“Mədəniyyət bir təməlin ən mühüm ünsürüdür. Bir toplumun torpağı işğal edilsə,
o, qurtula bilər, amma mədəniyyətini itirsə, onun təkrar özünə gəlməsi mümkün deyil”
“Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar” qurumu (YTB) Türkiyənin yeni qurumlarından biri hesab olunur. Qurulmasından az müddət keçməsinə baxmayaraq, Azərbaycan da daxil olmaqla ortaq türk mədəniyyətinin dünyada tanıdılmasında, tariximizin araşdırılmasında, türkdilli xalqların bir araya gətirilməsində önəmli rol oynamaqdadır. Qurumun rəhbəri Qüdrət Bülbül ilə müsahibəmizdə YTB-nin fəaliyyəti, prioritetləri, planları barədə danışdıq.
- “Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar” qurumunun yaranmasının səbəbləri nə idi?
- Bizim qurum Türkiyədə geniş perspektivi ilə tanınır. Bir cümlə ilə ifadə etmək lazım olarsa, yeni Türkiyəni tarixi, coğrafiyası və toplumu ilə barışan bir Türkiyə olaraq təyin edirəm. Biz digər türkdilli soydaşlarımızla birlikdə uzun köç mədəniyyətinin övladlarıyıq. Bu anlamda bu kökdən qidalanan nəsillər dünyanın hər yerinə yayılması ilə bərabər sıx olaraq yaşadıqları yerlər var. İki yüz ildir ki, ulus dövlətlərlə birlikdə öz içimizə qapanmışıq. Hətta 1990-cı illərə qədər, məsələn, Qafqazda nə qədər soydaşlarımızın yaşadığını Türkiyədə soruşsaydınız, buna nə qədər adam doğru cavab verə bilərdi, demək çətindir. Türkiyə 1980-ci illərdən, Turqut Özalın zamanından başlayaraq dünyaya daha çox açılan, əlaqələr quran bir hala gəldi. Zaman-zaman bu səylər davam etdi. Amma 2000-ci ildən başlayaraq Türkiyə öz coğrafiyası, tarixi ilə barışan bir ölkə oldu. Biz buna “Yeni Türkiyə” deyirik. Tarixin bir dönəmini qəbul edib, başqa bir dönəmi rədd etməyən, onu bütöv tarix olaraq qəbul edən perspektiv - tarixlə barışmağı ehtiva edir. Beləliklə, uzun illər başlı-başına buraxılan xaricdəki vətəndaşlarımız, soydaşlarımız, həmvətənlərimizlə yaxından maraqlanmaq lazım idi. Avropada yaşayan milyonlarla vətəndaşımız, bir çox diaspor qurumlarımız var. Son 150 ildə Afrika, Asiya, Yaxın Şərq, Qafqazda yaşayan soydaşlarımızla əlaqələrimiz kəsilmişdi. Bizim 100 il əvvəlki baş nazirimiz bir misirli, 140 il öncəki bir tunisli idi. Hətta Krımda İsmayıl Qaspıralının nəşr etdiyi bir qəzet (“Tərcüman” - red.) İstanbulda çox yaxından izlənilirdi. Yaxın keçmişdə isə bu əlaqələr unudulmuşdu. Bu mənada həmin əlaqələri yenidən canlandırmağa çalışırıq. YTB-nin fəaliyyətində üç istiqamət var: birincisi, diaspor fəaliyyəti, ikincisi, soydaş və qohum topluluqlarla iş, nəhayət, üçüncüsü, beynəlxalq abituriyentlərə dövlət burslarının (təqaüdlərinin) verilməsi. Mənim universitetdə təhsil aldığım illərdə belə bir fikir ətrafında diskussiya gedirdi: türk dili elm dili ola bilərmi? Bizim müəllimlər deyirdi ki, ola bilməz. Amma bu gün dünyanın hər tərəfindən yüzminlərlə insan Türkiyəyə gəlmək, təhsillərini türk dilində almaq istəyirlər.
- Mədəniyyət sahəsində hansı layihələrə önəm verirsiniz?
- Mədəniyyət bizim fəaliyyətimizin ikinci istiqamətinə aiddir. Tarix və əlaqələrimizin dərin olduğu bir coğrafiya və bu coğrafiyada tariximiz var. Bizim kimliyimizə daha çox dəyər verən ortaq bir keçmişimiz olub. Bu istər Türkiyəyə, istərsə də Azərbaycana aiddir. Amma son yüz ildə ortaya bir unutqanlıq çıxır. Bu sahədə ortaq mədəni dəyərləri ortaya çıxaran bir çox layihələrimiz, fəaliyyət istiqamətlərimiz var. Məsələn, ötən ilin oktyabr ayında gerçəkləşdirdiyimiz “Çanaqqala 100 il sonra” layihəsi bunlardan biri idi. Yüz il əvvəl Osmanlı dövlətinin təşəbbüsü ilə Suriya, Fələstin və Liviyadan 30 nəfərədək alim və yazardan ibarət heyət Çanaqqalaya gəlmiş, qanlı savaşın getdiyi bu torpaqda baş verənləri öz gözləri ilə görmüş və geri döndükdən sonra cəbhədə gördüklərini qələmə alaraq baş verən hadisələri bütün dünyaya anlatmağa çalmışdılar. Yüz il sonra biz bu tarixi səfəri yenidən canlandırmaq, təkrar etmək məqsədilə ərəb ölkələri də daxil olmaqla dünyanın müxtəlif yerlərindən tarixçi, yazıçı, media nümayəndələrini bir araya gətirdik. Səfərdə Suriya, Livan, Fələstin, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan, Misir, Tunis, Yəmən, Bosniya və Kosovodan nümayəndələr iştirak edirdi. Biz il boyu elan etdiyimiz mədəniyyət layihələrinə dəstək veririk. Tarixi ortaq şəxsiyyətimiz olan İsmayıl Qaspıralı ilə bağlı da layihə gerçəkləşdirdik. Məsələn, Krımdakı tarixi-mədəni əsərlərin də identisifikasiyasını apardıq. Krıma gedən heyət əcdadlarımızdan bizə qalan - daşdan başlayaraq sənədlərə qədər hər şeyin qeydiyyatını apardıq. Nəticədə ortaya qalın bir kitab çıxdı. Digər bir layihə “Sözlü tarix”dir. 1944-cü ildə oradakı insanları öz ata-baba yurdlarından sürgün etdilər. Bu tarixlə bağlı bir fəaliyyət yox idi. Bu baxımdan biz 80-90 yaşında adamlarla müsahibələr apardıq və ortaya sənədli bir tarix qoyduq. Bənzər layihəni Ahıska türkləri ilə bağlı da həyata keçirməyi düşünürük.
- 2016-cı ili “Kosovo ili” elan etmisiniz. Bu layihə nə vəd edir türk dünyasına?
- Fəaliyyət sahəmiz çox genişdir və sanki bir okeanda üzməyə çalışan qurumuq. Belə qərara gəldik ki, bu ili bir ölkəyə həsr edək və orada daha sıx tədbirlər keçirək. İlk olaraq Balkanlardan, Kosovodan başladıq. Gələcəkdə biz “Azərbaycan ili”, digər ölkələrlə bağlı layihələr də elan edə bilərik. Bizim digər qurumlar da bu layihəni çox müsbət qarşıladılar. Ümid edirəm ki, uğurlu bir layihə olacaq. İlboyu Kosovo ilə bağlı elmi, mədəni layihələrə dəstək verəcəyik.
- Azərbaycanla əməkdaşlıq istiqamətində hansı perspektivlər var?
- Azərbaycan Strateji Araşdırmalar Mərkəzi çox gözəl bir layihə gerçəkləşdirmişdi və mən də ona qatılmışdım. Bu baxımdan ASAM ilə əlaqələrimiz var və gələcəkdə bunu daha da genişləndirməyi düşünürük. Diaspor ilə bağlı da Azərbaycanla birgə fəaliyyətimiz ola bilər. Türkiyə ilə Azərbaycan diasporunun ortaq fəaliyyətinə birgə dəstək verməyi düşünürük.
- Müsahibələrinizin birində soydaş və qohum topluluqlarla əlaqələr baxımından yüz il öncəkindən daha yaxşı bir vəziyyətdə deyilik, demisiniz...
- SSRİ-nin dağılmasından sonra yaxşı bir nöqtəyə gəldik. Aradan keçən 20-25 ildən sonra artıq biz bir araya gəlib bir-birimizlə danışa bilirik. Qeyd etdiyim kimi yüz il öncə İsmayıl Qaspıralının qəzeti İstanbulda izlənilirdi. Misirdə çıxan bir jurnal İstanbulda tanınırdı. Amma bu gün 100 il öncəki durumda olduğumuzdan əmin deyiləm. Yeni Türkiyənin qurumları çox sahələrdə öz fəaliyyətlərini genişləndirirlər. Ona görə ki, bu gün mən də daxil olmaqla bütün məmurları toplayaraq, məsələn, Misirdən məmur bürokrat adı deyin, soruşsaq, cavab vermələrindən əmin deyiləm. Ankaradakılara Bakıdan 3 qəzetçi adı soruşsanız doğru cavab vermələrinə də ümid etmirəm. Yəni əvvəlcə bir-birimizi tanımalıyıq ki, ortaq bir mədəniyyətin övladları olduğumuzu daha yaxşı bilək. Ona görə bir çox eyni məslək adamlarını zaman-zaman bir araya gətiririk. Qət edəcəyimiz məsafə önəmlidir. Hələ ki, yolumuzun əvvəlindəyik. Türkiyə ilə Azərbaycan dost və qardaş ölkədir. Yazıçı, qəzetçi, alim, məmur və başqalarının bir-birini daha çox tanımaları lazımdır. Biz də bunun üçün əlimizdən gələni edirik. Bu baxımdan bizim üçün mədəni fəaliyyətlər də çox dəyərlidir. Çünki mədəniyyət bir təməlin ən mühüm ünsürüdür. Bir toplumun torpağı işğal edilsə, o, qurtula bilər, amma mədəniyyəti işğal olunsa, mədəniyyətini itirsə, onun təkrar özünə gəlməsi mümkün deyil. Bu, Azərbaycanın yaşadığı bir gerçəkdir. Azərbaycan xalqı uzun illər rus işğalı altında yaşadı, amma milli kimliyini, mədəniyyətini, dilini, dəyərlərini güclə, böyük mübarizə əzmi ilə qoruyub saxladı.
- Qüdrət bəy, müsahibə müddətində otağınızdakı ab-hava da diqqətimdən yayınmadı. Bura bir məmur otağından daha çox botanika bağına bənzəyir. Sanki qapalı bir mühitdə özünüzə kiçik təbiət guşəsi yaratmısınız...
- İnsana onun böyüdüyü coğrafiya çox təsir edər və onu formalaşdırar. Bu mənim həyatımda da belə oldu. Otağımda bu qədər çox yaşıllığın olması mənim yetişdiyim mühitlə bağlıdır. Uşaqlığım kənddə, təbiət qoynunda keçib. Bu da bizim ruhumuza təsir edir. Bizim kimi insanlar qapalı bir mühitdə narahat olur. İstər ağac, istər çiçək, istərsə də, böcək olsun - mütləq fərqli bir nəsnə olmalıdır ətrafımızda. Kənd mühitində böyümək uşaqlığımın ən böyük şansıdır. Çünki həmin illərdə ailəmizin ən böyük dəyəri - mal-qara, qoyun-quzu sürüləri cəmi 8-10 yaşımızda bizlərə həvalə edilirdi. Bu inanılmaz bir məsuliyyətdir. Heyvan sürüsünə zərər vermədən onu gətirib ailəyə təhvil verərdik. Bu məsuliyyəti yaşamaq çox gözəldir. İndi 8-10 yaşında uşağı bir baqqala göndərəndə narahat oluruq. Müasir yaşayışın insanlara yaratdığı ən böyük problem təhlükəsizlik qayğısıdır.
Mehparə Sultanova
Ankara