“Bu məsələyə mədəniyyət prizması ilə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, təsdiqi kimi də baxmaq lazımdır”

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçıları Azərbaycanın tədbirə uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayırlar. Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə ilə söhbətimiz də tədbirin əhəmiyyəti, sessiyanın təşkilati məsələləri ilə bağlı oldu.

Şöbə müdirinin sözlərinə görə, belə genişmiqyaslı beynəlxalq tədbirin Azərbaycan paytaxtında keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, ölkəmizin dünyada, o cümlədən UNESCO müstəvisində qazandığı yüksək nüfuzunun göstəricisidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti ölkəmizin təşkilatla münasibətlərini yüksək səviyyəyə qaldırıb. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi UNESCO ilə əməkdaşlığa mühüm önəm verir, təşkilatla birgə müxtəlif tədbirlər, layihələr həyata keçirilir.
UNESCO-nun belə mötəbər tədbirinin Bakıda keçirilməsi təşkilatın Azərbaycanın yürütdüyü xoşməramlı xarici siyasətə münasibətini göstərir. Azərbaycanın sessiyaya ev sahibliyi və sədrlik etməsi ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsi baxımından mühüm hadisədir.
Həmsöhbətim bildirdi ki, Hökumətlərarası Komitənin 8-ci sessiyasının UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”sının 10 illik yubileyinə təsadüf etməsi tədbirin əhəmiyyətini artırmaqla yanaşı, iştirakçı ölkələrin, nümayəndə heyətlərinin sayına, eyni zamanda gündəliyə salınan məsələlərin aktuallığına da təsir edir: “Azərbaycanın 2010-cu ildən üzv qəbul olunduğu komitənin işlək mexanizmlərinə sessiyada yenidən baxılması da gündəlikdə nə qədər vacib məsələlərin əksini tapdığını nümayiş etdirir. Bundan əlavə, sessiyada təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müraciətlər, eyni zamanda Reprezentativ Siyahıya daxil edilmək üçün nominasiyaların təqdimatı sessiyanın əhəmiyyətindən xəbər verir. Təbii ki, gündəliyi bu qədər zəngin olan sessiyanın məhz Bakıda keçirilməsi bizi çox sevindirir”.
Vasif Eyvazzadənin sözlərinə görə, çövkənin - Qarabağ atüstü oyun ənənəsinin UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilməsi ölkəmizin ikiqat uğurudur. İştirakçı ölkələrin Azərbaycanın irəli sürdüyü nominasiyanı müsbət qarşılaması gələcəyə hesablanmış qətiyyətli addımdır: “Əzəli torpağımız Qarabağ 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Bu isə o deməkdir ki, həmin torpaqlarda xalqımız tərəfindən yaradılan qeyri-maddi mədəni irs nümunələri təhlükə altındadır. Çövkən oyununun məhz UNESCO-nun bu siyahısına daxil edilməsi, eyni zamanda torpaqlarımızın da işğal altında olduğunu göstərən faktdır, yazılı sənəddir. Bu məsələyə mədəniyyət prizması ilə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, təsdiqi kimi də baxmaq və dəyərləndirmək lazımdır. Bu baxımdan UNESCO-nun bəlli siyahısına məhz Qarabağla bağlı faylın daxil edilməsi dövlətimizin yürütdüyü uğurlu siyasətə töhfə kimi böyük əhəmiyyətə malikdir”.
Reprezentativ Siyahıya daxil edilmək üçün 30-dan çox ölkənin nominasiya təqdim etdiyini deyən şöbə müdiri sessiyanın gedişində bütün müraciətlərə baxıldığını, müzakirələr aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, bəzi nominasiyaların qəbul edilməməsi yetərli əsaslandırmanın olmaması ilə bağlıdır.
Tədbirin təşkilati məsələlərinə də toxunan həmsöhbətim Hökumətlərarası Komitənin Bakı sessiyasının bütün dünyada internetlə canlı yayımlandığını diqqətə çatdırdı: “UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının dünya mediasında işıqlandırılması məsələsini yüksək səviyyədə təşkil etməyə çalışdıq. Tədbirdə hər hansı səbəbdən iştirak edə bilməyən, eyni zamanda sessiyanın işi, qəbul edilən nominasiyalarla maraqlanan ölkələr internet üzərindən sessiyanın gedişini canlı izləyə bilirlər. Bu da bütün ölkələrə müzakirələrin gedişini izləmək, qərarların qəbuluna şahid olmaq imkanı yaradır. Eyni zamanda beynəlxalq media da sessiyanın işıqlandırılmasında yaxından iştirak edir. Bu faktın özü də ölkəmizin dünyada tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Ümid edirik ki, Bakı sessiyası UNESCO-nun tarixində mühüm qərarların qəbul olunduğu tədbir kimi qalacaq”.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar