Aprelin 20-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gəlincik ustaları Pərviz Hüseynov və İrina Qundorinanın əsərlərindən ibarət sərgi açılıb. 
   Sərgidə müəlliflərin müxtəlif nağıl və əfsanə qəhrəmanı olan, bəzəkli geyimlərdə 25-dək gəlinciyi nümayiş etdirilir.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları gəlinciklərin bəzəyində rənglərin düzgün seçimi, Azərbaycan milli ornamentlərindən yerində istifadə olunması baxımından gözəl sənət əsərlərinin nümayiş etdirildiyini bildiriblər.
   Əsərləri bir çox beynəlxalq sərgilərdə mükafat qazanmış ustalar - Pərviz Hüseynov və İrina Qundorina onlara yaradılan şəraitə və sənətlərinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
   Sərgidə Tatyana Ağababayeva, Eldar Qurbanov, Namiq Məmmədov, Emin Əsgərov və digər gənclərin əsərləri də nümayiş etdirilir.
   Sərgi aprelin 23-dək davam edəcək.