanlı qəsəbəsinə qiyabi səyahət edəcəyik. Bu səfərdə yol yoldaşımız isə Ağdam Dövlət Dram Teatrının direktoru Fəxrəddin Hacıbəylidir.
   
   - Cəbhə bölgəsində, müharibənin atəş nöqtəsində yerləşən teatrın sənət mənzərəsi necədir?
   - Savaş xəttində yaşamaq bizim alın yazımız, tale qismətimizdir. 1993-cü ilin iyul ayında Ağdamın işğalı rayonun mədəni həyatına, teatrımıza da böyük zərbə vurdu. Aktyor və texniki heyətin böyük əksəriyyəti respublikamızın müxtəlif bölgələrinə səpələndi. Ağdam teatrının səhnəsində ilk addımlarını atan, püxtələşən, bu səhnəni öz doğma ocağı bilənlər zamanın hökmü ilə didərgin düşdülər. Mənəvi dünyamızda hələ də yarası sağalmayan izlər qalmaqdadır. Ağdam teatrı öz sevimli tamaşaçılarından uzaq düşdü. İlk illər şəraitsizlik içində, yataqxanada, məktəblərin sinif otaqlarında teatrı yaşatmaq olduqca çətin idi. Amma sənətə və səhnəyə bağlı olan insanlar bu çətin şəraitdə ocağın odunu sönməyə qoymadılar. Artıq o çətinliklər arxada qalıb. Ölkə Prezidentimizin məlum sərəncamı, Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi sayəsində indi Ağdam teatrının gözəl binası var. Yüksək səviyyədə təmir olunmuş Quzanlı qəsəbə Mədəniyyət evi teatrımızın və tamaşaçılarımızın sərəncamındadır. Teatrın fəaliyyəti üçün yaradılan şəraitə görə kollektivimiz adından, rayonun mədəniyyət işçiləri adından ölkə Prezidenti cənab İlham Əliyevə teatrın fəaliyyəti üçün yaradılan şəraitə görə sonsuz təşəkkürlərimizi bildirirəm.
   Yeni şərait yeni yaradıcılıq imkanları da açıb. Açığını deyim ki, 2011-ci ilin noyabrına qədər Ağdam teatrı potensial imkanlarından maksimum istifadə edə bilmirdi. Amma son altı ayda vəziyyət tamamilə dəyişib. Ağdam teatrı ikinci ömrünü yaşamaqdadır. Teatrdan uzaqlaşmış aktyorlar yenidən sənət ocağına cəlb edilib, yeni səhnə əsərləri hazırlanaraq tamaşaçıların ixtiyarına verilib. Sevindirici haldır ki, bu altı ay ərzində teatr öz tamaşaçılarını yenidən tapıb. Tamaşaçılar da qəribsəmişdirlər. İndi onların simasındakı məmnunluq çox söz deyir.
   - Bu gün ciddi dramaturji nümunələr sarıdan gileylənən teatr direktorları sırasında siz də varsınız?
   - Ümumiyyətlə, bəzi səhnə əsərləri istisna olmaqla, Azərbaycan dramaturgiyasında sanki bir boşluq yaranıb. Bəzən dövlət teatrlarına verilən müstəqil seçim hüququndan yetərincə bəhrələnmirik. Və yaxud da bu haldan sui-istifadə olunur. Əslində səhnənin müqəddəsliyi daim qorunmalı, repertuar seçiminə diqqətlə yanaşılmalıdır. Bəzən bayağı, heç bir məna kəsb etməyən “əsərlər” səhnəyə yol tapır. Təbii ki, onların ömrü uzun ölmür. Amma bu gün tamaşaçı zövqünü oxşayan, insanların arzu-istəklərini təcəssüm etdirən səhnə əsərləri də yox deyil. Sadəcə, arayıb-axtarmaq, müəlliflərlə teatr rəhbərliyinin sıx əlaqəsini yaratmaq və insanların arzusunda olduğu mövzulara müraciət etmək lazımdır. Bir misal çəkim. Ağdam teatrı M.F.Axundzadənin 200 illik yubileyi ilə bağlı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini hazırlayıb bu günlərdə tamaşaçılara təqdim etdi. Rejissor Vaqif Şərifovun quruluş verdiyi bu əsər yeni bir yozumda öz səhnə həllini tapdı. Tamaşaçılar böyük həvəslə bu klassik komediyanı izləyirdilər. Deməli, bütün hallarda tamaşaçı həssasdır, diqqətlidir. Bu, mütləq nəzərə alınmalıdır.
   - Sizcə, bu gün vətənpərvərlik mövzusunda mükəmməl əsərlər yaranır?
   - Vətənpərvərlik mövzusu əbədiyaşar mövzudur. Bu, Vətən sevgisi ilə bağlı, ömrümüzün mənası olan bir məqamdır. Məmməd Araz demişkən: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. Hər kəsin içində Vətən sevgisi yaşayır. Biz bəzən içimizdə yaşatdığımız bu duyğunu izhar etməkdə çətinlik çəkirik. Sadəcə, bu müqəddəs duyğuları sənət əsərinə çevirib nümayiş etdirmək lazımdır. Bu sahədə hələ çox iş görülməlidir. Xüsusilə də səhnədə, ekranda, efirdə. Azərbaycanda teatr kollektivlərinin böyük əksəriyyəti buna qadirdirlər.
   - Gənc aktyor və rejissorlar əyalət teatrlarında işləməyə elə də maraq göstərmirlər. Yəqin cəbhə bölgəsindəki Ağdam teatrına gənclərin cəlb olunması daha da müşküldür?
   - Cəbhə bölgəsində yaşamağımız, təbii ki, bizim üçün digər bölgələrə nisbətən bir sıra çətinliklər yaradır. Amma hər şeyin fövqündə dayanan yurd sevgisi və sənətə olan sonsuz istəklər hər şeyə üstün gəlir. Düzdür, rejissor və aktyor sarıdan qıtlığımız var. Amma son altı ay ərzində teatrımıza gəlmək arzusunda olanların sayı artıb. Təbii ki, dəvət olunan və öz arzusu ilə gələn rejissor və aktyorların yaşayışını və məişət qayğılarını təmin etməliyik. Bu sahədə rayon icra hakimiyyətinin bizə diqqəti hər an hiss olunur. Bu da yaradıcı heyətə və ümumilikdə kollektivin səmərəli fəaliyyətinə zəmin yaradır. Çətinliklərimiz olsa da, hesab edirik ki, bütün bunlar müvəqqətidir və Ağdam teatrı tarixi ənənələrini yaşadacaq, müqəddəs səhnəyə sadiq qalacaq.
   - Döyüş xəttinin yaxınlığında, barıt qoxusu, güllə səsləri ilə yaşayan rayon sakinlərinin teatra, sənətə münasibəti necədir?
   - Ağdamlılar həmişə sənətsevər olublar. Respublikamızın incəsənət aləminə bəxş etdiyi müqtədir sənətkarların bir qismi məhz bu torpağın yetirmələridir. Heydər Şəmsizadə, Məmməd Əmirov, Firəngiz Abbasova, Qaflan Muradov, Arif Babayev, Əbülfət Əliyev, Sara Qədimova, Qurban Pirimov, Bakir Haşımov və onlarla böyük sənətkarlar məhz bu torpaqdan pərvazlanıblar.
   - Teatrın bu günü və repertuar siyasəti barədə nə deyə bilərsiniz?
   - Söhbətimizin əvvəlində dediyim kimi, teatrımız son aylar ikinci həyatını yaşayır. Aktyorlar sanki tamaşaçı nəfəsi üçün qəribsəmişdilər. 2012-ci ilin yanvar ayından keçən dövr ərzində iki tamaşa hazırlamışıq, üçüncünü təhvil vermək ərəfəsindəyik. Bu, dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” komediyasıdır. Növbəti əsər kimi dahi Füzulinin “Saqinamə” əsərini səhnələşdirmək fikrindəyik. Ümumiyyətlə, teatrımızda yüksək əhvali-ruhiyyə yaranıb.
   - Bir zamanlar teatrın cəmiyyətin eyiblərinə güzgü tutduğunu deyirdilər. Sizcə, bu fikir indi də aktualdır?
   - Ümumiyyətlə, teatr məfhumu çox maraqlı və qeyri-adiliyi ilə seçilən bir sənətdir. Bu fikir bir az qəribə səslənə bilər, amma bu bir danılmaz faktdır ki, səhnədə hər hansı obrazı, kiminsə əksini yaratmaq istedadını Tanrı bəlkə də ən çox sevdiyi aktyorlara bəxş edb. Nəinki cəmiyyətimiz, bütövlükdə bütün dünyamız rəngarəngdir, təzadlıdır və əks olunandır. Güzgüsü çoxdur bu dünyanın. Amma hər kəs güzgüyə baxmaq iqtidarında deyil. Bunun üçün xüsusi cəsarət, səmimiyyət və özünüdərketmə qabiliyyəti lazımdır. Bəli, səhnəni cəmiyyətin güzgüsünə bənzədənlər yanılmayıblar. Bu, bütün dövrlərdə aktual sayıla bilər.
   - Onda tamaşaçının özünü səhnədə görmək istəyi niyə çox vaxt müsbət qəhrəmanda təcəssüm edir? Və ya müsbət qəhrəman olmaq asandır, yoxsa müsbət qəhrəmanı oynamaq?
   - İnsan psixologiyası biz düşündüyümüzdən qat-qat mürəkkəbdir. Hər bir kəs beşikdən qəbirədək öyrənməyə, daha çox məlumat almağa meyillidir. İnsan iç dünyasında tamamilə sərbəst olur və öz fantaziyaları ilə baş-başa qalır. Əslində bu belə də olmalıdır. Hər bir kəsin iç dünyasında yaratdığı müsbət obrazlar var. Oxuduğu əsərlərdə, baxdığı filmlərdə və yaxud teatr tamaşalarında özünü müsbət qəhrəman obrazında görmək hər bir kəsin içindən gəlir. Bu, normal haldır. Amma səhnəyə çıxıb, içində formalaşdırdığın bir obrazı minlərlə insana səhnədə təqdim etmək bacarığı yalnız xüsusi istedadın və təfəkkürün məhsuludur. Bunu yalnız və yalnız, sözün əsl mənasında, aktyorlar bacara bilər. Bunun özü də elə qəhrəman olmaq qədər çətin, şərəfli və qeyri-adi bir əməldir.
   - Fəxrəddin müəllim, teatrların uğurlu, səs gətirən tamaşalarından hansılarının adını çəkə bilərsiniz?
   - Müstəqillik əldə etdiyimiz vaxtdan keçən dövr ərzində Azərbaycan teatr məkanında təbii bir ətalət yaşandı. Bu, olmalı idi, oldu da. Amma, şükürlər olsun ki, bu gün ölkəmizdə, bütün sahələrdə olduğu kimi, teatrlarımızda da nəzərəçarpacaq dərəcədə inkişaf hiss olunmaqdadır. Azərbaycan teatr səhnəsində yadda qalan tamaşalar doğrudan da xoş duyğular oyadır. Bunların sırasında Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Musiqili Komediya Teatrında çoxlu sayda tamaşalar var. Bir tamaşaçı kimi mənə ən çox xoş gələn tamaşalardan biri də Gənc Tamaşaçılar Teatrında hazırlanan “Pəri cadu” əsəridir.
   - Elə də uzaq olmayan Ağdam teatrı ilə paytaxt teatrları arasındakı sənət məsafəsini azaltmaq üçün nə edirsiniz?
   - Artıq mütəmadi olaraq paytaxtımızda yerləşən teatrlara əlaqə yaradırıq. Yeri gəlmişkən, Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarının rəhbərliyinə bizim teatra göstərdikləri mənəvi dəstəyə görə minnətdarlığımı bildirirəm. Eləcə də Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımova səmimi münasibətinə görə teatrımızın kollektivi adından təşəkkür edirəm.
   - Və son sual. Ağdamdan Bakının teatr mühiti necə görünür?
   - Ağdamdan Bakıya 360 km-lik məsafə var. Bu məsafə on dəfə artıq olsa belə, sənətsevərlər arasında heç bir məhdudiyyət yaratmır. Gözə görünməyən elə dəyərlər var ki, onları əməlimizlə yaşadırıq. İnşallah, torpaqlarımızın işğaldan azad olunan günündə bütün teatr ictimaiyyətinin doğma Ağdamımızda bu birliyinin şahidi olacaqsınız.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı