Cəmiyyətin mədəni həyatında mühüm yeri olan muzeylər tarix və mədəniyyətin, mənəvi dəyərlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında çox əhəmiyyətli təbliğat vasitəsidir. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə ixtisaslaşmış muzey müəssisələri ilə yanaşı, ayrı-ayrı təşkilatların nəzdində, o cümlədən ali təhsil ocaqlarında da muzeylər fəaliyyət göstərir. 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetində hazırda 4 muzey var.
"Universitet dünyası"
Ali təhsil ocağında ilk muzey 1997-ci ildə təşkil edilib. "Universitet dünyası" adlı muzeyin ekspozisiyası üç zalda xronoloji ardıcıllıqla tərtib edilib. Burada 1939-1954-cü illərdə Naxçıvanda fəaliyyət göstərmiş Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun fəaliyyətinə həsr edilmiş eksponatlar, sənədlər, fotolar, habelə təhsil ocağının sonrakı dövrlərini əks etdirən sənədlər, materiallar nümayiş olunur. Naxçıvanın tanınmış alimləri, mədəniyyət, incəsənət, ədəbiyyat və teatr xadimləri, yaradıcı ziyalıları haqqında da buradan məlumat almaq olar.
“Məktəb tarixi"
Universitet Elmi Şurasının qərarı ilə "Məktəb tarixi" adlı digər muzey 2007-ci ildə fəaliyyətə başlayıb. Muzey ictimai-pedaqoji fikir tariximizin daha dərindən mənimsənilməsi, alimlərimizin, yazıçı və şairlərimizin, mütəfəkkirlərimizin fikir və düşüncələrini tələbələr tərəfindən dərindən öyrənilməsinə kömək məqsədilə yaradılıb. Tədris prosesində ekspozisiyalardan, o cümlədən yazıçı və şairlərimizin həyat və yaradıcılığı haqqında materiallardan səmərəli şəkildə istifadə olunur, dərslərin əyaniliyi təmin edilir.
"Botanika muzeyi"
"Botanika muzeyi" universitetin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi müəllim və tələbələrin təşəbbüsü ilə təşkil edilib. Burada toplanmış əşyalar, eksponatlar Naxçıvan Muxtar Respublikasının qədim və zəngin təbiətə malik bitki aləmini, minerallarını özündə əks etdirir. Bu materiallar elmi surətdə öyrənilir. Muzeyin profilini əks etdirən ekspozisiyada yerli xammal əsasında alınmış dərman preparatları, bitkilərin quru halda qarışıqlarını dəmləmək üçün hazırlanmış məhsullar və onlar haqqında məlumatlar verilir.
"İdman muzeyi"
2007-ci ildən fəaliyyət göstərən "İdman muzeyi"ni təşkil etməkdə məqsəd gənclərin müxtəlif idman yarışlarında əldə etdikləri nailiyyətlərə aid materialları toplamaq, sənədləşdirib nəfis şəkildə muzey sərvətlərinə uyğun tərtib və nümayiş etdirməkdir. Muzeydə nümayiş etdirilən eksponatlar - kuboklar, diplomlar, medallar universitetin idman uğurları haqqında fikir formalaşdırır. Guşələrdə idmana aid bir çox jurnallar, qəzetlər, tələbələrin qalib komanda, eyni zamanda şəxsi qələbələrini əks etdirən fotolar da toplanıb.
Universitet muzeylərinə diqqət artırılır
Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru Məmməd Rzayev deyir ki, ali təhsil ocağına gələn qonaqlar muzeylərə böyük maraq göstərirlər. Onun sözlərinə görə, muzeylərin maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların fond tərkibinin məsələləri diqqət mərkəzində saxlanılır: “Hazırda “Məktəb tarixi” muzeyində əsaslı təmir işləri aparılır. Muzey ekspozisiyası yenidən qurulmaqla ziyarətçilərə təqdim olunacaq. “Botanika” muzeyinin yerləşdiyi bina da əsaslı təmir edildikdən sonra muzey daha maraqlı tərtibatda istifadəyə veriləcək”.
Ceyhun Zərbəliyev