İnsanların mənən zənginləşməsi, estetik zövqünün mükəmməlləşməsində incəsənətin, ələlxüsus teatrın müstəsna rolu var. Tamaşa zalına daxil olan hər kəs istər-istəməz bu ecazkar mühiti, onun mənəvi yükünü və insanlara vermiş olduğu qeyri-adi auranı hiss edir. Bu mənada uşaq teatrlarının üzərinə daha böyük məsuliyyət düşür. Çünki bir insanın yüksək mənəvi dəyərlər mühitində yetişməsi, mükəmməl zövqə malik olması üçün erkən yaşlarından teatr, səhnə ilə yaxından ünsiyyət qurması, həyatın, zamanın, tarixin səhnələşdirilmiş inikasını dərk etməsi zəruridir.
   Bu məqsədə xidmət edən sənət ocaqlarından biri də Qax Dövlət Kukla Teatrıdır. Yerləşdiyi rayonla yanaşı, qonşu bölgələrin də azyaşlılarının sevimli məkanı olan teatr ilk olaraq 1973-cü ildə Qax rayon S.Vurğun adına Mədəniyyət evinin nəzdində İsako Zeynalaşvilinin rəhbərliyi ilə dərnək kimi fəaliyyətə başlayıb. 1976-1992-ci illərdə Xalq Kukla Teatrı adı altında fəaliyyət göstərib, bu dövrdə bir neçə festivala qatılaraq laureat adını qazanıb. Sənət ocağının bu nailiyyətləri nəzərə alınaraq ona 1992-ci ildə dövlət teatrı statusu verilib.

   
   Yarandığı dövrdən uşaq dünyasına rəng qatmaq, balacaları səhnəyə, böyük sənətə bağlamaq amalı ilə fəaliyyət göstərən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov qəzetimizə müsahibəsində kollektivin sənət uğurları ilə yanaşı, ümumilikdə ölkənin teatr mühiti, uşaq teatrlarının qayğıları barədə də söz açdı.
   
   - Teatrımız yarandığı dövrdən uşaqlara estetik zövq aşılamaq, kukla teatrı sənətini yüksək səviyyədə təbliğ etmək kimi bir məqsədə xidmət edir. Sevindirici haldır ki, hər zaman bu istəyimizə nail olmuşuq. İstər sovetlər dövründə, istərsə də ölkəmiz müstəqillik əldə etdikdən sonra iştirakçısı olduğumuz beynəlxalq teatr festivalları, əldə etdiyimiz uğurlar buna əyani sübutdur. Kollektiv 2005-ci ildə Türkiyədə, 2010-2011-ci illərdə isə Estoniyanın Vilyandi və Tallin şəhərlərində keçirilən beynəlxalq festivallarda respublikamızı layiqincə təmsil etmiş, diplomlara layiq görülmüşdür. Bundan başqa, 2010-cu ildə teatrımız ev sahibliyi etdiyi II Respublika Kukla teatrları həftəsində uğurla çıxış edib. 2011-ci ildə respublikamızda təşkil olunan I Beynəlxalq Kukla Teatrları Festivalında diploma layiq görülmüşük.
   1992-ci ildən bu günə kimi teatrda 65-ə yaxın əsərə səhnə həyatı verilib. Bu nümunələr arasında Abdulla Şaiqin “Danışan kukla”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, ”Ər və arvad”, Əli Səmədlinin “Cırtdan”, “Əhmədin vəfalı xoruzu”, Kəmalə Ağazadənin “Məlikməmməd”, ”Göyçək Fatma”, Osman Abdullayevin rus xalq nağılları əsasında hazırladığı “Qızıl balıq”, ”Qoğal”, Tofiq Kərimin ”Quyruqsuz ulağın sərgüzəştləri”, Rəhman Əlizadənin ”Damdabaca”, ”Tülkünün uçuşu” tamaşalarını xüsusi vurğulamaq istərdim. Nəzərinizə çatdırım ki, ölkə kukla teatrları arasında ilk dəfə olaraq pantomima tamaşasını da biz hazırlamışıq. “Turp” adlı bu tamaşa daim bizə uğur gətirib. Biz bu tamaşalarla təkcə Qaxda deyil, qonşu rayonlarda, eləcə də Gürcüstan Respublikasında çıxışlar edirik. Kollektiv respublikada keçirilən irimiqyaslı teatr tədbirlərində daim yaxından iştirak edir. Son olaraq Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir M.F.Axundzadənin 200 illiyi münasibətilə təşkil etdiyi milli teatr festivalına qatıldıq. Bu münasibətlə hazırladığımız “Hacı Qara” maraqla qarşılandı.
   - 2011-ci ilin noyabrında Bakıda keçirilən beynəlxalq kukla teatrı festivalından danışdınız. Bu, Azərbaycanı zəngin ənənələrə malik teatr ölkəsi, kukla teatrı məkanı kimi tanıtmaq baxımından mühüm mədəniyyət hadisəsi idi. Yəqin festival teatrınızın xarici ölkələrdəki həmkarlarınızla əlaqələr qurmasına da təkan verib?
   - Bu böyük teatr aksiyası bizim teatr üçün də çox uğurlu oldu. Festivalda nümayiş etdirdiyimiz «Turp» tamaşası istər tamaşaçılar, istərsə də münsiflər tərəfindən yüksək qiymət aldı. Bu tədbir həm də xarici əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə, görüb-götürməyə imkan yaratdı. Tədbirdən sonra bizə gələn dəvətlərin də sayı artıb. Teatrlarımızın beynəlxalq arenaya çıxışı onun özünəməxsusluğunu, milliliyini və inkişafını göstərmək baxımından çox önəmlidir.
   - Belə tədbirlər həm də sənət kollektivlərini mövcud çatışmazlıqları, geridə qaldıqları məqamları da görüb aradan qaldırmağa imkan yaradır. Siz necə, bu çatışmazlıqları hiss edirsinizmi?
   - Bu gün ölkədə yeni teatr dövrü başlanıb, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı artırılıb. İstər paytaxt, istərsə də bölgə teatrları yüksək səviyyədə təmir olunaraq yenidən tamaşaçıların ixtiyarına verilir. Yəni texniki sarıdan hər şey öz qaydasındadır. Yaradıcı məqama gəlincə, müəyyən qüsurlar var. Bunun da əsas səbəbi bizdə sırf kukla teatrı üçün rejissor, aktyor, rəssam məktəbinin olmamasıdır. Amma xarici ölkələrdə kukla teatrı üçün hər bir mütəxəssis hazırlanır.
   - Hər bir teatrın tamaşaçı auditoriyası qazanmasında repertuar mühüm yer tutur. Profilli teatr olaraq sizin repertuar siyasətiniz necə tənzimlənir?
   - Hər bir teatrın özünəməxsus repertuar siyasəti var. Profilli teatr olaraq repertuar siyasətimizə gəlincə, yaşadığımız dövrün tələbi, klassik tamaşaların təbliği, beynəlmiləlçilik ideyalarının tərənnümü, vətənpərvərlik və ən əsası da millilik bizim üçün əsas meyarlardır.
   - İndi bir çox teatrlar fərqli quruluşda, yeni yozumda tamaşalar hazırlamaq üçün yaxın-uzaq ölkələrdən teatr mütəxəssisləri dəvət edirlər. Bu yöndə sizdə nə kimi fikirlər var?
   - Biz hələlik başqa ölkələrdən mütəxəssislər dəvət etməmişik. Amma 2011-ci ildə teatra ilk dəfə olaraq Bakıdan gənc rejissor Elşad Rəhimzadəni dəvət etdik. O, Əhməd Orucun “Zınqırovlu pişik” əsərinə uğurlu quruluş verdi. Qeyd edim ki, həmin əsər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmışdı. Ümumilikdə teatrın inkişafı baxımdan kənardan mütəxəssis dəvət olunmasına müsbət baxırıq. Bu, çox vacib və gərəkli amildir. Çünki fərqli yanaşma daim arzu olunandır.
   - Respublikamızın digər kukla teatrları ilə yaradıcı əlaqələriniz necədir?
   - Kollektivimiz bölgələrdə olan kukla teatrları ilə daima əlaqə saxlayır. Gəncə və Salyan teatrları da bu əməkdaşlığa daim maraq göstərirlər. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından daim diqqət hiss edirik, lazım olan məqamlarda bizə dəstəklərini əsirgəmirlər. Ümumilikdə respublikamızdakı teatrların bir araya gəlməsi çox vacibdir. Bu baxımdan 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Qaxda keçirdiyi II Respublika Kukla teatrları həftəsinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Respublikada fəaliyyət göstərən bütün kukla teatrları bizim rayonda bir araya gəldilər. Hər teatr özünün yeni tamaşasını göstərdi, kollektivlər bir-birilərini yaxından tanıdılar, müzakirələr aparıldı, nöqsanlar, iradlar, təriflər eşidildi.
   - İnsanlarda teatra sevgini aşılamaq missiyası daha çox uşaq teatrlarının üzərinə düşür. Amma bu günün uşaq tamaşaçılarının da teatrdan tələbləri başqadır. Siz necə, azyaşlı tamaşaçıların teatra münasibətində dəyişiklik görürsünüzmü?
   - Düzdür, hər bir insanın teatrı sevməsi üçün uşaqlıqdan onda teatra həvəs, sevgi yaratmaq lazımdır. Biz də əlimizdən gələni edirik ki, uşaqlarda teatra sevgini artıra bilək. Teatr kollektivi hər dəfə məktəblilərlə görüşəndə kuklaların hazırlanması, onların necə oynadılması, teatrın tarixi haqda geniş söhbətlər edirlər. Mən deyə bilərəm ki, 90-cı illərlə müqayisədə uşaqların teatra münasibəti çox dəyişib. İndi uşaqlar hər tamaşadan sonra yeni tamaşanın nə vaxt olacağı, tamaşanın personajları, kuklaların hazırlanması və necə oynadılması ilə çox maraqlanırlar. Teatrın nəzdində yaradılmış “Cırtdan” teatr studiyasında məktəblilər fəal iştirak edirlər. Amma bir məqamı da unutmayaq ki, əsrimiz kompyuter əsridir və məhz o vasitə uşaqların dünyasına sürətlə nüfuz edib. Uşaqlar kompyuter oyunlarına, əyləncələrə daha tez aludə olurlar. Amma biz buna baxmayaraq, azyaşlıları teatra cəlb etməyə çalışırıq və əminliklə deyə bilərəm ki, əsasən buna nail oluruq. Bilirsiniz, tamaşalarımızın hamısı sırf kukla oyununa əsaslandığından, cizgi film təsiri bağışlayır və təbii ki, bu da balacaların çox xoşuna gəlir.
   - Aydın məsələdir ki, bu gün uşaqları təəccübləndirmək elə də asan deyil. Bunun üçün teatr direktoru olaraq nə edirsiniz?
   - Hər şeydən öncə, repertuar seçərkən uşaqların maraqlarını, onların zövqlərini nəzərə alırıq. Çalışırıq ki, uşaq hər bir tamaşadan yeni bir şey öyrənsin, nə isə bir nüansı tam dərk etsin.
   - Repertuardan danışarkən uşaq ədəbiyyatının da vəziyyəti göz önündə canlanır. Etiraf edək ki, bu gün ədəbiyyatımızda uşaq mövzusu bir növ arxa plana keçib...
   - Bu, uşaq teatrları üçün də çox həssas məsələdir. Uşaqlar üçün yazılan səhnə əsərləri azdır. Ona görə də özümüz bu problemi aradan qaldırmağa çalışırıq. Məsələn, teatrımızın ədəbi-bədii hissə müdiri Osman Abdullayev bu boşluğu doldurmaq üçün günün tələblərinə uyğun, uşaqları maraqlandıran pyeslər yazır. Rejissorlarımız daim axtarışdadırlar.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı