Çoxdan görmədiyin tanışınla, dostunla görüşəndə «təzə nə var, nə yox» tipli suallarla söhbətə başlayırsan. Elə nə vaxtsa oxuduğun, yaxud baxdığın əsərin yeni tamaşası da təxminən bu suallara cavab verməlidir. Xüsusən də uğurlu teletamaşası otuz ildən artıq ekranlara bəzək olan, ara-sıra nümayiş etdirilən K.Qoldoninin «Mehmanxana sahibəsi» komediyası kimi əsər. Lakin klassika ona görə klassikadır ki, sənətə gələn hər yeni nəsil özünü onda mütləq sınamaq istəyir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında adını çəkdiyimiz əsərin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovadır.
Dördüncü mərtəbəyə qalxar-qalxmaz dəhlizin sağ tərəfindən aktyorların səsi eşidilir. 60 nömrəli məşq otağı. Cənnət xanım düz ortada əyləşib məşqə baxır. Səhnədə olmasalar da, mizanlar qurulub. Artıq obrazların cilalanması, epizodların bir-birinə sürətli keçidinin işlənməsi prosesi gedir. Aktyorlar hələ səhnə geyimində, parikdə olmasalar da, əllərində rol dəftərlərini tutsalar da, səhnədə hansı əhvalatların necə cərəyan edəcəyini təxmin etmək mümkündür.
- Senyor Kavaler? Aaaaah, Mirandolina!
- Sən uzan, hələ qalxma!
- Görürsünüz, o məni görən kimi ayıldı!..
- Çox gözəl elədiniz.
- Amma kimsə deyirdi ki, qadınlardan zəhləsi gedir!
- Həyasızlığa bir bax!
- Belə yaxşıdı, Elşən… Kərəm, yaxşıdır. Amma bir az yaxına gəl… - deyə Cənnət xanım məşqi saxlayır, - Leyli, sən də tələsmə, Kavalerin sözündən sonra ayılmağa başla. Bu səhnəni bir də təzədən keçək!..
… Tanış sözlərdir, elə deyilmi? Ötən əsrin əllinci illərində o zamankı “Azdramada” «Mehmanxana sahibəsi»nə tamaşa etdiyini xatırlayanların sayı xeyli azalsa da, 1978-ci ildə Azərbaycan televiziyasında çəkilmiş eyniadlı tamaşa ara-sıra göstərilir və sevilir.
«Mehmanxana sahibəsi»nin növbəti səhnə taleyi bizim üçün maraqlıdır deyə, Gənc Tamaşaçılar Teatrındayıq. Aktyorlar məşq edir, Cənnət xanım arada onları saxlayıb mizanlara düzəliş verir, obrazların daha dolğun, tamaşanın daha maraqlı və baxımlı olması üçün ayrı-ayrı ifaçılara öz irad və qeydlərini bildirir.
Karlo Qoldoninin yaşadığı dövrdə bizim indi tanıdığımız vahid İtaliya olmadığından görkəmli dramaturq mənbələrdə Venetsiya yazarı kimi təqdim edilir. Bütün bunlara baxmayaraq, öz pyeslərində maarifçilik ideyalarına xidmət edən dramaturqun toxunduğu mətləblər, müraciət etdiyi mövzular zaman və məkan çərçivəsinə sığmır. Yəqin ona görə ki, zamandan və milli düşüncədən də uca, qədim və həm də əbədi dəyərlər, anlamlar var.
Tamaşanın quruluşçu rejissoru bu komediyaya müraciəti barədə bunları söyləyir:
- Hər bir aktyor nəsli Qoldoninin əsərlərində oynamalıdır. Onun pyeslərində elə güclü dramaturgiya, hər bir obrazın özünəməxsus dramaturji yükü var ki, aktyor, rejissor tamaşa üzərində işləməkdən zövq alar, mütləq öz istedadını göstərə bilər. «Mehmanxana sahibəsi»ndə siyasət, sosial mənşə bir kənara çəkilib - əsas məsələ qadın-kişi münasibətidir. Pyesin mövzusu əbədi məsələ, bugünkü dillə desək, gender məsələsidir. Baxın, müasir cəmiyyətdə qadının işi iki qat ağırlaşıb - ev işlərini görmək, uşaqlara, həyat yoldaşına qayğı göstərmək kimi əsas qadın vəzifəsinə işləmək, pul qazanmaq, ailəni dolandırmaq da əlavə edilib. Qadın ləyaqəti cəmiyyətdə yüksək qiymətləndirilməlidir. İstənilən cəmiyyətin səviyyəsini həmin cəmiyyətdə qadına münasibət həll edir. Bu əsərin kökündə qadınlara nifrət bəsləyən sinyor Rifaprattın adi bir əyalət qızına məğlub olması durur. Biz bu tamaşamızda Rifaprattın qadınlara pis münasibətinin kökünü aydınlaşdırmaq istəyirik. Mirandolinanın əsas məramı isə - qadına bəslənilən nifrətə qalib gəlməkdir.
Məşqdəki fasilədən istifadə edib, əsas rolların ifaçılarının öz yeni obrazları barədə fikirlərini öyrənirik.
Əməkdar artist Şövqü Hüseynov, yəni Azərbaycan səhnəsinin yeni və fərqli sinyor Kavaleri - Rifaprattı:
- Həqiqətən də, Kavaler çox maraqlı obrazdır. Üstəlik, Azərbaycan tamaşaçısının yaddaşında Rafael Dadaşov görkəmində bir kavaler yaşayır. Əslində isə obrazda ən vacibi - bu insanın başına gələnlərdir. Mən doğma şəhərindən qaçaq düşmüş, amma hər addımbaşı Livornaya qayıdacağını deyən Rifaprattın qadınları niyə sevmədiyinin səbəbini oynamaq istəyirəm. Hələ ki, tamaşa üzərində iş davam edir. Tamaşa uğurlu alınsa, biz işimizdən yaradıcı zövq alacağıq, teatrsevərlər də maraqlı tamaşa qazanacaqlar.
Bəs Mirandolinanın ifaçısı, Əməkdar artist Leyli Vəliyeva iki yüz əlli ildən bəri milyonlarla qadının xəyalındakı cəsarətli qadın obrazının təcəssümünü, hərəkətləri və çoxbilmişliyi ilə ürəklərdən tikan çıxaran qadını necə görür?
- Gözəl və ağıllı qadın kimi. Mənim qəhrəmanım adi əyalət qadınıdır. Amma müdriklərdən kimsə deyib ki, dünyanın ən böyük kələyi kəndli kələyidir. Məqsədim budur ki, tamaşaya baxan seyrçi bütün kişilər bu qızın nəyinə vurulublar deyə təəccüblə sual verməsin. Belə bir sual yaranıbsa da, obraz onu inandırmalıdır ki, bu qadın - həqiqətən də, sevilməyə layiq qadındır. Fikir verirsiniz, Mirandolina heç bir aşiqinin ona barmağını toxundurmasına imkan vermir, amma istəyir ki, qadınlara nifrət edən Kavaler üzərində onun qələbəsindən hər kəs xəbərdar olsun. O bilir ki, sonda Fabrisio ilə ailə qurmalıdır, amma öz enerjisini ona da xərcləmir ki, Kavaler üzərində qələbə çalmağa mənəvi gücü çatsın.
«Mehmanxana sahibəsi»nin səhnəyə çıxacağı günü gözləyən teatrsevərlərə məlumat verək ki, bu komediya ilə görüş təxminən aprelin sonlarında baş tutacaq.
Əsərin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır. Rollar əməkdar artistlər Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədova həvalə edilib.
Gözəl Mirandolinanın kobud və inadkar Kavalerə qalib gəldiyini demək olar ki, hamı bilir. Amma bu qələbə məhz bu dəfə necə əldə ediləcək sualına cavab tapmaq üçün premyeranı gözləmək lazım gələcək.

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar