Görəsən, ötən şənbə dünyanın neçə opera teatrında C.Puççininin «Toska» operası oynanılıb? Əslində, bu sualın üstündə baş sındırmağa dəyməz. Amma bu sətirlərin müəllifi neçə gündən bəri 27 fevral axşamının təəssüratını yaşadığına görə əmindir ki, həmin gün dünya səhnələrində göstərilən “Toska”ların ən yaxşısı bizim Opera və Balet Teatrında oynanıldı. Və əgər insan ruhunun əbədiyaşar və laməkanlığı gerçəkdirsə, deməli, isminin tələffüzü nəfəsi kəsən Cakomo Antonio Domeniko Mikele Sekondo Maria Puççini adlı italyan bəstəkarının ruhu bizim teatrda dolaşdı və əsas partiya ifaçılarından ta orkestrdəki musiqiçilərədək - hər kəsdən razı halda yenidən səmanın ənginliklərinə çəkildi.

“Toska” yaxşı və pis qəhrəmanların faciəsi ilə bitən, həm də təxminən iki yüz il əvvəl baş vermiş gerçək hadisələr əsasında yazılmış gözəl bir səhnə əsəridir. Tamaşa salonunda əyləşənlər üçün onu izləmək nə qədər xoşdursa, səhnəyə çıxan vokalçılar üçün musiqinin gözəlliyini səs ilə, qəhrəmanların iztirablarını da aktyor məharəti ilə çatdırmaq bir o qədər çətindir. Əsərin süjeti kilsədə freska çəkən rəssamla gözəl müğənni qızın eşq hekayəti, bu eşqi boğmaq istəyən qəddar gizli polis rəisinin axar suları bulandırması, hətta buna müvəffəq olması hadisələri elə coşdurur ki, tamaşaçı opera müğənnisindən böyük dramaturji istedadın təzahürünü gözləyir. Halbuki, «Toska»da kifayət qədər qəliz, davamlı, vokalçının müxtəlif vəziyyətlərdə - qaçaraq, hündürlükdə, səhnənin arxasında oxumalı olduğu reçitativlər var. Toska ilə Kavadossinin, Toska ilə Skarpianın duetləri isə vokalçılardan heç də ariyadakından az emosiya və ifa texnikası tələb etmir.

Tamaşanın süjet xəttini danışmaq fikrindən uzağıq. Çünki «Toska» operası bizim teatrın səhnəsində yeni əsər deyil. Amma opera tamaşasını digər tamaşalardan fərqləndirən odur ki, musiqinin hüdudlarından kənara çıxmayan vokalçı öz obrazını bəstəkarın yazdığı və dirijorun seçdiyi çərçivədə təqdim edərək fərqləndirməyi və sevdirməyi bacarmalıdır.
Bəri başdan deyək ki, kifayət qədər az solistin - 8 nəfərin iştirak etdiyi tamaşada teatrın ən güclü səsləri və təcrübəli solistləri iştirak edirdi. Bir epizodda görünən Xalq artisti Əli Əsgərov, birinci pərdədəki emosional ifası ilə yadda qalan əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov qısa sürən çıxışları ilə tamaşaya rəng qatdılar.
«Toska»ya tamaşa edənlər bilirlər ki, bu oparada konflikt üç nəfərin - rəssam Kavadossi - müğənni Floriya Toska - gizli polis rəisi, baron Skarpianın arasındadır. Bu ifalar isə dünyanın çox opera səhnəsini bəzəyəcək gözəllikdə və kamillikdə idi.
Şıltaq, eqoist, etiraz qəbul etməyən gözəl Toskanın partiyasını İstanbul Dövlət Opera və Balet Teatrının solisti, vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Dəniz Yetim ifa edirdi. Təkcə güclü və şirin səsi ilə deyil, görkəmi ilə də səhnəyə bəzək olan bu ifaçının bir neçə ildə ifa texnikasında nə qədər irəlilədiyinə qulaqlarımız şahiddir. Ən böyük sənət mükafatlarından birini qazandığı Bakıda çıxış edən Dəniz Yetim Kavadossi ilə öcəşərkən nə qədər ehtiraslı idisə, onu ələ keçirmək üçün sevgilisini məhbəsə atmış polis rəisi Skarpianın otağında onun ehtirasına müqavimət göstərərkən bir o qədər inadkar, rəisin yaxınlıq təklifinə razılaşarkən bir o qədər qərarsız, nəhayət, istədiyi sənədin imzalandığına əmin olduqdan sonra onu öldürdükdə də bir o qədər cəsur idi. Dəniz Yetimin ikinci hissədəki «Visi d"arte, visi a amore», yəni «Mən sənət üçün yaşadım, sevgi üçün yaşadım» ariyasını həssas operasevərlər alqışlarla qarşıladılar.

Skarpiaya gəlincə... Bu dəfə qəddar və şorgöz gizli polis rəisini Belarusun Əməkdar artisti Vladimir Qromov ifa edirdi. Bu vokalçının güclü bariton səsinin cazibəsi salondakı hər kəsə sirayət etmişdi. Qara geyimli Skarpia Qromovun ucaboy və yaraşıqlı görkəmi, hərəkətləri, səxavətlə paylaşdığı mimikası (teatr səhnəsində xırda mimik işarələr məsafə baxımından tamaşaçıya lazımınca çatmır, buna görə də əksər təcrübəli vokalçılar və rejissorlar daha çox nəzərəçarpacaq jestlərə üstünlük verirlər) onun bariton səsinin təsir gücünü artırsa da, qarşımızdakının “şər qüvvənin təcəssümü” olduğunu göstərirdi.

Əgər Mario Kavadossi olmasaydı, Toska da onu sevməyəcəkdi, Skarpia da rəssamı məhv etmək fikrinə düşməyəcəkdi. Təbiətin hökmü ilə Azərbaycanda vokal kişi səsləri arasında tenor səsi, xüsusilə də lirik tenor səsi çoxdur. Əslində biz də bir toplum olaraq yumşaq və lirik tenor səsini daha çox sevirik. Amma Kavadossi partiyası sırf dramatik tenor üçün yazılıb, elə bizim teatrın solisti, Əməkdar artist Fərid Əliyevin səs imkanları və vokal texnikası bu çətin və səhnənin fərqli dərinliklərində solistdən uca səslə mükəmməl ifa tələb edən partiyanın tələblərini tam qarşılayır. «Toska»ya qədər bu vokalçını Azərbaycan operalarında və konsert proqramlarında eşitmişdim. Odur ki, Fərid Əliyevi klassik italyan operasında bütöv tamaşa boyu seyr edib dinlədikdən sonra deyə bilərəm ki, o, indiyədək Azərbaycan vokal məktəbində yetişmiş ən güclü, ən qulağayatımlı səsə və vokal texnikasına malik dramatik tenordur. O ki qaldı aktyorluq qabiliyyətinə, bu, onun illər öncə «Koroğlu» operasında Keçəl Həmzə kimi debütündən yadda qalıb. Kavadossinin Mariya Maqdalinanın portreti önündə «Recondita armonia» («Öz simasını daim dəyişir») və III pərdədəki «E lucevan le stelle» («Səmada ulduzlar yanırdı») ariyaları layiqli alqışlarla qarşılandı.

Tamaşanın dirijoru Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev barədə söyləməmək «Toska»nın uğurunu yarıbayarı azaltmaq demək olardı. Maraqlıdır ki, maestro hansı orkestrdə pult arxasına keçirsə, həmin orkestrin sanki «ikinci nəfəsi» açılır, elə bil musiqi alətlərinin sayı iki dəfə artır. Bu tamaşa da istisna olmadı. Hətta tamaşadan sonra kəsilməyən alqışlar səhnəyə çıxmaq niyyəti olmayan maestronu öz qədirbilən dinləyicilərinin ehtiramını üzbəsurət qəbul etməyə vadar etdi.

Nə vaxtsa «Kənd namusu» operasının müəllifi Pyetro Maskani demişdi: «Mən pis librettoların, Puççini isə yaxşı librettoların qurbanı oldu». Əgər söhbət «Toska»dan gedirsə, Puççinini yaxşı librettonun qurbanı yox, yaxşı musiqinin səbəbkarı adlandırmaq düz olar. Üstəlik, əsərdəki sevgi üçbucağını güclü səs və mükəmməl trio ifa edirsə.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar