Aprelin 29-da Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayının “Uşaq Dünyası” qalereyasında Ülkər Zeynalovanın “Ülkərin ürək dünyası” adlı rəsm və əl işləri sərgisi keçirildi. “Uşaq dünyası” rəsm qalereyasında keçirilən sərgi Mədəniyyət və Turizm Nazirliyi, Əlillərin «Zaur» Xeyriyyə Cəmiyyəti və Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayı tərəfindən təşkil olunmuşdu. Sərgidə Ülkərin daxili aləmini əks etdirən rəsmlər yer alıb.
Ülkər Zeynalova 1981-ci ildə Bakıda dünyaya gəlib. Ülkər 219 saylı orta məktəbi bitirib. Orta məktəbdə oxumaqla yanaşı, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik mərkəzində rəsm üzrə məşğələlərdə iştirak edib. 2001-ci ildə 12 saylı Bakı Peşə Liseyinə daxil olub və bədii tərtibat işlərinin icraçı rəssamı ixtisasına yiyələnib.
Ülkərin “İki dünya” adlı rəsmi xüsusilə fərqlidir. Bu rəsm müəllifin daxili aləminin güzgüsüdür. Ülkər fiziki qüsuruna baxmayaraq, inamın və iradənin gücü ilə öz mənəvi aləminin rəngarəngliyini çatdıra bilir. O, 1996-cı ildə Əlillərin 2-ci Ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olaraq 3-cü dərəcəli diplomla təltif olunub. 1999-cu ildə «BP-Amoco» şirkəti tərəfindən Təbiətin Mühafizə Gününə həsr olunmuş Uşaqların Ekoloji Rəsmləri müsabiqəsində diploma, 2000-ci ildə məktəblərin Ümumrespublika rəsm sərgisi müsabiqəsinin iştirakçısı kimi fəxri fərmana, habelə 2000-ci ildə Xəzərə həsr olunmuş ekoloji rəsm işinə görə 2-ci yerə ayiq görülüb.
Nuray