Türkiyədə əslən azərbaycanlı olan insanlarla söhbət çox maraqlıdır. Müxtəlif illərdə fərqli səbəblərdən Azərbaycandan köç edən soydaşlarımız dili, dini bir olan ölkədə yaşasalar da, vətən xiffəti onları heç vaxt tərk etməyib. Sovet dövründə vətən həsrətli bu insanlara az da olsa təsəlli sadəcə radio olub: doğma səsi, musiqini eşidib ovundura biliblər özlərini.
Belə insanlardan biri - Azərbaycanda yaxşı tanınan yazıçı və şair, İstanbul Universiteti beynəlxalq əlaqələr fakültəsinin müəllimi, dosent, Yazıçılar Birliyinin həm də Türkiyə üzrə nümayəndəsi İrfan Çiftçi ilə həmsöhbət olduq.


- Mən Qarsda doğulmuşam. Xatırlayıram ki, kiçik yaşlarımda bizdə radio var idi və həftədə bir dəfə "Danışır Bakı" proqramı yayımlanırdı. Cümə axşamı günləri yaşlılar bir yerə toplanırdı. O zaman bir aşıq verilişi vardı və yarım saata qədər davam edərdi. Təsəvvür edin ki, radio dalğanı güclə çəkərdi. O vaxtkı texniki əngəllər üzündən açıq-aydın, sona qədər dinləmək mümkün olmurdu. Amma bütün bu əngəllərə baxmayaraq, radionun başına toplanan bütün kənd camaatı həmin verilişi dinləyib ağlardı. Ümumiyyətlə, Azərbaycan radiosunun həyatımızda çox fərqli rolu oldu. İllər uzunu "qapı açılsın" deyə gözləyərkən, həmişə qulaqlarımız səsdə oldu. Televiziya və başqa informasiya texnologiyalarının olmadığı vaxtda və sonrakı zamanlarda əslində ruhən bizi bu radiolar hazırladı. Həsrətlə gözləyərdik ki, Azərbaycan dilində indi bir proqram dinləyəcəyik. Göründüyü kimi, sərhədlər bağlı olsa da, könül istədiyi üçün bir-birimizi tapa bildik. İlk əlaqələrimiz qohumlarımızla quruldu. BDU-nun rektoru Abel Məhərrəmov bizim bibimizin oğludur. Ondan başqa da Azərbaycanda çoxlu qohumlarımız var.

- İrfan bəy, siz həm də Azərbaycan Yazıçılar Birliyinin Türkiyə üzrə rəsmi nümayəndəsisiniz. Türkiyədəki fəaliyyətiniz çox genişdir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu əlaqələr 80-ci illərdən başladı. O zaman əlaqələri, əməkdaşlığı daha çox Güneydən qurardıq. İlk dəfə rəhmətlik Cavad Heyətin "Varlıq" jurnalını aldıq, ondan sonra Bakıda “Vətən” Cəmiyyətinin çıxardığı nəşrləri əldə edirdik. 1988-1989-cu illərdə Türkiyədə sovet konsulluğuna aylarla gedib-gəldim. “Vətən” Cəmiyyətinin çıxardığı qəzetləri müqəddəs əşyalar kimi gəzdirirdik. Kiril əlifbasını da elə o zaman öyrəndim. Bu gün bir düyməyə basdığımız zaman minlərlə səhifə, şəkil ora-bura gedir. Amma təəssüf ki, ədəbi əlaqələrin kifayət qədər inkişaf etdiyini, genişləndiyini söyləmək mümkün deyil. Bəlkə də tənbəlik. O biri tərəfləri günahlandırmıram, özümüz üçün deyirəm. Türkiyənin intellektual adamları, Azərbaycanın ziyalıları, ədəbi mühit təmsilçiləri, məsələn, pop musiqi sənətçiləri qədər çalışqan deyillər. Musiqi əlaqələrindən danışanda da daha çox onlar yada düşür. Demək istəyirəm ki, bizim əlaqələrimiz onlar qədər deyil.

- Azərbaycan mediasını yaxından izləyirsiniz. Hətta bizim mətbuatda Azərbaycan ziyalılarının sözləri bir az çəp gəldiyi zaman belə, siz o saat buradan müdaxilə edir, bir barışıq yolunu tutmağa çalışırsınız...
- Düşünürəm ki, hər zaman yaxşılığa çalışmaq lazımdır. Yıxmaq hər zaman asan, düzəltmək hər zaman çətindir. İndi bütün dünyada çox asanca media üzərindən psixoloji müharibə gedir. Bunlar ziyalılar üzərindən də edilir. Yəni bizim həqiqətən ixtilaf edəcəyimiz şeylərdən daha çox ittifaq etməyə ehtiyacımız var. Bu vəziyyət Azərbaycanda da, Özbəkistanda da, Tatarıstanda da, Türkiyədə də eynidir. Yəni bütün türk dünyası, islam aləmi yaxşı vəziyyətdə deyil. Yaxşı vəziyyətdə olmamağımızın səbəbi bərabərlik içində ola bilməməyimizdir. Bir-birimizin fərqli tərəflərini daha çox ön plana çıxarırıq. Bəzən yaxşı tərəfləri artırmaq yerinə, pis tərəfləri daha çox qaşıyıb, qanatmaq istiqamətində çalışırıq. Bunların qarşısını almaq lazımdır. Bu amillər bir az cahillik, bir az paxıllıq, bir az da dünyaya doğru hədəfləri olmamaqdan qaynaqlanır. Məsələn, bir ingilis "Pakistanla nə edə bilərəm, Kanada ilə nə edə bilərəm, Türkiyə ilə nə edə bilərəm?" deyə düşünür, daha "qonşumun evi mənim evimdən niyə daha yüksəkdi?" deyə qalxıb səhərdən ona baxmır. İçinə qapalı bir xasiyyətimiz olduğundan belədir. Məsələn, Rusiyanın Azərbaycanla bağlı 20 illik planı var. Azərbaycanın Rusiya ilə 30 illik planı yoxdurmu? Niyə olmasın? O, böyük dövlətdir. Hər kəs özünə görə. O bir kilometrlik plan qurar, siz də 100 metrlik edərsiniz. İçinə bağlandığı zaman insanlar bir-biriylə dava edər, ətraf dünyaya doğru açıldığı zaman, ortaq hədəfləri olduğu zaman irəli doğru gedər.

- İrfan bəy, bu məsələlərə Türkiyədə dəstək olan qurumlardan biri TRT-dir, bir çox dillərdə verilişlər yayır. Siz də uzun illərdir TRT ilə sıx bağlı olan insansınız...
- TRT 41 dildə radio və televiziya verilişləri yayımlayır. Bu nöqtədə TRT həqiqətən vizioner, qabaqcıl təşkilatlardan biridir. Amma universitet mənsubu olduğum üçün deyirəm ki, universitetlərimiz kifayət qədər dünyaya açıq deyil. Onlar TRT qədər mədəniyyət coğrafiyamızla əlaqəli deyillər.

- Ali məktəblərdən söz düşmüşkən, bu gün ölkələrimiz arasında universitetlərarası əlaqələrdən razısızmı?
- Bu gün böyük universitetlərimiz, məsələn, bizim İstanbul Universiteti Bakı Dövlət Universitetinin diplomunu tanımır. BDU da bizim universitetin diplomunu tanımır. Belə şey olarmı? Türkiyənin Avropa ölkələri ilə proqramları var. Erasmus proqramı kimi proqramlarımızın olması lazımdır. Bu gün Azərbaycan universitetləri, Özbəkistan universitetləri Rusiya, Belarus, Ukrayna ilə daha rahat əlaqə qururlar, amma bizimlə deyil. Proqram formatlarımız bir-birinə uyğun gəlmir.

- Sizin bir şair, yazıçı kimi yaradıcılığınıza toxunmaq istərdim. Şeirlərinizdə özünəməxsus cizgilər, poetik özəlliklər var...
- Hər insan bir yerdə adının ağırlığını daşıyır. Bu çətin olur hər bir halda. Bunu Ramiz Rövşən də demişdi: "Həm Aşıq Ələsgər, həm də Rilkeni oxuyan İrfan bəydən başqa adam tanımıram". Bu, məncə, təbiət (yaranış) məsələsi, içində yetişdiyimiz şeylərlə bağlıdır. Mənim babam mədrəsə məzunu, molla idi və məni də o yetişdirdi. 4 yaşımda oxuma-yazma öyrəndim. Həmişə aşıq məclislərində, böyüklərin arasında olurdum, onların söhbətləri çox xoşuma gəlirdi. Görünür, buna görədir ki, həm klassik, həm də postmodern bir adam oldum. Klassiklərimizə - Füzuliyə, Mövlanəyə, Nizamiyə, Yunus Əmrəyə baxaq. Bu gün haqqında cildlərlə yazılan şeyləri onlar iki cümlədə, bir misrada söyləyirlər. Əsas budur. Mənim üçün şeirimi çox insanın oxuması vacib deyil. Fəqət, oxumağı bilənlər mənim şeirlərimi oxuyurlar. Bir sözlə, həyatımdan olduğu kimi, ədəbiyyat tərəfimdən də arxayınam.

- Sizi həm də “mədəniyyət adamı” adlandırmaq olarmı?
- Bilirsiniz, tələbəlik illərində jurnalistlik, nəşriyyatçılıq, sonra rejissorluq işində, UNESCO-da işlədim. Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı olanda Mədəniyyət idarəsinin rəhbərlərindən biriydim. Milli və beynəlxalq mədəniyyət-sənət festivalları və bir çox tədbirin rejissoru, prodüseri olduğumu da qeyd edə bilərəm. Qısaca, bir çox dünya ölkəsində oldum və həmişə də şair, mədəniyyət adamı olaraq qaldım. Dünyaya heç vaxt bir siyasətçi kimi baxmadım. Çünki siyasət çoxölçülü həyatın, sadəcə, bir ölçüsüdür. Bu, kimlərəsə cazibədar görünə bilər. Mənsə dünyada baş verənləri anlamaq üçün özümü balaca bir vasitəçi kimi hiss edirəm. Cəmiyyətləri, dövlətləri, əsas da insanı dərk eləmək üçün mədəni irs, etnoqrafiya, məişət və ya yemək mədəniyyəti, evlilik adətləri, memarlıq simvolları bizə siyasətdən daha çox məlumat və ruh verə bilir.

Mehparə Sultanova
Ankara