Şaiq Səfərov: «Beynəlxalq Kukla Teatrı Festivalı sənət əlaqələrinə, qarşılıqlı təcrübə mübadiləsinə körpü yaradacaq»
   
   Noyabrın 1-dən 6-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Kukla Teatrı Festivalı keçiriləcək. «Azərbaycan teatrı 2009-2019-cu illərdə «Dövlət Proqramı»na əsasən təşkil olunacaq festivala hazırlıq işləri başa çatmaq üzrədir. Paytaxtımızda reallaşacaq növbəti beynəlxalq mədəniyyət tədbiri ilə bağlı məlumat almaq üçün festivalın direktoru Şaiq Səfərovla görüşdük.
   
   - «Azərbaycan teatrı 2009-2019-cu illərdə» «Dövlət Proqramı»nda bir çox irimiqyaslı tədbirlərin keçirilməsi əksini tapıb. Bakıda ilk dəfə keçiriləcək Beynəlxalq Kukla Teatrı Festivalına dünyanın 20 ölkəsindən 25 kukla teatrı qatılacaq. Artıq Britaniya, İtaliya, Almaniya, Avstriya, Rusiya, İspaniya, Türkiyə, Ukrayna, Özbəkistan, Estoniya, Gürcüstan və digər ölkələrin iştirakı təsdiqlənib. Onu da qeyd edim ki, MDB məkanında hələki, bu miqyasda tədbir keçirilməyib. Bu baxımdan bizim festivala böyük maraq var. Dəvət etdiyimiz kukla teatrları ilə yanaşı könüllü olaraq festivala qatılmaq istəyən ölkələr də var. Məsələn, İran, Gürcüstan və Qazaxıstandan kukla teatrları festivalda iştirak etmək üçün müraciət ediblər. Təbii ki, biz təşkilat komitəsi olaraq Azərbaycan tamaşaçısına, xüsusilə kiçikyaşlı izləyicilərimizə yüksək səviyyəli tamaşalar təqdim etmək niyyətindəyik. Ona görə də təqdim edilən bütün tamaşaları diqqətlə nəzərdən keçiririk.
   - Tədbir çərçivəsində başqa nə kimi layihələr olacaq?
   - Festival müasir kukla teatrlarındakı yeni layihələr, tendensiyalarla tanış olmaq baxımından da mühüm bir fürsət olacaq. Festivalda tamaşaların nümayişi ilə yanaşı, 4 ustad dərsinin keçirilməsi də nəzərdə tutulub. Bu dərsləri Britaniya, İspaniya, Türkiyə və Avstriyanın məşhur kukla teatrlarının ustaları keçəcək. Bundan savayı, noyabrın 2-də kukla teatrı sənətinə həsr olunmuş elmi simpozium keçiriləcək. Simpoziumda «Unima» Beynəlxalq Kukla Teatrları Təşkilatının, «Asiteş» Uşaq və Gənclər Teatrları, Beynəlxalq Teatr Tənqidçiləri assosiasiyalarının rəhbərləri, Beynəlxalq Teatr İnstitutunun nümayəndəsi iştirak edəcək.
   - Festivalda ölkəmiz necə təmsil olunacaq?
   - Festivalda Abdulla Şaiq adına Dövlət Kukla Teatrı «Ağ və qara», Qax Dövlət Kukla Teatrı «Turp», «Bəbək» Kukla Teatrı isə «İz» tamaşaları ilə təmsil olunacaq. Simpoziumda teatr tənqidçilərimizdən İlham Rəhimli və Aydın Talıbzadənin çıxışları nəzərdə tutulub.
   - Xarici ölkələrin kukla teatrlarının tamaşaları necə təqdim olunacaq? Tamaşaların nümayişi zamanı tərcümə və ya şərh nəzərdə tutulubmu?
   - Əslində beynəlxalq festivallar təcrübəsində tərcümə işi nəzərdə tutulmur. Amma biz auditoriyanın əsasən uşaqlardan ibarət olduğunu nəzərə almışıq və tamaşa başlanmazdan əvvəl onun məzmunu barədə ətraflı məlumat veriləcək. Elə məhz dil faktorunu nəzərə alaraq biz daha çox musiqi və vizuallığın ön planda olduğu tamaşalar üzərində seçim etmişik. İnanıram ki, balaca teatrsevərlərimiz bizdən razı qalacaq.
   - Sizcə, bu festivalların təşkili Azərbaycan teatrına nə verəcək?
   - Belə beynəlxalq tədbirlər, təbii ki, Azərbaycan mədəniyyətinin, konkret olaraq teatr sənətinin dünya mədəniyyətinə inteqrasiyasına, qarşılıqlı təcrübə mübadiləsinə əlavə imkanlar açır. Çünki sənətdə birbaşa ünsiyyət daha böyük effekt verir. Əvvəllər qiyabi tanıdığımız sənət qurumlarını, teatrları, rejissorları, aktyorları ötən il Bakıda baş tutan Beynəlxalq Teatr Konfransından sonra yaxından tanıdıq. Bu dəfə kukla teatrları arasında körpü salıb, sonra qastrollar barədə danışmaq niyyətindəyik. Bu gün Azərbaycan bütün sahələrdə Avropaya, dünyaya inteqrasiya edir. Artıq teatrlarımızın da bu axına qoşulma vaxtı çatıb. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan teatrının sorağı uzaqlardan gələcək, beynəlxalq festivallardan böyük qələbələrlə qayıdacağıq.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar