Tanınmış Amerika rejissoru, Oskar mükafatçısı Kevin Makdonald YouTube-nin videoçarxları əsasında “Ömrə bərabər bir gün” sənədli filmini çəkir. Bu qeyri-adi layihə videoçarxlardan ibarət ilk tammetrajlı sənədli film olacaq. Layihədə iştirak etmək arzusunda olanlar öz videolentlərini www.youtube.com/lifeinaday saytında yerləşdirə bilərlər.
İstər ailə şamı, istərsə də körpənizin atdığı ilk addımlar olsun, həyatımızın lentə alınmış maraqlı anı iyulun 24-dək hazır olmalı, iyulun 31-dək saytda yerləşdirilməlidir.
Makdonald xoşuna gələn videomaterialları seçib tammetrajlı sənədli film yaradacaq. Videoçarxlarından istifadə olunmuş istifadəçilərin adları titrlərdə layihənin həmrejissoru qismində bu məşhur rejissorun adı ilə yanaşı dayanacaq.
Filmin prodüsseri isə dünya şöhrətli “Yad adam” və “Qladiator” filmlərinin rejissoru Ridli Skot olacaq. Skot hələ 1965-ci ildə öz həyatının bir günündən söz açan “Oğlan və velosiped” qısametrajlı filmini çəkmişdi. Yeni sənədli film bir növ onu keçmişə qaytaracaq. Makdonald üçün isə film əsl eksperimentdir. O, istifadəçilərin videoçarxlarında diqqətəlayiq lentlər görəcəyini istisna etmir. Makdonalda kifayət qədər maraqlı olmayan materiallardan istifadə etməmək hüququ verilmişdir. Buna baxmayaraq, vaxtında təqdim edilmiş bütün videoçarxlar “Life in a Day” kanalında yerləşdiriləcək.
Filmin süjeti hələlik məlum deyil. YouTube ümid edir ki, eksperiment uğurlu olacaq. “Ömrə bərabər bir gün” sənədli filmini Sundance Film kinofestivalında nümayiş etdirmək nəzərdə tutulub.