İyulun 4-də Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi və Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının birgə təşkilatçılığı ilə şair-jurnalist Ələddin İncəlinin yeni çapdan çıxmış “Üç kitab və ya Qarabağnamə” kitabının təqdimat mərasimi keçirilib.
   
   Rayon mədəniyyət evində keçirilən tədbiri şair Bilal Qoca açaraq Ələddin İncəlinin yaradıcılığından danışıb. Ələddin İncəli 1930-cu ildə Qazax bölgəsinin İncə dərəsindəki Kəmərli kəndində dünyaya göz açıb. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirib. Üç il Dağlıq Qarabağda müəllim, 45 il isə Qazax rayon qəzetində müxtəlif vəzifələrdə işləyib. Onun “Ceyran”, “Gəl Kür qırağına”, “Ömrün illəri”, “Əlvida XX əsr”, “Mərdi-mərdanə”, “Babam buyurdu: qoru bu yurdu” və s. kitabları ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanıb.
   Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Qazax zona sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, şairin sənət dostları, yazarlar çıxış edərək Ələddin İncəlinin vətəndaş duyğulu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Qarabağın dərdini çəkən şair, iti qələmli jurnalist olduğunu vurğulayıblar.
   MKS-nin direktoru Solmaz Babanlı və Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Nailə Əliyeva şair Ələddin İncəlini kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər. Aşıq Hüseyn və gənc aşıq Samirin ifasında şairin şeirlərinə həsr edilmiş mahnılar və el havaları səslənib. Sonda söz alan Ələddin İncəli tədbir iştirakçılarına minnətdarlığını bildirib və kitabından bir neçə nüsxəni mərkəzi kitabxanaya hədiyyə edib.