“Çalışırıq elə alətlər hazırlayaq ki, onları dünya arenasına çıxara bilək”

Qədim milli musiqi alətlərinin təmiri və bərpası mədəni irsimizin bu zəngin sərvətinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması, eləcə də milli sənət nümunələrimizin təbliği baxımdan xüsusi önəm kəsb edir. Zamanla əlaqədar olaraq bir sıra musiqi alətlərinin təkmilləşdirilməsi isə həmin alətlərin səs çalarının və texniki imkanlarının artırılmasına xidmət edir. Müsahibimiz Azərbaycan Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Mirəlioğludur. Onunla söhbətimizdə musiqi alətlərini təkmilləşdirmənin zərurəti və prinsipləri haqqında danışdıq. Müsahibim əvvəlcə özü haqqında oxucularımıza məlumat verdi:

- Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindənəm. Salyan rayonunda doğulmuşam. Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Uşaqlıqdan musiqiyə marağım olsa da, nədənsə neft sahəsini seçdim. Təhsil aldığım illərdə paralel olaraq akademiyanın ansamblında və el şənliklərində tar və digər musiqi alətlərində ifa edirdim. Ümumiyyətlə, musiqi təhsilim olmasa da, muğamları, xalq mahnılarını bir çox alətlərdə ifa etməyi bacarırdım. Ali təhsilimi başa vurandan sonra Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda 16 il elmi-tədqiqat işləri apardım, müxtəlif vəzifələrdə çalışdım. 1990-cı illərin əvvəllərində neft sahəsindən ayrılaraq milli musiqi alətləri üzərində araşdırmalara başladım. Bəzi alətlərin səs və texniki imkanlarını artırmağa nail oldum.
- Necə oldu ki, tamamilə yeni bir sahədə fəaliyyətinizi davam etdirdiniz?
- Qeyd etdiyim kimi, uşaqlıqdan musiqi səsinə böyük həssaslıqla qulaq asardım. Muğamlarımızı, xalq mahnılarımızı dinləyə-dinləyə öyrənib, milli musiqi alətlərində ifa etmişəm. Onların üzərində eksperimentlər aparmağı isə bir hobbi kimi qəbul edirdim. Elmə söykənərək tədqiqatlar aparmaq mənim həyatımın mənasıdır.
2009-cu ildə musiqi alətləri üzərində etdiyim yenilikləri, təkmilləşmə işlərini, müəllif hüquqları agentliyindən aldığım şəhadətnamələri və digər məlumatları Heydər Əliyev Fonduna təqdim etdim. Sonra məni Mədəniyyət və Turizm Nazirliyinə çağırdılar, gördüyüm təkmilləşdirmə işlərini bəyəndilər. Milli Konservatoriyada işləməyim tövsiyə olundu və mən də qəbul etdim. Hazırda “Milli musiqi alətlərinin təkmilləşməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəriyəm.
- Bu günlərdə paytaxtımızda gerçəkləşən beynəlxalq kitab sərgi-yarmarkasında təkmilləşdirilmiş bir neçə musiqi alətini nümayiş etdirdiniz...
- Sərgi-yarmarkaya dünyanın müxtəlif ölkələrindən iştirakçıların gəlməsini nəzərə alıb biz də milli musiqi alətlərimizi burada nümayiş etdirməyə qərar verdik. Bilirsiniz ki, sərgi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu. Orada ulu öndərin yubileyinə həsr etdiyim “Tac” zərb simli alətini də nümayiş etdirdik. Mənşəyi santur olan bu alət dörd oktava yarımdır. Dünya praktikasında piano istisna olmaqla belə böyük oktavaya malik olan musiqi aləti yoxdur. Digər musiqi alətlərimiz də maraqla qarşılandı.
- İllərdir tanınan və sevilən musiqi alətləri üzərində təkmilləşdirmə işləri aparmaq zərurəti necə yarandı?
- Alətlərin ümumi və oxşar xüsusiyyətləri var. Amma tədqiqatlar əsasında təkmilləşmədən sonra yaranan özəlliklər alətə yeni səs və texniki imkanlar qazandırırsa, bu artıq ixtiradır. Simasını qorumaq şərti ilə istənilən alət üzərində təkmilləşmə aparmaq olar. Bilirik ki, tar əsasən qapalı məkanlarda ifa olunub. Amma bu gün geniş konsert salonlarında, açıq havada da ifa zərurəti yaranır. Buna görə də elə yeniliklər etmək lazımdır ki, bütün məkanlarda səs keyfiyyətini saxlasın.
Digər tərəfdən, xalq çalğı alətləri orkestrində bütün registrlərdə səslənə bilən musiqi alətləri yoxdur. Pianoda 8 oktava yarım - 9 oktava səs varsa, ən möhtəşəm tarımızda iki oktava yarımdır. Məncə, bu yerləri doldurmalıyıq. Biz səs və texniki imkanlarla yanaşı, səsin təmizliyini də diqqətdə saxlayırıq. Laboratoriyada daha çox simli musiqi alətləri üzərində işləyirik. Ümumi diapazona uyğunlaşmayan alətlərimiz var ki, onları yenidən işləyib, daha mükəmməl halda təqdim edirik.
- Musiqi alətləri üzərində elmi tədqiqat işi aparan mütəxəssis daha çox nələrə diqqət yetirməlidir?
- Alət üzərində təkmilləşmə vaxt tələb etsə də, artıq uzun illərdir bu işlə məşğul olduğumdan mənə çətin gəlmir. Məsələn, simli alətlər üzərində tədqiqat apararkən onlarda yaranan gərginlikləri, mexaniki dalğaların korpusa, dəriyə ötürülməsini müşahidə edirəm. Eksperimentlər nəticəsində optimal variantı tapıram. Artıq bu mənim elmi işimin nəticəsi olur. Əldə etdiklərimə görə orta məktəb müəllimlərimə çox minnətdaram. Əgər riyaziyyatı, fizikanı və digər texniki elmləri bilməsəydim, ideyalarımı praktik olaraq gerçəkləşdirə bilməyəcəkdim.
Bu günə kimi Müəllif Hüquqları Agentliyindən 17 şəhadətnamə almışam. Son illərdə təkmilləşdirdiyim daha 7 alət var ki, onlara da müəlliflik hüququ almaq niyyətindəyəm.
Bəzi bərpa olunmuş qədim musiqi alətlərimiz var ki, onların üzərində təkmilləşdirmə işlərinin aparılması xüsusilə vacibdir. Qədim musiqi alətləri ansamblının yaradıcısı və bədii rəhbəri olmuş mərhum professor Məcnun Kərim bir sıra qədim alətləri bərpa edib. O, bərpadan sonra təkmilləşmənin zəruri olduğunu vurğulayaraq mənə deyərdi ki, bu alətlər artıq sənin övladlarındır, onlara təhsil ver, savad ver, yəni təkmilləşdir. Mən də müvafiq çertyojları götürərək onların səs imkanlarını artırdım. Çünki bugünkü ifaçıların tələbatına cavab verə bilən səs əldə etmək lazımdır. Hazırda müxtəlif alətlərin yeni modelləri hazırlanıb. Tarın elektron variantını, kökdən düşməyən yeni tar növü və s. maraqla qarşılanıb. Çalışırıq elə alətlər hazırlayaq ki, onları dünya arenasına çıxara bilək.
- Gələcəkdə təkmilləşdirilmiş musiqi alətlərindən ibarət ansamblın yaradılması ideyası haqqında düşünürsünüzmü?
- Ötən illərdə laboratoriyada hazırlanan alətlər ictimaiyyətə təqdim olundu və maraqla qarşılandı. Professor Məcnun Kərim milli musiqi alətlərini bərpa edəndə məqsədi həmin alətlərin unudulmasının qarşısını almaq idi. Həmin alətlərin təqdimatından sonra qədim musiqi alətləri ansamblı yarandı və sevildi. Mənim öhdəmə düşən aləti hazırlamaq, onun mükəmməlliyi haqqında məlumatlar vermək, təkmilləşdirməkdir. Bu istiqamətdə bizə lazımi diqqət göstərilir. Xüsusən Milli Konservatoriyanın rəhbərliyi bu işdə maraqlıdır. Laboratoriyada işçilərin fəaliyyəti, tədqiqat və eksperimentlərin aparılması üçün geniş imkanlar yaradılıb.
Milli musiqi alətləri milli musiqimizi yaşadan varlıqlardır. Onların da gələcəyi haqqında düşünmək lazımdır. İnanıram ki, gec-tez təkmilləşdirilmiş milli musiqi alətlərindən ibarət ansambl da yaranacaq və onun şöhrəti dünyanın müxtəlif ölkələrinə yayılacaq.
“Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasında çalışan ustalarımız bu işə elmi-tədqiqat nöqteyi-nəzərindən yanaşırlar. Bu gün laboratoriya bir-birindən maraqlı ixtiralar təqdim edir. Hər bir alətlə bərabər onun haqqında məlumat hazırlanır. Düşünürük ki, qədim musiqi alətlərində təkmilləşmə olarsa, ifaçılıqda da böyük uğurlara imza atmaq mümkündür.

Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar