Ümid sonda ölür
   
   Uşaqlar filmləri həyəcanla izləyirlər. Özü də həmişə həvəs və istəklə.
    Bir zamanlar “Musiqi müəllimi”, “ Bir qalanın sirri”, “Şir evdən getdi” və bu kimi hətta böyüklərin də maraqla izlədiyi filmlərimiz nə üçün indi çəkilmir? Görəsən doğrudanmı, uşaq filmlərimiz ancaq keçmişdə qalıb? Elə bu suala cavab tapmaq üçün gələcəyimiz hesab edilən uşaqlarla və bu sahəyə yaxından bələd olan kino işçiləri ilə görüşdüm
.
   
    Aydın Kazımzadə, kinoşünas, əməkdar incəsənət xadimi:
   - Uşaq beyni ağ kağızdır. Onun üzərinə valideynlər, müəllimlər, ətrafdakılar nə yazırsa, sonradan uşaq məhz bu şəkildə formalaşır. Böyüklərlə müqayisədə uşaqları dəyişmək mümkündür. Bu yolda ən mühüm vasitələrdən biri də kinodur. Uşaq filmləri uşaqların formalaşmasında, tərbiyəsində, hətta gələcəkdə hansı sənəti seçməsində belə böyük rol oynayır. Elə buna görə də kino işçiləri həmişə bu sahəyə daha çox diqqət yetirməli, uşaqların gözlərini, qəlblərini oxşayan tərbiyəvi-əxlaqi məzmunlu filmlər çəkməlidirlər. Bu gün uşaq filmləri demək olar ki, çəkilmir. Əslində belə olmamalı, filmlər yenidən plana salınmalı və çəkilməlidir. Bu gün uşaqları kompyuter oyunlarından, internet saytlarından ayırmağın yollarından biri də məhz uşaq filmlərinin qəhrəmanları ilə görüşmək, onlarla ünsiyyətdə olmaq, maraqlı fikirlər və məsləhətlər eşitməkdir.Yaxşı olardı ki, uşaq filmlərinin yaradıcıları yollarını məktəblərdən salsınlar, çünki uşaqlar onların söhbətlərini eşitmək, fikrini dinləmək istəyirlər. Məncə, bu istiqamətdə təbliğat yüksək səviyyədə olmalıdır.
   
   Tofiq İsmayılov, kinorejissor, xalq artisti:
    - Uşaq filmləri olduqca maraqlı janrdır və deyərdim ki, mənim ən sevdiyim janrlardan biridir. Uşaq filmləri çəkmək daha asandır. Çünki uşaqlar daha çox sözə baxan ipə-sapa yatandır. Məsələn, film çəkərkən uşağa deyirsən ki, müharibədir yeməyə heç nə yoxdur acsınız və üç gündür ki, heç nə yemirsiniz uşaq tez bir zamanda üç gündür yemədiyini oynayır. Halbuki indiki tələbələr bunu oynaya bilmirlər. Yəqin ki, sizə cox yaxşı məlmdur ki, mən Azərbaycanda bir çox uşaq, həm də musiqili filmlərin rejissoru olmuşam. Zənnimcə, musiqili və uşaq filmləri bir-birinə çox bənzəyir. Ona görə də uşaq filmləri çəkmək olduqca ləzzətlidir. Çünki uşaq filmləri çəkərkən insan özü də uşaqlaşır, uşağa çevrilir. Qaldı ki, Azərbaycanda son zamanlar bu filmlərin nəyə görə çəkilməməsinə…. İndi klip, reklam dövrüdür və sovetlər dağılandan sonra hər yerindən duran dedi ki, mən kinorejissoram, filmlər çəkəcəyəm, dünyanı fəth edəcəyəm, milyonlar qazanacağam və gedib Oskar alacağam. Hər kəs belə fikirləşdi, ona görə hərə öz studiyasını yaratdı. Lakin zaman keçdikcə görürük ki, bütün bunlar faydasız imiş. Unutmaq lazım deyil ki, hər əlinə kamera alan operator deyil, hər «motor-stop» deyən də rejissor deyil. Doğrudan da bu gün uşaq filmləri, demək olar ki, çəkilmir. Buna səbəb isə bu gün hər şeyin bahalanmasıdır. Həyat bahalanıb, film çəkmək bahalanıb, bir sözlə, kino sənəti bahalanıb. Ümid edirəm ki, tez bir zamanda Azərbaycanda kino sənəti də öz yüksək mərhələsinə çatacaq, uşaqlara dair çox maraqlı filmlər çəkiləcək.
   
   Uşaq filmlərindən, onların varlıq içindəki yoxluğundan danışdıqda ekran işlərinin ünvanlandığı zümrənin - uşaqların da fikrini bilmək maraqlı olardı. Ən azı ona görə ki, gələcəkdə uşaq filmi çəkmək eşqinə düşəcək rejissor nə çəkəcəyini bilsin.
   
   Tamerlan Qasımlı , 8-ci sinif şagirdi:
   - Uşaq filmlərimizin bu gün çəkilməməsi bizləri olduqca məyus edir. “Sehrli xalat”, “Ögey ana”, “Bir qalanın sirri” kimi uşaq filmlərinə bu gün də maraqla baxılır. Hətta mən bu filmlərimizə dəfələrlə baxmaqdan yorulmuram. Ən çox sevdiyim uşaq filmi isə “Bir qalanın sirri”dir. İstərdim ki, yeni uşaq filmləri çəkilsin və onun qəhrəmanları ilə məktəbimizdə görüş keçirilsin.
   
   Əhmədiyyə Rzayev, 4-cü sinif şagirdi:
   - “Sehrli xalat” və “Bir qalanın sirri” kinolarına baxmışam. Bu filmlər bizləri həm güldürür, həm də bizləri özümüz belə hiss etmədən çox maraqlı və qəribə bir dünyaya aparır. “Sehrli xalat” filmində uşaqların sehrli xalatı geyərək keçmişə, gələcəyə, Aya səyahətləri olduqca maraqlıdır. Mən cox istərdim ki, belə filmlər yenə də çəkilsin. Biz belə filmlərə baxmaq istəyirik.   

Söhbətləşdi: V.Təyyarqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar