Peşəkar

Rubrikamızın budəfəki qonağı vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyevdir. Tanınmış estrada müğənnimizlə qiyabi tanışlığım uşaqlıq illərimdən başlanır. Qarabağ müharibəsi zamanı Çingiz Mustafayevin Xocalı kadrlarının yayımlandığı vaxtlarda teleekranlarda, radio efirində “Qalx, qalx, sən ey mərd xalq” deyib, mübarizəyə çağıran Mübariz Tağıyevin qəlbləri titrədən ifası da səslənirdi. Buradakı keçmiş zaman sizi aldatmasın, mübariz ruh indi də var, amma Xalq artisti təkcə vətəndaşı deyil, vətənin daşını da titrətməli olan mahnıların azlığından şikayətçidir. Eyni zamanda, dövrün acı reallıqlarını tərəddüdsüz qəbul edən müsahibim bir çox meyarlar kimi peşəkarlığın da meyarlarının dəyişdiyini deyir...

- Hər bir məfhum kimi peşəkarlığa da zaman və məkan kontekstindən yanaşmaq lazımdır. Ancaq çox təəssüf ki, bizim insanların yarısı ötən əsrin düşüncəsi ilə, yarısı isə hər iki dövrün ortasında yaşayır, hadisələri də bu prizmalardan dəyərləndirir. Xüsusilə bizim nəsildə elələri oldu ki, “incimişəm” deyib kənara çəkildi. Kimdən və nədən incidiklərini dərk edib aydınlaşdırana qədər xeyli zaman keçdi, unuduldular. İndiki dövrdə unudulmaq qədər asan bir şey yoxdur. Bu baxımdan götürdükdə, peşəkarlıq uzun, kəşməkəşli bir yoldur və daim yeniliyi, axtarışı, bir də zamanın nəbzini tutmağı sevir. Bu yolu dövrün tələblərini gözardı etmədən keçdikdə sənət püxtələşir, sənətkar kamilləşir, gördüyü işdə əminlik, müdriklik yaranır.
Ancaq peşəkarlığı dar çərçivəyə salıb sırf yaşla da əlaqələndirmək olmaz. Gənc nəslin içərisində də kifayət qədər peşəkar hesab edə biləcəyimiz insanlar var. Yaşları 28, 30 olsa da, bu sənətdə xeyli məsafə qət ediblər. Həm nəzəri bilikləri, həm oxu tərzləri, həm də səs diapazonları onları peşəkar adlandırmağa imkan verir. Bu yaxınlarda “Böyük səhnə” layihəsi üçün Ukraynaya getmişdim. Müsabiqəyə peşəkar sayıla biləcək xeyli sayda gənclərimiz qatılmışdı. Bu da bir daha onu göstərir ki, peşəkarlıq sırf yaşla əlaqəli məfhum deyil, sadəcə, yaşla püxtələşən anlayışdır.

- Siz özünüz bu yolu necə keçmisiniz?
- Yəqin bilirsiniz ki, mənim sənət yolum qürbətdən, əslində isə qədim Azərbaycan torpağı İrəvandan başlayıb. Milli münaqişənin hələ təzə közərdiyi illərə qədər zahirən hər şey normal görünürdü. Bununla belə, erməni cəmiyyətində azərbaycanlılara qarşı daxili nifrət həmişə olub, bunu biz də hiss etmişik. Biz hələ gənc ikən məscidləri bağlayırdılar, azərbaycanlıların kompakt yaşadığı məhəllələri park salmaq adı ilə sökürdülər. Bu cür hallar az da olsa baş verirdi. Məşhurluğuma, konsertlərdə tez-tez yer almağıma baxmayaraq, məni də sıxışdırmağa başladılar. Televiziyada yayımlanan konsertlərdə oxuduğum hissələri kəsib çıxarırdılar, bəzi konsertlərə bilərəkdən dəvət etmirdilər. Bütün bunlar mənə olduqca pis təsir edirdi. Öz-özümə sual edirdim ki, axı mən niyə öz millətimin arasında deyiləm ki, bütün bunlar da mənim başıma gəlir?! 70-ci illərdə Azərbaycana gəlməyə qərar verdim. O vaxt Azərbaycanda da sənətdə müəyyən problemlər, intriqalar var idi. Ancaq şükürlər olsun ki, Rəşid Behbudovla səhnə paylaşdım, ondan həm peşəkarlıq, həm də peşə əxlaqı ilə bağlı dərslər aldım, püxtələşdim. Yeri gəlmişkən, bir hadisəni danışım. Bir dəfə Rəşid müəllim konsert zamanı zalı yarım saatlıq mənə həvalə etdi, dedi, çıx, oxu, meydan sənindi. Mən də, belə desək, bu imkandan istifadə edib daha əmin, daha özündən razı oxumağa başladım. Hətta zal ilə söhbət də etdim. Sən demə, Rəşid müəllim bütün hərəkətlərimə fikir verirmiş. Səhnədən düşəndə mənə dedi ki, hər şey yaxşı idi, ancaq cümlələri birinci şəxsin təkində az qur. Unutma ki, zalda müəllimdən tutmuş akademikə qədər hər cür insan var.
Çox təəssüf ki, indi belə deyil, müğənni auditoriyaya dərs keçməyə çalışır, ancaq unudur ki, onu yaşadan da, bu zirvəyə qaldıran da tamaşaçıdır. Ona görə də gənclər, ümumiyyətlə, sənətdə olan hər kəs tamaşaçıya hörmətlə yanaşmağı öyrənməlidir, özünü ondan yüksək tutmamalıdır. Bəstəkarlar arasında da bu var. Bəzən elə adamlar gəlib elə mahnı təklif edirlər ki, nə cavab verəcəyini belə bilmirsən. Hələ “bu mahnını sizin üçün yazmışam, ancaq sizin ifanızda görürəm bu mahnını” deyənlər var ki, etika xətrinə kəskin söz işlətmirsən. Deyə bilmirsən ki, bu qədər zəngin musiqisi, muğamı olan millətin belə cılız bəstələri olmamalıdır axı.

 “Vətənpərvərlik mahnıları insanları ağlatmaq üçün deyil, mübarizəyə səsləmək üçündür”

- Sənətdəki bir çox bacarıqlı gənclər dünyaya çıxmalı olduqları halda heç yerli səhnədə yetərincə görünmürlər. “Eurovision” kimi böyük mahnı müsabiqələrində ölkəmizi uğurla təmsil edənlər niyə üzdə deyillər?
- Olduqca ağrılı məqama toxunursunuz. Mənim özümün də münsiflər heyətində əyləşdiyim bir neçə müsabiqə keçirildi. İştirakçıların arasından ən layiqlilərini seçib ortaya çıxarmağa çalışdıq. Həqiqətən də aralarında istedadlı, musiqi duyumu, xarici görünüşü olan gənclərimiz çoxdur. Biz bu müsabiqələri keçirərkən fikirləşirdik ki, müəyyən yollarla onlara dünya səhnəsinə çıxmaq üçün imkanlar yaradaq. Onlardan bəziləri “Eurovision” mahnı müsabiqəsinə qatılıb uğurla vətənə döndülər. Ancaq son nəticə dəyişmədi. Bu gün ən böyük tədbirlərdə onlar yoxdurlar, öndə deyillər. Hansı ki, bu gün onlar böyük menecerlərlə müqavilə bağlayıb dünya şou-biznesinə qoşulmalı idilər. Bütün bunlar ona görə baş vermədi ki, bizdə peşəkar, böyük maddi-texniki bazaya sahib prodüser mərkəzləri, prodakşnlar formalaşmayıb. Bu gənclər də, yumşaq desək, havada qaldılar, kimlə və necə işləyəcəklərini bilmədilər. Halbuki, onlar üçün dünya səviyyəsində mahnılar yazılmalı, kliplər çəkilməli, böyük arenalarda konsertlər təşkil olunmalı, albom satışlarından, konsertlərdən gələn gəlirlər də müğənni ilə prodüser mərkəzi arasında bölünməli idi. Ancaq çox təəssüf ki, bu məsələdə kifayət qədər gecikdik, bu işlər qurulmadı. Mən şəxsən çox istərdim ki, ən azı ölkə gənclərinin dünya arenasına çıxışını təmin etmək üçün dövlət xətti ilə hər hansı bir agentlik yaradılsın, ən azı həmin gənclər Avropada fəaliyyət göstərən prodüser mərkəzlərinə çıxış əldə etsinlər və özlərini orada reallaşdırsınlar. Bu, ölkəmizin tanıtımı baxımından çox önəmlidir. Bizim dövrümüzdə Rəşid Behbudovu, Müslüm Maqomayevi, Zeynəb Xanlarovanı bir azərbaycanlı kimi bütün dünya tanıyırdı, baxmayaraq ki, heç müstəqil dövlət də deyildik. Bu gün də bizi müsbət yöndən dünyaya tanıdacaq sənətçilərə ehtiyacımız var.

- Daha bir narahatlıq doğuran məqam isə vətənpərvərlik mövzusunda mahnıların çoxluğu, amma təsir gücünün zəif olmasıdır...
- Düz deyirsiniz, bu gün, demək olar ki, hər bir müğənninin repertuarında bir və ya iki vətənpərvərlik mahnısı var. Ancaq onların nə ifa səviyyəsi, nə də mahnının bədii gücü kifayət qədər deyil. Buna səbəb müğənnidə, bəstəkarda səmimiyyət çatışmazlığıdır. Çünki bir çoxları bu cür mahnıları müəyyən tədbirlərdə çıxış etmək xətrinə oxuyurlar. Ona görə də bu cür mənzərə yaranır. Ancaq məqsəd nə olursa olsun, səmimi ifa edilməyən, səmimiyyətdən doğulmayan mahnılar vətənpərvərlik mahnıları hesab edilə bilməz. Mənə bir neçə il əvvəl bir vətənpərvərlik mahnısı təklif olunmuşdu. Ancaq o mahnıda yazıqlıq, ruh düşkünlüyü olduğu üçün təklifi geri çevirdim. Düzdür, başqa bir müğənni oxudu, pis də oxumadı. Ancaq mən yenə də o qənaətdəyəm ki, vətənpərvərlik mahnıları insanları ağlatmaq, sızlatmaq üçün deyil, mübarizəyə səsləmək üçündür!

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar