“Mədəniyyət” qəzeti tələbə gənclərin iştirakını nəzərdə tutan yeni layihəyə başlayır. Bu layihə çərçivəsində müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələrin publisistik, ədəbi-bədii və digər yazıları dərc ediləcək, həmin təhsil müəssisəsinin mədəni həyatını əhatə edən səhifələr oxucularımıza təqdim ediləcək. Həmçinin, qəzetimiz tələbə həyatını, təhsil müəssisələrimizin işini əhatə edən xüsusi buraxılışın hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində ilk qonağımız Bakı Dövlət Universiteti tələbələrinin “Metafora” ədəbi birliyidir. Bu birlik üzvlərindən 3 gənc müəllifi sizlərə təqdim edirik.
Kəramət Böyükçöl
Şəkər kimi...
Ay mənim gözəl dərdlərim,
şəkər dərdlərim,
siz mənim ən yaxşı şeirlərimsiz…
Ən gözəl mövzudu Qarabağ…
Birinin vəfasızlığı,
xəyanəti,
atıb getməyi…
ən gözəl şeirdi vallah…
Bu dərdlə yaşamaq olar
Bu dərdlə ucalmaq olar,
Adam dərdlə tez ucalır.
Hərdən hirslənib birini söyməyin,
lap elə durub
üzünə tüpürməyin,
alıb başını qürbətə getməyin,
ən gözəl şeirdi vallah…
Bu dərd olmasa əgər,
bəs nədən düşünüb
nədən yazarıq?!
Lap yoluna qoysaq birini bu gün…
Sabah yeni bir azar taparıq…
A gözəl dərdlərim,
Şəkər dərdlərim…
Siz mənim ən yaxşı şeirlərimsiz…
Divarla bacı-qardaş kimi…
Gecələr səhəri
səhərlər gecəni gözlər
dustaqlar…
Nəfəsləri ilə əridib gecəni
səhər eylər
dustaqlar…
Hər şeyi vaxtla ölçər
dustaqlar…
Burnunun ucu göynər
hər gün döydüyü
arvadından ötrü,
sözünə baxmadığı
anasından ötrü…
Keçmişi gözünə dolar
dən-dən,
Rəqs eliyər sözlər dilinin altda,
Bacı-qardaş olar divarlarla,
Hər gecə çarpayısı ilə qucaqlaşar
dustaqlar…
Hər gecə yuxusuna tanımadığı
bir qadın salar,
gecəni səhərə su kimi axar
dustaqlar…
yalquzaq olar
dustaqlar…
Azadlığa çıxanda sanki,
yenidən həbs olunar
dustaqlar…
Elşad Ərşadoğlu
Qələmin göz yaşı
... Şairlər çox zaman ağlaya
bilmirlər. Onların əvəzinə
qələmləri ağlayır...
Vaqif BAYATLI ODƏR
Deyirdim, söz niyə belədir görən?
Ən yaxın dostuymuş ürək qələmin.
Niyə çoxlarını göynədir görən?
Şeir göz yaşıymış demək qələmin.
Gecələr mənimlə qalıb baş-başa,
Qələm ürəyimin oldu sirdaşı.
Yerinə ağlayıb ağ vərəqlərin,
Tökdü ağ bəxtinə qara göz yaşı.
Paylayıb dostuna, qonağına o,
Qoymadı söz adlı dürr qala məndə.
Girib ürəyimin qılığına o,
Qoymadı bir dənə sirr qala məndə.
Axıdıb gözünün mürəkkəb yaşın,
Başını vərəqə döydü bu qələm.
Uca eyləməkçün mənim başımı,
Öz başın vərəqə əydi bu qələm.
Köçürüb vərəqə məndən kədər, qəm,
Dərdimi, sərimi yox etdi mənim.
Vərəqin üzünü qaraldan qələm,
Hər yerdə üzümü ağ etdi mənim.
Tısbağa ili
Yenə fikirlərim dolaşıq, müdhiş.
Dünyaya gəlməyin səbəbi nəymiş?
Səadət necə də qəribə şeymiş,
Qiymətin biləndə əlimdən gedir.
O nədir, insanla gəzər hər yanı.
Nə yaxşısı bəlli, nə də yamanı?
Ölümdür, izləyir daim insanı,
İnsanlar toya da ölümnən gedir.
Sürünə-sürünə qalıb ömür-gün.
Elə bil günlərim düşübdür düyün.
Tısbağa ilidir bu il mənimçün.
Onçun hər dəqiqəm zülümnən gedir.
Elə istəyirəm ürəkdən, candan.
İllər bir-birini qova durmadan.
Heç nə aparmır ki, içimdən zaman.
Hər nə gedirsə də, çölümdən gedir.