Oğuz rayonuna həsr olunmuş kitab işıq üzü görüb
   
   Biz hər gün müxtəlif insanlarla rastlaşır, müxtəlif simalar görürük. Amma bəzən hər gün gördüyümüz, salamlaşdığımız insanlar haqqında mühüm olanlardan xəbərsiz oluruq. Halbuki onların cəmiyyətin inkişafına verdiyi töhfələr təqdirəlayiqdir.
   
   Nazim Hüseynlinin oxuculara təqdim olunan “Yurdum, torpağım, əzəl ünvanım - Oğuz” adlı yeni kitabı məhz belə insanlar haqqındadır. Kitab müəllifin el-obasına, sadə və zəhmətkeş insanlara bağlılığının, məhəbbətinin ifadəsidir.
   Nazim Hüseynli 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası bölümünü bitirib. Əmək fəaliyyətinə rayon qəzetində müxbir kimi başlamış, sonra şöbə müdiri, redaktor müavini, habelə bir sıra başqa vəzifələrdə işləmişdir. Hazırda “Oğuz yurdu” qəzetinin redaktorudur. Oğuz bölgəsinin şeir və nəsr həvəskarlarının, yazarlarının yaradıcılıq nümunələrindən ibarət “Kövrək addımlar”, “Oğuzun sözü” almanaxlarının tərtibçisi və redaktoru, “Şabalıdlı dərə”, “Oğuz lətifələri”, “Uzun hörüklü qız”, “Oğuzdur elim mənim” kitablarının müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.
   Müəllif 2008-ci ildə çap edilmiş ”Oğuzdur elim mənim” adlı kitabının davamı - ikinci hissəsi kimi təqdim olunan bu nəşrdə də bölgə ilə bağlı bəzi məlumatlarla yanaşı, əsas diqqəti Oğuzun tanınmış ziyalılarının, müəllim, alim, həkim, hüquqşünas, iş adamları, mədəniyyət işçiləri və başqa peşə sahiblərinin ömür yolunun, fəaliyyətinin işıqlandırılmasına yönəltmişdir.
   N.Hüseynlinin oxuculara tanıtmaq istədiyi bu insanlar kimlərdir? XIX əsr Azərbaycan şairləri içərisində görkəmli yer tutan Mücrüm Kərim Vardani, Padarlı Abdulla, “Azərbaycan arxeologiyasının atası” adlandırılan Saleh Qazıyev, Avropa texnologiyalarını ilk dəfə Azərbaycana gətirmiş sahibkarlardan biri, Xalq Cümhuriyyətində millət vəkili olmuş Qərib Yüzbaşının oğlu, Padar kəndində atasının tikdirdiyi xəstəxanada insanlara təmənnasız tibbi xidmət göstərmiş Hümmət Kərimov, Azərbaycan tibb elminin inkişafına töhfələr vermiş Fərrux Seyidov, SSRİ dövründə kosmonavtların seçim komissiyasının üzvü olmuş polkovnik Camaləddin Məmmədov, Türkiyənin Sparta Universitetinin professoru Qabil Abdullayev və başqaları haqqında məlumatları oxuyanda doğma rayonumuzun yetirmələri ilə qürur duyursan. Müəllifin rayonumuzun ”Hökmdar məzarlığı” adlandırılan tarixi abidələri, Oğuz-Qəbələ-Bakı su kəməri haqqında və s. məqalələri də kitaba əlavə olunub.
   
   Qəsidə Hüseynova,
   Oğuz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar