Bülbül - 115
      
   
   Xalq yazıçısı, akademik Mirzə İbrahimov məqalələrinin birində yazmışdır: “Bülbül sözün tam mənasında ölməz böyük sənətkardır. Onun qranit heykəli xalqın ürəyindədir”.
   
   Məşhur müğənni, milli peşəkar vokal sənətimizin banisi Bülbül (Murtuza Məşədirza oğlu Məmmədov) 1897-ci ildə Şuşada dünyaya gəlmiş, bu yurdun füsunkar təbiətindən və o dövrün məşhur xanəndələrinin ürəkaçan səsindən ilham almışdır. Onun bülbül tək incə oxusunu görən şəhər əhli balaca Murtuzaya Bülbül adını vermişdir. O, kiçik yaşlarından xalq məclislərində çıxış edib. Xalq məclisləri Bülbülün ilk musiqi məktəbi olub.
   Sonralar İtaliyada yüksək musiqi təhsili alan sənətkar klassik və milli operalarımızda çıxış etməklə yanaşı, Azərbaycan mahnı və təsniflərini böyük ilham və məhəbbətlə oxuyurdu. O, “Süsən-sünbül”, “Yaxanı düymələ”, “Qalada yatmış idim” mahnılarını, “Rast”, “Segah” və “Şur” təsniflərini elə incəliklə ifa edirdi ki, görkəmli sənətkarlar belə “onların üstündə Bülbülün möhürü var” deyə bu musiqi parçalarını oxumağa cəsarət etməzdilər. Onun məlahətli səsi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da yayılmış, özünə saysız-hesabsız pərəstişkar tapmışdır.
   Bülbül xalqımız üçün dərin bir örnək dəryasıdır. Bu dəryadan bəhrələnmək xalqımız üçün musiqi tarixinin səhifələrini təkrar-təkrar vərəqləmək deməkdir. Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində dahi müğənniyə həsr olunmuş tədbirdə bu tarix bir daha vərəqləndi. Sənətkarın 115 illik yubileyinə həsr olunan tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədov açaraq Bülbül haqqında xatirələrini danışdı. Qəbələ Rayon İncəsənət Məktəbinin müəlliməsi Aysel Ağamoğlanova unudulmaz müğənninin sənət yolundan söz açdı.
   Bülbülün 115 illiyi ilə əlaqədar olaraq Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgi də açılmışdı. Tədbir iştirakçıları sərgi ilə tanış oldular, Bülbülün patefonda səsini dinlədilər.
   
   Ağgül Ağamoğlanova,
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi