Xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında eyniadlı tamaşanın premyerası ilə ölkəmiz ənənəvi Edinburq beynəlxalq festivalında ilk dəfə təmsil olunub. Səhnə əsəri Londonda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə “Gryphon Venues” teatrında təqdim edilib. Tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səslənib.
Nümayişdən əvvəl çıxış edən AZICS-in sədri Sənan Əliyev pyes haqqında iştirakçılara ətraflı məlumat verib, Xalq yazıçısı Elçinin yaradıcılığından söz açıb.
Qeyd olunub ki, pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer alıb. İntihara meylli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq, nə yol iləsə bir-biri ilə dil tapır. Əslində, bu personajların hər biri “dəli” roluna namizəddir. Amma bu aləmə təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli kimi qəbul edilir.
İzləyicilər tərəfindən maraqla qarşılanan “Mənim sevimli dəlim” tamaşası avqustun 10-dək Edinburq beynəlxalq festivalında nümayiş olunacaq.
Festival 1947-ci ildən bəri ənənəvi olaraq hər ilin avqustunda Şotlandiyanın paytaxtı Edinburqda keçirilir. Festivalda dünyanın müxtəlif ölkələrindən iştirakçılar mədəniyyətlərini və incəsənətlərini təmsil edən şou-proqramla çıxış edirlər. Festivalda, həmçinin bir-birinə bağlı olmayan ayrı-ayrı özəl təşkilatlar da iştirak edirlər. Hər il milyonlarla turist bu incəsənət və mədəniyyət şənliyində iştirak etmək üçün Şotlandiyaya axın edir.