Gəncə şəhərinin qədim yeraltı yolları tədqiq olunur. AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadənin sözlərinə görə, hazırkı şəhərin altında qədim Gəncə yerləşir. Qədim Gəncənin yeraltı yollarının müəyyən bir hissəsində araşdırmalar aparılacaq və burada yeraltı muzey yaradılacaq: “Bununla əlaqədar ölkə başçısının tapşırığı var. Artıq şəhərin mərkəzi hissəsində bu yeraltı yola çıxış əldə edilib. Yaxın günlərdə buradan yol açılmağa başlayacaq və yeraltı yollardan ibarət muzey yaradılacaq”.
S.Pişnamazzadə deyib ki, Gəncə şəhərinin altında çoxlu yol olub: “Gəncənin strateji mövqeyi elədir ki, daim hücumlar, yürüşlər baş verib. Azuqə saxlamaq, mülki əhalini qorumaq üçün belə yollar çox əhəmiyyətli olub. Yerin altında ikimərtəbəli fayton yolları belə olub. Bu tədqiqatlar əvvəllər nəzəri baxımdan aparılıb. Tədqiqatların bütün şəhərin altını əhatə etməsi mümkün deyil. Çünki sovet dövründə bu yollardan bəziləri bağlanıb, çoxu dağıdılıb. Ona görə də təqribən 1 kilometrə qədər ərazi tədqiqata cəlb ediləcək”. Alim qeyd edib ki, Gəncənin yeraltı yollarının tarixi VIII əsrə gedib çıxır.