Heybət Heybətov: “İnsanın öz əliylə qurduğunu öz əliylə də söküb dağıtması dəhşətdir”
   
   Kino da körpə uşaq kimidir - onlarla adamın əziyyəti sayəsində araya-ərsəyə gəlir. Bu əziyyət sahiblərinin bəziləri ekrandan bizə yaxşı tanışdır. Lakin elə insanlar da var ki, kadr arxasında qalırlar. Halbuki onların da filmdə tamaşaçının izləyə bilmədiyi böyük rolları var. Belə insanlardan biri də 21 ilə yaxın dekorçu işləyən Heybət Heybətovdur.
   
   - Bu sənətə olan marağınız hardan qaynaqlanır?
   - Hələ mən uşaq olanda anam kinostudiyada işləyirdi. Aradabir məni də özüylə kinostudiyaya aparıb-gətirirdi. Orta məktəbdə oxuyanda burada gedən çəkilişlərlə yaxından maraqlanırdım. Dəfələrlə “Mozalan”da çəkilmişəm. Artıq o zamanlardan özümdə kinoya böyük marağın oyandığını hiss edirdim. Əvvəllər mozaika sənətiylə də məşğul olmuşam. Sonra işıq sexində işıqçı işləmişəm. Daha sonra özümü nədənsə dekor sənətinə yaxın gördüm və 1989-cu ildə təyinatla kinostudiyaya gəldim. Sənətimiz çətin olduğu qədər də maraqlıdır. Amma bir qədər də insafsız sənətdir. İnsanın öz əlinin zəhmətiylə qurduğu sənəti öz əliylə də söküb dağıtması dəhşətdir. Bu eynən körpə uşağın anasından ayrılmasına bənzəyir.
   - Dekorasiya sənətində özünüzə kimləri müəllim bilmisiniz?
   - Bu sənətdə iki xalq rəssamımızı - Rafiq Nəsirov və Rafis İsmayılovu həmişə özümə müəllim bilmişəm. Onlar bizim müdirimiz olub. Baxmayaraq ki, bu sözü heç sevmirəm. Həmişə demişəm ki, mənim müdirim olmayıb, ola da bilməz. Əgər bir insan ki, işini vaxtında yerinə yetirir, ona nəzarət lazım deyil. Onlara böyük kimi, ağsaqqal insan kimi hörmət edirəm. Əgər insanlar arasında səmimiyyət varsa, deməli, qarşılıqlı hörmət də var. Əsas olan budur.
   - Bu vaxtadək hansı filmlərdə dekorasiyalar qurmusuz?
   - Bir çox filmlərdə işləmişəm. Məsələn, Ramiz Əzizbəylinin “Bəxt üzüyü” filmində Moşu ilə Sevdanın eyni otaqda olduğu səhnə, rəhmətlik Ceyhun Mirzəyevin “Fəryad” filmində əsir düşüb qaldığı yer pavilyonda qurulmuşdu. Ən böyük dekorasiya rusların çəkdiyi “Jurnalist” və bu yaxında premyerası olan Rövşən Almuradlının “Cavad xan” filmlərində olub. “Jurnalist” filmində dekorasiyaları daha çox naturada qurmuşduq: hərbi qarnizon, düşərgə, idmanla məşğul olunan yer və s. Eyni zamanda, həmin filmdə Yəmən ordusunun əsgəri rolunda da çəkilmişəm. “Cavad xan” filmində isə 2 rəssam və 5 dekorçu var idi. Bu filmdə çox ağır dekorasiyalarla üzləşdik. Məsələn, Gəncə qala qapılarını rəssamlarımız çəkib çertyojunu bizə təqdim etdilər. Taxtadan da olsa, hardasa 4 metr hündürlüyündə o qapıları düzəltdik. Çox ağır idilər. Həmçinin, “Yuxu”, “Qəzəlxan” və s. filmlərdə də işləmişəm. Bunlarla yanaşı bir neçə proqramlarda da dekorçu kimi fəaliyyət göstərmişəm. O vaxt Barış Mançonun Bakıda 3-4 günlük verilişi təşkil edilmişdi. Məni də o verilişə 3 nəfər dekorçu ilə birgə seçmişdilər. Bu mənim üçün böyük fəxr idi. Hal-hazırda isə rejissoru Ülviyyə Könül olan “Vəkil hekayətləri” filmində işləyirəm. Hakimin otağı, məhkəmə zalı, oğlanın anasının evi, bir də kiçik həbsxana pavilyonda qurulacaq.
   - Dekorçunun dekor qurduğu filmə necə, çəkilmə şansı olubmu?
   - Hə olub. Bir neçə filmdə həm dekorasiya qurmuşam, həm də kütləvi səhnələrdə, epizodik rollarda iştirak etmişəm. “Qəzəlxan”, “Gecə qatarında qətl”, “Qara Volqa”, “Pəncərə”, “Yuxu”, “Fəryad” və s. filmlərdə çəkilmişəm. Rejissor Elxan Qasımovun “Biz qayıdacağıq” filmində erməni musiqiçi rolunu ifa etmişəm. Bacardığım qədər çalışmışam ki, düşmənin iç üzünü göstərə bilim.
   - Baxdığınız xarici filmlərdəki dekorasiyaları bizim filmlərdəkilərlə müqayisə edirsinizmi?
   - Məncə, bizim dekorasiya sənətimiz xaricilərdəkindən güclüdür. Çünki xarici filmlərdə dekorasiyalar kompyuter sistemiylə qurulur. Bizdə isə hər şey təbii və həcmlidir.
   - Amma hər halda, müasir zamanda texnikadan yararlanmaq daha məqsədəuyğun olar, nəinki aylarla vaxt aparan dekorasiyaları qurmaq...
   - Ola bilər ki, əcnəbilər bizdən texniki cəhətdən üstün olsunlar. Məncə, insan təkcə texnikadan yox, fiziki bacarığından da istifadə etməlidir. Dekorasiya təbii qurulanda aktyor da rolunu həvəslə, canlı oynayır. Əbəs yerə deyil ki, Azərbaycan MDB ölkələri arasında pavilyonların böyüklüyünə görə 3-cü yerdədir.
   - Ailə və kino... Daha çox hansına vaxt ayıra bilirsiz?
   - Mənim toyumda da kinostudiyanın böyük rolu olub. Hətta toyumda dekorasiyalar qurulmuşdu. Özüm 1990-cı ildə 20 Yanvar faciəsində güllə yarası almışam. 1993-cü ildən ev növbəsindəyəm. Çox vaxt elə kinostudiyada qalıram. Anam ailəmlə bir yerdə yaşayır. Aradabir burdan qaçıb ailəmə də baş çəkirəm.
   - Əgər sizə tamam başqa bir gəlirli sahədə işləməyi təklif etsələr, kinonu atıb gedərsiz?
   - Hər şeyi pul ilə ölçmək olmaz. Sənət qurban tələb edir. Amma belə təklif olsa, çalışaram hər ikisində işləyə bilim.
   
   Söhbətləşdi:
   Yeganə CANSAİL






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar