Öcal Oğuz: “Türkiyənin qəhvə mədəniyyəti insanların ünsiyyətinin qorunub-saxlanılması deməkdir”

Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçıları arasında Türkiyədən də geniş nümayəndə heyəti var. Qardaş ölkə UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na türk qəhvə mədəniyyəti ilə bağlı nominasiya təklif edib. Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri, professor Öcal Oğuzla söhbətimizə də bu barədə sualla başladıq:

- Öcal bəy, niyə məhz türk qəhvə mədəniyyətini qeyri-maddi mədəni irs nümunəsi olaraq UNESCO-nun siyahısına təqdim edirsiniz?
- Maddi mədəni irs kimi, qeyri-maddi mədəni irsi də qorumaq lazımdır. Sevindirici haldır ki, istər Türkiyənin, istərsə də Azərbaycanın bu siyahıda çoxlu nümunələri yer alıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə qərara aldı ki, türk qəhvə mədəniyyətini və ənənəsini gələcək nəsillərə ötürməkdən ötrü bu nümunə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına təqdim edilsin. Buraya türk qəhvəsinin hazırlanması, onun ətrafında yaradılan atalar sözləri, qəhvə ilə bağlı mərasimlər və digər məqamlar aiddir. Təəssüf ki, bu detallar gənc nəsillər tərəfindən unudulub. Ona görə də bunun qarşısını almaq niyyətindəyik. Bir fincan qəhvə unudulmasa da, onun dəyirmanda çəkilməsi, ocaqda qovurulması, hazırlanması, içilməsi zamanı söylənilən fikirlər, söhbətlər gənc nəsillərə bir o qədər bəlli deyil. İndiki gənclər qəhvə içməyi sevirlər. Amma yeməkdən sonra qəhvə ətrafında söhbət etmək, toy mərasimlərində qəhvə hazırlanması ənənələrini çoxları bilmir.

- O zaman türk qəhvəsi kompleks şəkildə necə təqdim olunmalıdır?
- İndi bir sıra qəhvə hazırlayan texniki vasitələr var. Bir düyməni basınca qəhvə fincana tökülür. Amma daha əvvəllər qəhvə belə hazırlanmırdı. Öncə xam qəhvənin ocaqda qovurulması, sonra soyudulub üyüdülməsi lazımdır. Qəhvə odunla və ya tavanın altında qoyulmuş isti qum üzərində hazırlanmalıdır. Biz qəhvə və onun ətrafında yaradılmış mədəniyyətin yoxa çıxmasını istəmirik. Məsələn, bu ənənələrdən biri qızlara elçi gələrkən qəhvə təklif edilməsidir. O zaman oğlan evi qıza “sənin qəhvən içildimi” sualını verir. Yəni artıq ailələr razılığa gəldikdən sonra qız oğlanın ailə üzvlərini öz əlləri ilə hazırladığı qəhvəyə qonaq edir. Eyni zamanda hər kəsə qəhvəni şəkərlə verdiyi halda nişanlısına təklif etdiyi qəhvənin içərisinə duz atır. Bu, “mənim də səndə könlüm var” anlamını ifadə edir. Bundan başqa, cənazə mərasimlərində “mırra” deyilən acı qəhvə hazırlanaraq hər kəsə təklif edilir ki, bu da vəfat edən insanın yad olunması anlamına gəlir. Yəni biz bütün bunların daha geniş yayılmasını istəyirik.

- Türkiyədə qəhvə ənənəsi nə zaman meydana gəlib?
- Bununla bağlı bir sıra rəvayətlər var. Amma Türkiyədə qəhvəxanalar XVI əsrdə meydana gəlib. Biz deyirik ki, dünyaya qəhvəxanaların ərməğan edildiyi yer İstanbuldur. “Qəhvə” anlayışı dünyaya Türkiyədə açılan qəhvəxanalardan yayılıb. Digər tərəfdən insanların qəhvə içməsi “deməli, söhbət var” anlamına da gəlir. Çünki indi insanlar bir-biriləri ilə daha çox virtual ünsiyyət qurduqları üçün birbaşa ünsiyyət də azalıb. Bu baxımdan türk qəhvə mədəniyyəti həm də insanların ünsiyyətlərinin qorunub-saxlanılması deməkdir.

- Texnoloji vasitələrlə hazırlanan qəhvə ilə ənənəvi qəhvə arasında nə kimi fərqlər var? Türk qəhvə ənənəsi mədəniyyətinizi necə tanıdır?
- “Qəhvə aludəçiliyi” (“tiryəkliyi”) deyilən anlayış var. Yəni qəhvələr arasında fərqi məhz belə insanlar anlayar. Bununla bağlı Türkiyədə lətifə də var. Bir dəfə belə adamlardan biri “əgər bir çuval qəhvənin içərisinə bir noxud qoyub qovursanız mən bunu hiss edərəm” - deyib. Həmin adamın qəhvəsinə bir noxud qataraq qonaq ediblər. Amma o, qəhvəni içərkən bunu anlasa da, üzə vurmayıb. Ayağa qalxarkən adama, “nədən ayağını çəkirsən”- deyə soruşublar. Həmin adam cavabında “qəhvənizə qoşduğunuz noxud dizimə vurdu” - deyib. Yəni qəhvənin dadını bilib onu fərqləndirmək özəllikdir. Türkiyədə qəhvə hazırlanması tamam fərqli bir işdir. Dünyanın hər hansı bir ölkəsində bir hoteldə xidmətçiyə, “mənə türk qəhvəsi gətir”, desəniz, o ya “gətirərəm”, ya da “bizdə yoxdur” söyləyər. Yəni türk qəhvəsi tanınır və biz onu daha da qorumaq istəyirik.

- Bu günədək Türkiyənin nə qədər qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun siyahısına daxil edilib?
- Artıq 10 mədəni irs nümunəmiz bu siyahıya daxil edilib. Azərbaycanda keçirilən bu sessiyada isə 11-ci irs nümunəmizin siyahıya salınmasına ümid edirik. Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan bu tədbirə çox mükəmməl ev sahibliyi edir, təşkilatçılıq yüksək səviyyədədir.

- Sizcə, UNESCO-nun qeyri-maddi irsi qoruma təşəbbüsünün əhəmiyyəti nədir?
- Bu, hər şeydən öncə bir mədəni irsin qorunmasının vacibliyini ortaya qoyur. Əlbəttə, UNESCO təkbaşına bu işləri görə bilməz. Bunu dövlətlər, xalqlar bir araya gəlib həyata keçirirlər. Bu baxımdan UNESCO-nun Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyası beynəlxalq əməkdaşlığın davam etməsi deməkdir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar