Qədim abidələrin və evlərin tarixi memarlıq üslubuna toxunmadan bərpa edilməsi və uyğun istifadəsi Türkiyənin hazırkı şəhərsalma siyasətində mühüm yer tutur. Bunun sayəsində tarixi tikililər, qədim abidələr daha güvənli şəkildə qorunur. Bugünlərdə qədim tikililəri ilə məşhur Safranbolu şəhərində olarkən Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylanın bu barədə fikirlərini soruşduq.
- Qədim abidələr, xüsusilə də tarixi evlər Türkiyə şəhərsalmasında necə yer tutur və onların qorunması özünü doğruldurmu?
- Türkiyədə tarixi şəhərlər çoxdur. Onların tarixi xüsusiyyətlərinə toxunmadan qorunması üçün nazirlik olaraq yerli qurumlarla birgə çalışırıq. Harada bir tarixi tikili varsa, oranı bələdiyyə və digər qurumlarımızın köməyi ilə bərpa edirik. Türkiyədə bu düşüncə getdikcə daha da genişlənir. Məsələn, Anadolunun müxtəlif şəhərlərində bələdiyyə başqanları, kaymakamlar (yerli icra nümayəndələri - red.), eləcə də müxtəlif QHT-lər bu işdə çox maraqlıdır. Əminliklə deyə bilərəm ki, bu sahədə önəmli bir nöqtəyə gəlmişik. Bir çox qədim şəhərlərdə küçələrin təmir-bərpası layihələrini həyata keçiririk. Şəhərsalma siyasətimizin mühüm bir istiqaməti içində yaşayaraq qorumaq prinsipi üzərində qurulub.
- Buna aid hansısa nümunə göstərmək olarmı?
- Təbii. Məsələn, elə götürək Safranbolunu. UNESCO-nun Dünya irsi siyahısında yer alan Safranboluda ənənəvi “Altın safran” sənədli film festivalı çərçivəsində qədim evlərdən birinə “Ən yaxşı bərpa edilən ev” plaketini vurduq. Safranbolu bu baxımdan bir örnək, “qədim irsin qorunması paytaxtı” adlandırılan bir şəhərdir. 50 ildir ki, Safranboluda çox düşüncəli bir şəkildə mədəni mirasın qorunması prosesi aparılmaqdadır. Türkiyədə ilk dəfə İstanbulun tarixi yarımadası və Safranbolu şəhər halında UNESCO-nun Dünya irsi siyahısına daxil olub. Bu baxımdan Safranbolu özünü isbat etmiş şəhərdir. Artıq 17 ildir keçirilən “Altın safran” beynəlxalq sənədli film festivalı vəsiləsilə də mədəni miras təbliğ olunmaqdadır. Şəhərlərin daha keyfiyyətli bərpa olunmasını təbliğ edirik. “Ən yaxşı qorunan ev”, “Ən yaxşı bərpa edilən ev” müsabiqələrində də məqsəd budur.
- Bu ay Bakıda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayı keçiriləcək. Gözləntiləriniz nədir?
- Əvvəla deyim ki, mən Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvüyəm. Azərbaycan daxil olmaqla türkdilli ölkələrdə də bu mövzuda bir müzakirə, fikir mübadiləsinin aparılmasını istəyirik. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili elan edib və bundan da qürur hissi keçiririk. Bizim qurultaylarımızın devizi “Dildə, fikirdə, işdə birlik”dir. Qurultay çərçivəsində həm də növbəti Memar Sinan olimpiadasını gerçəkləşdirəcəyik.
Mehparə Sultanova
Ankara