Tarek Murad: “Azərbaycan regionun aparıcı turizm mərkəzi olmağa layiqdir, bunun üçün burada hər cür şərait var”
Ölkəmizdə çalışan əcnəbi hotel menecerləri ilə müsahibələr məndə Azərbaycan turizmi və onun gələcəyi ilə bağlı xoş təəssürat yaradır. Beşulduzlu lüks “Four Seasons Baku” hotelinin baş meneceri Tarek Muradla söhbətimiz də bu sektorun öz işini dərindən bilən, peşəkar insanların idarəçiliyində olduğu qənaətimi bir daha möhkəmlətdi.
Həmsöhbətim öncə özü haqqında məlumat verdi:
- 49 yaşım var. Ana tərəfim Yunanıstandan, ata tərəfim isə Misirdəndir. Hər ikisi də turizm ölkələridir. Misirdə böyüyüb boya-başa çatmışam. Gənc yaşlarımdan hotelçilik işindəyəm. Qohumlarımın əksəriyyəti bu sahədə çalışdığından məndə böyük maraq yarandı. Ticarət təhsili aldığım vaxtlarda da Qahirədə beşulduzlu hotellərdə çalışırdım, treninqlərə qatılırdım. Hotelçilikdə ilk işim liftçi olub. Əşyaları daşıyan hotel bələdçisindən pillə-pillə menecerliyə doğru irəliləmişəm. Ən maraqlısı hotel bələdçiliyi idi. Müştərinin bir çox işlərini siz yoluna qoyursunuz, ona yardımçı olmağa çalışırsınız. Məsələn, turist italyan restoranında şam etmək istəyirsə, siz onun üçün ən gözəl yeri sifariş edirsiniz, qayğı və diqqətlə əhatə olunmasına çalışırsınız, şəhər turuna çıxmaq istəyirsə, ən gözəl və rahat marşrutu seçirsiniz, lazım olan bütün xidmətləri gülərüz və səbirlə yerinə yetirirsiniz. Bir növ turistin şəxsi məsləhətçisinə çevrilirsiniz. 30 ildir ki, bu sahədəyəm. “Four Seasons” hotellər şəbəkəsi ilə əməkdaşlığım isə 13 ildir ki, davam edir.
- Çox maraqlı iş təcrübəniz var. Hotelçilikdə ən aşağı pillədən yuxarıya qədər pillələri, obrazlı desək, fəth etmisiniz. Yəqin ki, idarəetmədə çətinlikləriniz olmaz...
- Öncə onu deyim ki, hotelçilik olduqca asan sahədir. Çünki bizim gündəlik həyat tərzimizdən yaranan biznes sahəsidir. Evimizə qonaq gəldikdə ilk öncə nə edirik? Onu xoş, gülərüzlə qarşılamağa çalışırıq. Evimizin səliqəli və yerli-yerində görünməsinə fikir veririk. Bütün bunlar hotelçiliyin təməl prinsipləridir. Eynilə biz də çalışırıq ki, qonaqlarımızı gülərüzlə qarşılayaq, restoranlarımız təmiz, səliqəli görünsün, yemək və içkilərin ən əlasını müştərilərə yüksək səviyyədə təqdim edək. Hər hansı köməyə ehtiyacları olduğu zaman yanlarında olaq. Bu işin yaxşı tərəfi isə odur ki, evdən fərqli olaraq burada bütün gördüyünüz işlərə görə, sizə pul da ödəyirlər.
- Nə vaxtdan Bakıdasınız? Ölkəmiz və paytaxtımız barədə təəssüratınız necədir?
- Bakıya 2011-ci ilin aprelindən gəlmişəm. Ölkəniz və paytaxtınıza gəldikdə, öncə onu deyim ki, mənim üçün ən ümdə olan insandır, insan faktorudur. İstədiyiniz xarici ölkəyə getdikdə, çox şeylər - gözəl binalar, əyləncə məkanları, təbiət gözəlliklərini görürsünüz. Bunlar ölkəni tanımaqda sizə əlavə yardımçı vasitələrdir. Amma siz insanlarla işləyirsiniz, onlarla ünsiyyətdə olursunuz, onlarla təəssüratınızı bölüşürsünüz. Bu baxımdan Azərbaycanda işləmək mənə rahatdır. Sizin insanlar mənim mənsub olduğum mədəniyyətə çox yaxındır. Azərbaycanlılar qonaqpərvər, istiqanlı, nəzakətli, comərd, öz tarix və mədəniyyətlərindən qürur duyan insanlardır. Mənim burada diqqət etdiyim və xoşuma gələn cəhətlərdən biri də insanların sosial statusundan və maddi durumundan asılı olmayaraq son dərəcə səliqəli, zövqlə geyinməsidir. Bunu ictimai nəqliyyatda da, küçədə də görmək olur. Digər xoşuma gələn cəhət çalışqanlıqdır. Bakı isə sürətlə inkişaf edir, tikinti-quruculuq işləri gedir. Çoxlu layihələr reallaşdırılır. Küçələr və binalar gözəlləşir, yeni restoranlar, ticarət və əyləncə mərkəzləri istifadəyə verilir. Burada olduğum iki ilə yaxın müddətdə çoxlu müsbət dəyişikliklərin şahidi oldum. Məncə, bütün bu müsbət məqamlar sizin öz tarixinizdən, mədəniyyətinizdən irəli gəlir. Bunu tarixi binalara baxanda da, muzeylərə baş çəkəndə də, rəssamların əl işlərində də görmək olur. Bütün sadaladığım müsbət məqamları bir araya gətirdikdə isə ortada inkişaf üçün böyük potensialın olduğunu görürsən. Mən Ərəb körfəzi ölkələrində də işləmişəm. Orada gedən inkişaf prosesi ilə Azərbaycandakı inkişaf arasında inanılmaz dərəcədə bənzərlik var. Fərq yalnız ordadır ki, burada mədəniyyət, incəsənət, tarix və təhsil səviyyəsi daha yüksəkdir.
- Azərbaycanda turizmin gələcəyini necə görürsünüz?
- Sizin hərtərəfli, zəngin irsiniz var. Sadəcə, bunu gözəl təqdim etməklə böyük uğur qazana bilərsiniz. Bəzi ölkələr hələ bu irsi yaratmalıdır, ancaq siz təqdimatla kifayətlənə bilirsiniz, çünki sizdə bütün bunlar mövcuddur. Azərbaycan regionun aparıcı turizm mərkəzi olmağa layiqdir. Bunun üçün burada hər cür şərait var. Gözəl dörd fəsil, alicənab insanlar, əsrarəngiz təbiət, Xəzər dənizi, bütün bunların başında isə ölkə rəhbərliyinin düzgün, düşünülmüş siyasəti. İndiki Bakını iki il öncəki ilə müqayisə etsəniz, görərsiniz ki, yalnız beşulduzlu hotellərin sayında nə qədər artım olub. Bakıya gələn beynəlxalq hotel brendləri burada ən yüksək səviyyədə təmsil olunmağa, ən yaxşısını reallaşdırmağa çalışırlar. Bu isə o deməkdir ki, Azərbaycan istənilən beynəlxalq tədbiri rahat şəkildə keçirmək üçün bütün lazımi imkanlara sahibdir. Coğrafi mövqe də nikbin olmağa imkan verir. Şərqlə Qərbin qovuşması, Yaxın Şərq və Avropaya yaxınlıq, ölkənin Xəzər dənizinin sahilində yerləşməsi və s. Sadəcə, müəyyən marketinq üsullarından istifadə etməklə bütün bunları dünyaya çatdırmaq lazımdır. Dəqiq deyə bilərəm ki, beş ildən sonra Bakı bu regionun turizm mərkəzlərindən biri olacaq.
- Sizin hotellər şəbəkəsi niyə “Four Seasons” - bizim dilimizdə desək “Dörd fəsil” adlanır. Bunun xüsusi bir mənası varmı?
- Bu, Kanada kökənli kampaniyadır. 60-cı illərin əvvəllərində qurulub. İsador Şarp tərəfindən yaradılıb. O, cavan arxitektor olarkən bu şirkəti təsis etmək qərarına gəlib. İlk hotelini açdıqdan sonra digər hotelləri də mərhələ-mərhələ istifadəyə verib. Bu adın seçimi ilə bağlı xüsusi məqamın olduğunu düşünmürəm, yəqin ki, gözəl ad olduğu üçün seçilib. Həm də “Four Seasons” hotelinin konsepsiyasında əsas məqam yüksək səviyyəli xidmətdir. Bina və məkan olaraq bundan daha yaxşı hotellər açıla bilər, bizim üçün əsas məsələ müştərinin ən az dörd fəsil unutmayacağı təəssüratdır.
- Bəs sadə, əcnəbi turist kimi baş çəkdiyiniz məkanlarda xidmətin səviyyəsi sizi qane edirmi?
- Biz hamımız insan olaraq tam məmnun olmuruq və daim daha yaxşısını istəyirik, təbiətimiz belədir. Siz də xidmət sektorunda işləyirsinizsə, insanın tam məmnun olmama hissini daim nəzərə alıb inkişaf etməli, yeniliklər etməlisiniz. Biz hotel olaraq daim yeniləşməyə çalışırıq. Eyni ilə digər hotellərdə də son iki ildə böyük dəyişikliklərin, inkişafın olduğunu söyləyə bilərəm. Biz cəmi 6 aydır ki, fəaliyyətdəyik. İnkişaf da göz qabağındadır. Ancaq soruşsanız, biz istədiyimiz yerdəyikmi? Xeyr. Getməli olduğumuz yol hələ çox uzundur. Bu gün qonaqların rəyi əsasında hazırlanmış hesabata baxdım. 2012-ci ilin sentyabrı ilə müqayisədə ümumi səviyyədə böyük artım olub. Uğurlarla kifayətlənmək olarmı? Xeyr.
- Hotelçilikdə hansı çatışmazlıqları sezirsiniz?
- Ümumiyyətlə, mən həmişə yarıboş yox, yarıdolu olanı görməyə çalışan insanam. Bu gün Azərbaycanda iki il öncə ilə müqayisədə daha çox yeni restoranlar var, bu sahədə daha çox insan çalışır. Xidmətin səviyyəsi qalxıbmı? Şübhəsiz. Ancaq inkişaf etmək üçün həmişə yer var. İnsanlara daha yaxşı gülümsəyə bilərsiniz, daha yaxşı ünsiyyət qura, xidmətlərin sayını və keyfiyyətini artıra bilərsiniz. Doldura biləcəyiniz boşluqlar daim var. Çatışmazlıqlar olur, var və olacaq. Bu bütün dünyadakı “Four Seasons” hotellərində baş verir. Sadəcə, biz sistemimizi səhvləri gizlətmək üzərində qurmuruq. İşçi səhv edirsə, onu açıq etiraf edir və buna görə onu cəzalandırmırıq, məvacibini kəsmirik, bilmədiyi bir şey varsa öyrədirik. Bu yolla səhvlərimizi aradan qaldırırıq və əmin oluruq ki, onlar təkrar olunmayacaq. Bu səhvləri ümumi komanda ilə də müzakirə edirik və hamının agah olmasına çalışırıq. Dil bacarıqlarımızı inkişaf etdirməliyik. İngilis dili mütləq yüksək səviyyədə olmalıdır. Səhv etməkdən qorxmağa dəyməz, əgər o səhvlərdən öyrənməyi bacarırsınızsa.
- Azərbaycanın mətbəxi ilə yəqin ki, artıq tanışsınız?
- Bəli, tanışam, özü də yaxından. Buranın yeməklərini çox bəyənirəm və mənim böyüdüyüm ölkə ilə mətbəxlərdə çox yaxınlıq var. Plov çox xoşuma gəlir. Qızardılmış balıq və ət yeməklərini də çox xoşlayıram.
- Azərbaycanın regionlarında olmusunuzmu?
- Şamaxıda, Qobustanda olmuşam. Burada tarixi abidələr və təbiət çox xoşuma gəldi. Fikirləşirəm ki, bu cür gözəllikləri dünyaya göstərmək lazımdır. Regionlarda yeni hotel və istirahət mərkəzləri açılır, infrastruktur formalaşır. Bunu adi gözlə də müşahidə etmək mümkündür.
- Hotelçilik sahəsində böyük təcrübəsi olan şəxs kimi regionlara, yoxsa artıq meqapolisə çevrilmiş Bakıya investisiya qoymağı məsləhət görərdiniz?
- Bunların hər ikisi paralel şəkildə aparılmalıdır. Siz Azərbaycanı həm bütöv, həm də ayrı-ayrı gözəllikləri önə çıxararaq təqdim etməlisiniz. Yalnız regionlara və ya sadəcə Bakıya investisiya qoymaqla turizmin hərtərəfli inkişafına nail olmaq mümkün deyil. Azərbaycan bu baxımdan üstünlüklərə sahibdir. Elə regionlar var ki, onlar yayda gözəldir, digərləri isə qışda. Bu baxımdan hərtərəfli inkişaf üçün hərtərəfli də yatırım olmalıdır.
- Sizcə, ölkəyə daha çox əcnəbini necə cəlb edə bilərik?
- Vizaların verilmə prosesini sadələşdirmək, dünyaya açılmaq və Azərbaycanın gözəllikləri, tarixi və mədəniyyəti barədə insanları məlumatlandırmaq, ölkəni nəqliyyat qovşağına çevirmək, beynəlxalq tədbirlərin daha çox Azərbaycanda keçirilməsinə nail olmaq olar. Bu sahədə də iş görülür. Məsələn, ötən il Bakı “Eurovision” müsabiqəsinə ev sahibliyi etdi, 2015-ci ildə burada Avropa Olimpiya Oyunları keçiriləcək. Müasir marketinq üsullarından istifadə etməklə də ölkəyə turist axınını artırmaq olar.
Sadiq Musa