Əməkdar rəssam, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, bir sıra beynəlxalq mükafatların laureatı Sakit Məmmədov mədəniyyətə və incəsənətə verdiyi töhfəsinə görə Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru adına layiq görülüb. Rəssama qurumun “Beynəlxalq cəngavərlər ittifaqı senatorunun ulduzu” mükafatı təqdim edilib.
Bundan əlavə, incəsənət sahəsində yüksək nailiyyətlərinin tanınması əlaməti olaraq, Sakit Məmmədovun fərdi markasının eskizinin hazırlanması və buraxılması haqqında qərar qəbul edilib. Bu barədə rəssamın özü məlumat verib.
Onu da qeyd edək ki, mükafatlar rəssamın ad gününə təsadüf edib. Sakit Məmmədov 1958-ci il avqustun 5-də Neftçala şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, İ.Y.Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutunun rəssamlıq fakültəsini bitirib.
Əsərləri dünyanın bir çox görkəmli siyasi xadimlərinin şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır, ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç və digər ölkələrdə təşkil edilən sərgilərdə nümayiş olunur.