Azərbaycanın XX əsr mədəniyyət salnaməsində aktyor, rejissor, pedaqoq, dramaturq, Əməkdar artist Mirmahmud Kazımovskinin adı hörmətlə çəkilir.

Mirmahmud Mirələkbər oğlu Kazımovski 1882-ci ildə Bakıda dünyaya göz açıb. İlk təhsilini maarifpərvər teatr xadimi Həbib bəy Mahmudbəyovun üçsinifli rus-tatar məktəbində alır. Məktəbli ikən dram dərnəklərinə gedir, bir sıra epizodik rollarda özünü sınayır. Bu zaman Hüseyin Ərəblinski ilə tanış olur. Onların bu tanışlığı bir müddət sonra mehriban yoldaşlığa və sənət dostluğuna çevrilir.
Azərbaycanda sovet hökuməti qurulduqdan sonra 1921-ci ildə Bakıda “Tənqid və təbliğ” teatrı açılır. M.Kazımovski də bu teatrla əməkdaşlıq edir. Bütün varlığı ilə teatra bağlı olan aktyor xatirələrində yazır: “Mən elə bilirəm ki, hər hansı rolda oynayırsansa, oyna. Həm rolun bütün məziyyətlərini, həm də daxili aləmini tamaşaçıya göstərməyə çalışmalısan. Sünilik roldan deyil, o rolu oynayan artistin ona tapşırılan rolu tam qavraya bilməməsindən doğur”.
O, N.Qoqolun “Müfəttiş”ində Filippoviç, N.Vəzirovun “Pəhləvanani-zəmanə”sində Cahangir bəy, “Müsibəti-Fəxrəddin” faciəsində Əhməd, Ş.Saminin “Gavə”sində zabit və kəndli rollarında uğurla çıxış edib. Teatr tənqidçiləri onun aktyorluq fəaliyyətindən bəhs edərkən U.Şeksprin “Otello” faciəsindəki rolunu xüsusi qeyd edirlər. Görkəmli sənətşünas Cəfər Cəfərov M.Kazımovskinin yaradıcılığını yüksək qiymətləndirib, onun adının hər zaman teatr aləmində ehtiramla çəkildiyini bildirib. Çünki o, səhnəni özünün müqəddəs məbədgahı hesab edirdi.
Sevilən səhnə xadimi eyni zamanda milli mətbuatımıza qəlbən bağlı olub. Görkəmli maarifçi, naşir Həsən bəy Zərdabinin vəfatını (1907) dərin kədərlə qarşılayıb, onun ideyalarını təbliğ edib. Ədəbi yaradıcılıqla da məşğul olan sənətkar səhnə üçün müxtəlif həcmli əsərlər qələmə alıb.
Qeyd edək ki, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda M.Kazımovskinin əsərləri saxlanılır. Sənətşünas İnqilab Kərimov araşdırmasında yazır ki, müəllifin əsərlərindəki tiplər köhnəliklə yeniliyin, tənəzzüllə tərəqqinin, avamlıqla maarifin mübarizəsini özündə əks etdirirdi. Müəllifin “Vurhavur”, “Daşım-daşım”, “Vəfasız məşuqə”, “Molla Cəbi”, “Səməd bəy”, “Qadın və zülm”, “Əyalət divanı” və s. əsərləri dəfələrlə səhnələşdirilib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Hətta bəzi əsərləri Orta Asiyanın böyük teatr salonlarında teatrsevərlərə təqdim olunub. Dörd operetta, “Kəndxuda”, “Nadanlar”, “Uşaqlar mənimdir” adlı pyeslər qələmə alması onun yaradıcılıq diapazonunun genişliyini göstərir.
Rejissor kimi də özünü sınayan səhnə xadimi bir sıra tamaşalara quruluş verib. “İnsan sevməsə, sevdirə bilməz” qənaətinə gələn M.Kazımovskidə rejissor və pedaqoq istedadı üzvi surətdə birləşirdi. O, çalışırdı ki, əsər tamaşaya hazırlanarkən aktyorda səhnəyə hədsiz məhəbbət hissi oyatsın...
1964-cü ildə Moskvada nəşr olunan “Teatr ensiklopediyası”nda onun barəsində belə bir məlumat verilib: “M.M.Kazımovski görkəmli aktyor, teatr xadimi və dramaturq idi. O, 1906-cı ildə yaradılmış Bakı müsəlman teatrının ilk üzvlərindən və təşkilatçılarından biri olub. Azərbaycanda qadınlardan ibarət aktyor heyəti olmadığı bir zamanda Kazımovski qadın rollarında da çıxış edib”.
Azərbaycan kino sənətinin inkişafına da töhfələr verən sənətkar adını bu sahənin fədakarları sırasına yazıb. Rejissor “Neft və milyonlar səltənətində”, “Bismillah”, “Bakılılar”, “Kəndlilər”, “Sovqat” filmlərini çəkib.
Maarif və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə 1938-ci ildə ona respublikanın Əməkdar artisti fəxri adı verilib.
Həyatını başdan-başa xalqının maariflənməsinə həsr edən, teatr tariximizdə layiqli yer tutan görkəmli səhnə xadimi 1940-cı ildə, 58 yaşında dünyasını dəyişib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar