Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Azad Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarka keçirilib. Xalça muzeyinin qarşısında açıq səma altında təşkil olunan tədbirdə dekorativ-tətbiqi sənət ustaları, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.

Açılış mərasimində çıxış edən nazirliyin Mədəniyyət siyasəti şöbəsi Qeyri-maddi mədəni irs sektorunun aparıcı məsləhətçisi Rəşad Əliyev Azərbaycan gəncliyinin ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində aktiv fəaliyyətindən danışıb. Bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi mədəniyyət siyasəti, tariximizin, mədəni irsimizin, xalq yaradıcılığının təbliğinə xüsusi diqqətin ayrılması, respublikamızın beynəlxalq mədəniyyət layihələrinə ev sahibliyi etməsi Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə səbəb olub.
Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının uğurla icra olunduğunu vurğulayan R.Əliyev layihənin regionların mədəni irsinin, zəngin el sənətkarlığı və incəsənətinin, turizm imkanlarının daha geniş təbliğinə xidmət etdiyini vurğulayıb: “Proqram çərçivəsində folklor, sənətkarlıq, əfsanələr paytaxtları elan olunan bölgələrdə indiyədək çoxsaylı layihələr gerçəkləşib. 2013-cü il üzrə Xaçmaz şəhəri "Əfsanələr paytaxtı", Zaqatala "Folklor paytaxtı", Göygöl şəhəri isə "Sənətkarlıq paytaxtı" elan edilib, bununla bağlı müxtəlif tədbirlər keçirilir. Nazirliyin dəstəyi ilə “Azad Gənclər” İctimai Birliyinin həyata keçirdiyi bu layihə 2 ay davam edəcək. Növbəti belə sərgi-yarmarkalar, Göygöl və Zaqatala rayonlarında təşkil olunacaq”.
Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, Xaçmazın “Əfsanələr paytaxtı” elan edilməsi bölgədə mədəni mühiti daha da canlandırıb: “Proqram çərçivəsində indiyədək bir sıra tədbirlər keçirmişik. İlin sonunadək bu iş davam edəcək, ədəbi-bədii gecələr, sərgilər, müxtəlif mədəniyyət tədbirləri təşkil olunacaq”.
“Azad Gənclər” İctimai Birliyinin nümayəndəsi Etibar Axundov layihənin məqsədindən söz açaraq onun icrasına dəstək verən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, layihənin məqsədi regionlarda yaşayan insanların, xüsusilə gənclərimizin xalq yaradıcılığı sahəsinə marağının daha da artırılması, eyni zamanda bölgələrdə fəaliyyət göstərən sənətkarların işlərinin təbliğ olunmasıdır. Bildirilib ki, belə sərgi-yarmarkalar dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığına stimul verir. Layihə çərçivəsində 3 bölgədə yerli sənətkarların, əsasən də gənclərin əl işlərinin nümayişi və satışı keçiriləcək.
Sonra iştirakçılar sərgi-yarmarka ilə tanış olublar. Yarmarkada 30-dan çox xalq tətbiqi sənəti ustasının müxtəlif sənət növlərində əl işləri nümayiş olunub. Yerli sənətkarların ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, xalçaçılıq, papaqçılıq, bədii tikmə, toxuma, mis üzərində döymə və digər sənət növləri üzrə hazırladığı nümunələr maraqla qarşılanıb.
Tədbir çərçivəsində konsert proqramı da təqdim olunub. Bakıdan gəlmiş incəsənət kollektivləri, yerli özfəaliyyət musiqi qrupları rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
* * *
Layihə çərçivəsində təşkil olunan treninqdə sənətkarların yaradıcılıq ünsiyyətlərinin genişləndirilməsi, onların ictimaiyyət arasında tanıdılması, bu imkanlardan turizmin inkişafına naminə geniş şəkildə istifadə olunması məsələləri müzakirə olunub, tövsiyə və təkliflər irəli sürülüb. Treninq iştirakçıları sənətkarların informasiya texnologiyalarının imkanlarından, xüsusilə sosial şəbəkələrdən istifadə etməklə öz əl işlərinin təbliğində aktivlik göstərməsinin vacibliyini vurğulayıblar.

C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar