Səhnədə göstərilənlər və bizim gördüklərimiz barədə

Belə bir kəlam var ki, onu söyləməklə istənilən mübahisəyə, hər növ anlaşılmazlıqlara son qoymaq olar: «Mən dediyimə cavabdehəm, sizin eşitdiyinizə yox». Bu sözləri müəyyən mənada səhnədə oynanılan tamaşanın quruluş yozumu ilə onu seyr edənlərin baxış və görüm fərqinə də aid etmək olar.

27 və 31 mayda Akademik Milli Dram Teatrında Mirzə Cəlilin «Ölülər» tragikomediyasının yeni quruluşda premyerası keçirildi. Ölməz əsər sonuncu dəfə bu teatrın səhnəsində 50 il əvvəl tamaşaya qoyulmuşdu.
Teatrın direktoru, Xalq artisti Azərpaşa Nemət quruluş rejissoru və quruluşçu rəssamı olduğu tamaşanın öncə ən uğurlu cəhətindən - kütləvi səhnələrdən danışaq. Xorasanda vəfat etmiş Kərbəlayı Fətullanın guya dirilərək qardaşına yazdığı məktubun oxunması səhnəsi bütün xırda detalları ilə dəqiq işləndiyindən dolğun təsir bağışlayır. Məktubu oxuyan Məşədi Orucun (Mətləb Abdullayev) həyəcandan o tərəf bu tərəfə getməsi və ətrafındakı kişilərin də onu qarabaqara izləməsi, üstəlik, bu izləmə prosesi iştirakçılarının ifasının ikinci planının plastikası mükəmməl idi. Şəhər əhlinin Şeyx Nəsrullahı qarşılamaq üçün yola çıxması, səhnənin ətrafına dolanması da tamaşanı bəzəyən maraqlı detal idi.
İkinci pərdədə - qəbiristanlıqda vaqe olan kütləvi səhnə də eyni ritm ilə işlənmiş, eyni estetika gözlənilmişdi. Hələ şəhərin Avropa üslubunda təhsil almış ziyalıları - teleqrafçı ilə dilmancın da hacı-kərbalayı kütləsindən bir qədər gec, russayağı «Amin» deməklə hər kəsi diksindirməsi də uğurlu tapıntıdır.
Quruluşçu rejissorun tamaşaya əlavə etdiyi ştrixlər, məsələn, Şeyx Əhmədin Şeyx Nəsrullahın balaca qızla siğə kəbinində vəkilliyi, Nazlı rolunun ifaçısı gənc aktrisa Xədicə Novruzlunun Hicablı qız kimi bu səhnədə ayağa qalxmadan, dinmədən etdiyi hərəkətlər, aktrisanın plastikası, cənnət və cəhənnəm barədə eşitdiklərinə sözsüz reaksiyası alqışa səbəb oldu.
Rejissorun dram əsərinə münasibətində bir fərq də odur ki, oxucu pyesi oxuyarkən görmədiyini səhnədən izləyə bilsin. «Ölülər» tamaşasında belə bir detal qəbiristanlıq səhnəsinə artırılıb. Şeyx Əhməd ölüsünü diriltmək istəyənlərin siyahısını tutarkən böyründəki sandıqçanın qapısını açıq qoyur. Ölüsünü diriltmək barədə qərara gələ bilməyənlər şeyxlərin qızıl vaxtını aldıqlarının əvəzini pul ilə ödəyirlər. Doğrudan da, Şeyx Nəsrullaha (Nurəddin Mehdixanlı) öz fırıldağını yaymaq, insanları inandırmaq, ən azından həm də Şeyx Əhmədi böyründə saxlamaq üçün pul lazımdır. Özünü dünya malından küskün və üstün şəxs kimi təqdim edən Şeyxin kimlərdənsə dolanışıq üçün pul istəməsi onun imicini sarsıda bilər. Amma vədə xilaf çıxanların, sözündən dönənlərin haqq ödəməsi, əksinə, onun qızıl vaxtının qədrini bilməsinin ekvivalenti sayılmalıdır.
İfaçılara gəlincə... Əməkdar artist Əjdər Həmidov Hacı Kazım rolunda bəlkə də kiçik bir rol üçün həddən artıq sayılacaq qədər kolorit əlavə etməsi ilə seçildi. Nazlı rolunun ifaçısı Xədicə Novruzlu da təbii və inandırıcı idi.
Əməkdar artist Aslan Şirin təbiətindəki koloritdən Şeyx Əhmədi oynamaq üçün gen-bol istifadə etmişdi.
Hacı Həsən ağa Əməkdar artist Kazım Abdullayevin ifasında müəyyən psixoloji problemləri olan adam kimi təqdim edilir. Onun diriltmək istədiyi ölüləri sadaladıqca ətrafındakıların «Allah rəhmət eləsin» duasını eşitmədiyinə reaksiyası da, evə gəlib, nə olduğunu deməsə də, mərhum qardaşına məxsus mal-mülk sənədinin olduğu güman edilən kağızları yandırması onun göründüyü qədər də yaxşı adam olmadığına işarədir.
Xalq artisti Laləzar Mustafayevanın Kərbəlayı Fatması bizim indiyədək bu obrazda gördüyümüz aktrisalardan daha yumşaq xasiyyətli olması ilə seçilir. Onun oğlu İsgəndərə qarğışı da, qızı Nazlıya təpkisi də yumşaqdır. Amma aktrisanın görkəmindəki bir detal dediklərinə heç uyğun gəlmirdi. İl yarım əvvəl vəfat etmiş gəlin qızı Sara üçün hələ də göz yaşı tökdüyünü deyən ana qırmızı-güllü libas geyinib donuna tam uyğun gələn örtük bağlamamalıdır. Anaların matəmi müddətə sığmır.
Biz ayrı-ayrı obrazların üzərində dayanıb ən xırda detallaradək təhlil edə bilərik. Amma Mirzə Cəlil bu əsəri İsgəndər-Şeyx Nəsrullah-Hacı Həsən Ağa üçbucağı, bu üç qüvvənin bir-biri ilə çəkişməsi üzərində qurub deyə, hər hansı «Ölülər» tamaşasında digər obrazlar, əsərin ümumi səhnə həlli zəif olsa da, bu üçluyün güclü ifası bütün nöqsanları kölgədə qoya bilər. Təəssüf ki, budəfəki «Ölülər»də belə olmadı.
Tamaşanın yeganə işıqlı obrazı - Kefli İsgəndər Anar Heybətovun ifasında qəflət yuxusunda yatmış diri ölüləri ayıltmaq qüdrətində olmadığı, onlara qarşı mübarizə apara bilmədiyi üçün, araq şüşəsində güc tapmağa çalışan qəhrəman ola bilmədi. Bəlkə də tamaşanın bütün ağırlığı bu obraza yükləndiyindən onu Mirzə Cəlil səviyyəsində daşımaq aktyor üçün çətin idi.
O ki qaldı Şeyx Nəsrullaha... «Ölülər» adi, salondan daha çox gülüş qoparmaq cəhdinə hesablanmış komediya deyil. Bu əsərin ikinci qatında güclü bir faciə dayanır. «Ölülər» göz yaşı içində komediya kimi, hansısa tamaşaçını güldürə bilən epizodda digər bir tamaşasının həmin gülənə baxaraq «hansı halına gülürsən?» təəccübünə hesablanmış əsərdir. Mirzə Cəlil Şeyx Nəsrullahı fırıldaqçı, bəlkə də nə vaxtsa, haqsız incidildiyinin qisasını alan çoxbilmiş, ərəbcə bilməsə də, öz farscasını ərəb dili kimi qələmə verməyi bacaracaq qədər fərasətli, digər tərəfdən həm də işrət həvəskarı kimi qınayaraq yaradıb. Şəhər əhli ilə tanışlıq səhnəsində Avropa libaslıları görərkən öncə onların intellektual səviyyəsinə bələd olmağa cəhd göstərən Şeyx Nəsrullah bu şəhərdə başqa kiminsə Avropa təhsili alması ilə nahaqdan maraqlanmır. Şeyx yaxşı anlayır ki, dövrünün normal mütaliəsi olan, dünyəvi təhsil almış şəxsləri onun fırıldaqçı xislətini daha tez anlaya bilər və yanılmır da. Kefli ləqəbi daşısa da, bu şəhərin ən ayıq insanı olan İsgəndər qarşısındakının əsl lotu olduğunu duyur. Amma Nurəddin Mehdixanlının təfsirindəki Şeyx Nəsrullah Mirzə Cəlilin qələmə aldığı, fırıldaqda Qraf Kaliostronu geridə qoyacaq, hipnoz elmindən vaqif bir şəxsiyyət yox, Ərdəbil mollalarını yamsılayan, bizim cənublu mollaların ləhcəsi ilə danışan sıradan bir din xadimi, qışqırıqçı mərsiyəxan təsiri bağışladı. Aktyorun uca səslə danışması, qışqırması, gülüşə hesablanmış üz ifadələri, tez-tez əl hərəkətləri ilə qadın siluetini cızması, kişmiş kəlməsinin vurğusunu gücləndirməklə obrazın şəhvət həvəskarı olduğunu qabartmaqla Şeyx Nəsrullahın bir obraz kimi qüdrətini azaldır, «Ölülər»in daşıdığı missiyanı düşünmək istəməyən tamaşaçı səviyyəsinə bərabərləşdirir.
Deyəsən, bu tamaşadan aldığımız təəssürat gözləntilərimizə uduzdu. Amma hər halda, akademik teatr səhnəsində gülüş doğuracaq olay fərqli olmalıdır fikrində qalırıq... Bizi deyib gələn «Ölülər»in baş qəhrəmanları hər halda belə zəif olmamalı idi.
Yenə də necə deyərlər, siz - göstərdiklərinizə cavabdehsiniz, biz də - gördüklərimizə. «Ölülər» tamaşasının üzərində əziyyət çəkmiş bütün yaradıcı və texniki heyətin əməyinə hörmətlə,

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar