Son illər ölkəmizin əksər bölgələrdə arxeoloji qazıntılar aparılır, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və həmçinin yeni abidələrin aşkarlanıb uçota alınmasına mühüm diqqət verilir. Bölgələrdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar Azərbaycanın qədim tarixinin bir çox səhifələrinə işıq salır.
   
   Bu baxımdan Astara rayonu ərazisində aşkarlanıb tədqiq olunmalı qədim yerlər çoxdur. Bu yaxınlarda rayonun Sım kəndindəki Utey ərazisində yerə basdırılmış küp, bir neçə yazılı daş, köhnə tikililərin qalıqları, yeraltı yol (lağım) aşkarlanıb. Abidələrin tədqiq olunması və əhəmiyyət dərəcəsinin müəyyənləşdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və ekspedisiyanın əməkdaşı Tofiq Əzizov rayonumuza ezam olunublar. Alimlər abidələrə baxış keçirərək onların daha geniş miqyasda tədqiq olunması üçün ərazidə arxeoloji qazıntıların aparılması barədə öz təkliflərini hazırlayıblar.   

   Əfqan Şəfiyev,
   Astara