Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Azərbaycan mədəniyyəti” respublika bilik müsabiqəsində Bərdənin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri yüksək nəticə göstəriblər. Müsabiqənin 17 rayon və şəhərin təmsilçiliyi ilə Mingəçevirdə keçirilmiş zona turunda Bərdə şəhər 3 saylı şəhər uşaq musiqi məktəbinin şagirdi Nəsibə Ədilova 1-ci, 2 saylı şəhər uşaq musiqi məktəbinin şagirdi Fidan Qasımova 2-ci, 1 saylı incəsənət məktəbinin şagirdi Sevgin Abbaszadə 3-cü yeri tutub.
Mayın 2-də Bakıda keçirilmiş yekun turda 3 saylı musiqi məktəbinin şagirdi Nəsibə Ədilova və Fidan Qasımova qalib adını qazanan yeddi nəfər arasında yer alaraq fəxri fərman və hədiyyə ilə mükafatlandırılıblar.
Ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsinin zona turunda da Bərdə şəhər 2 nömrəli məktəbin və 4 nömrəli uşaq incəsənət məktəbinin xor kollektivləri fəxri fərmanla təltif olunublar. Bundan əlavə, Qara Qarayevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika elmi-ifaçılıq müsabiqəsində Bərdə şəhər 4 saylı uşaq incəsənət məktəbindən Günay Balazadə, Tahirə Nuriyeva, Rüfət Bilalov, 2 saylı məktəbin şagirdləri Sabir Alışov, Zərgül Hüseynova, Səma Rzayev sertifikatla təltif edilib.
Ümummilli liderin 90 illik yubileyi münasibətilə Bərdə rayon Mədəniyyət evində keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müsabiqə qaliblərinə fəxri fərman və mükafatlar təqdim edib.