Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə cəbhə bölgələrində və sərhədyanı rayonlarda konsert proqramları təşkil olunub.
   
   İlk konsert iyunun 20-də Ağdam rayonunda gerçəkləşib. “N” saylı hərbi hissədə təşkil olunan tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Hüseynov nazirliyin dəstəyi ilə bölgələrdə keçirilən bu kimi mədəni tədbirləri yüksək qiymətləndirib.
   Sonra tanınmış incəsənət xadimləri və sənətçilər əsgərlər qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Xalq artisti Canəli Əkbərov, Əməkdar artist Zakir Əliyev, estrada müğənnisi Nəzakət Məmmədova, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının solisti Rövşən Əziz, “Azəri-star” və “Xalq ulduzu” müsabiqəsinin iştirakçıları vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər, qiraət ustası Əməkdar artist Azad Şükürov şeirlər deyib. Xalq artisti Cəmilə Bayramova və rəqqas Ceyhun İbadovun məharətlə təqdim etdikləri milli rəqslərimiz alqışlarla qarşılanıb.
   Tədbirdə xalq artistləri Canəli Əkbərov və Cəmilə Bayramova hərbi hissənin fəxri fərmanları ilə təltif ediliblər.
   Bu silsilədən növbəti konsert iyunun 21-də Bərdə rayonunda keçirilib. Rayon mədəniyyət evində təşkil olunan tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Faqət Şadlinskaya çıxış edərək konsertin təşkilatçılarına minnətdarlığını bildirib. Silahlı Qüvvələr Günü münasibətilə həyata keçirilən aksiyanın əhalidə ruh yüksəkliyi yaratdığını, onların asudə vaxtının səmərəli təşkilinə təkan verdiyini deyib.
   Daha sonra Bakıdan gəlmiş incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olunub.
   
   Ceyhun