Cəlal Qaryağdı - 100


Azərbaycan heykəltəraşlığından söhbət düşəndə ilk olaraq göz önünə Cəlal Qaryağdı və onun yaratdığı monumental əsərlər gəlir. Ötən ay Azərbaycan təsviri sənətinin bu görkəmli nümayəndəsinin 100 yaşı tamam oldu. Sağlığında emalatxanasında çox olmuşdum. Düşünürdüm ki, ortaboylu, dolubədənli, qısabarmaqlı bu kişi adi adam deyil, axı onun yaratdıqları xalqımızın dəyəri, sərvətidir. O, Azərbaycan heykəltəraşlığının özülünü qoyub, özünün məktəbini yaradıb, onlarla tələbə yetişdirib.

Onu həmişə emalatxanasında görmək olardı. Ulus adamı idi, bu da kökdən gəlirdi. Qarabağdan, Şuşadan danışmaqla doymazdı. Çağının ən görkəmli adamları ilə dostluq etmişdi, onların hər biri ilə bağlı xatirələri vardı.
2001-ci ildə ömrünün son aylarında böyük ustad xəstələndi. Eşitdim ki, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onunla sonuncu dəfə xəstəxanada görüşdüm. Deyib-gülməyindən qalmırdı, ancaq canının ağrıdığı aydınca sezilirdi: “Həkimlər deyir ürəyim sağlamdır. Ancaq qıçlarımda qan yaxşı işləmir, damarlarda qan laxtaları, tutulmalar yaranıb”.
Çoxlu söhbət elədik, keçmişlərdən o danışdı, mən dinlədim, yazdığımı yazdım, yazmadığımı çatdıra bilmədim. Sonra böyük Azərbaycan heykəltəraşını itirdik. O, Fəxri xiyabanda torpağa tapşırıldı. Özü vaxtilə burada uyuyan bir çox böyük şəxsiyyətlərin qəbirləri üstündə heykəllərini düzəltmişdi: Qara Qarayevin, Yusif Məmmədəliyevin, Seyid Cəfər Pişəvərinin... Onunsa qəbirüstü abidəsini oğlu, gələcəyinə inandığı heykəltəraş Cəlil Qaryağdı düzəltdi...
Görkəmli heykəltəraş bir vaxtlar danışdığı xatirələrinin oxucularımız üçün maraqlı olacağını düşünərək bir qismini təqdim edirəm.
- 1915-ci il iyulun 15-də Şuşada doğulmuşam, uşaqlığım orada keçib. Qarabağda məşhur Qaryağdılar soyundanam. Əsl adı İsmayıl olan ata babamın “Qaryağdı” ləqəbini almasının tarixçəsi var. Deyirdilər ki, İsmayıl babam uşaqlıqda qardan yaman qorxarmış. Bayıra çıxanda çağırarmışlar ki, ay İsmayıl, gəl içəri, qar yağdı. Sonradan adı qalıb Qaryağdı. Bu adla da çağırılıb, əsl adı unudulub. Sonra onun oğlanları Qaryağdıoğlu adlanıb. Bizim də soyadımız olub Qaryağdı.
* * *
- Məşhur xanəndə Cabbar Qaryağdıoğlu əmimdir. Atam Məhərrəm onun kiçik qardaşı olub. Rəhmətlik Bülbül deyərdi ki, mən “Bülbül” adını sənin atandan götürmüşəm. Atamın, əmilərimin hamısının səsi olub. Amma babamın oxumaqdan xoşu gəlməzmiş. İstəyirmiş ki, oğlanları təhsil alsınlar. Ona görə atam ürəyini boşaltmaq üçün həftədə bir dəfə Cıdır düzünə gedib doyunca oxuyarmış. Bülbül o günləri mənə danışıb: “Mən onda balaca idim. Atan Məhərrəmə gözəl səsinə görə “Bülbül” deyərdilər. Onun oxumaq vaxtını bildiyimizdən Cıdır düzünə gedib gizlincə ona qulaq asardıq. O, elə gözəl oxuyardı ki, özünü unudardı”.
* * *
- Şuşada divarında gözəl rəsmləri olan böyük evimiz var idi. Deyilənə görə, almanlar çəkmişdilər. Atamın da hərdən rəsm çəkməyi varmış. Divardakı işlərə baxırdım, könlümdən rəsm çəkmək keçirdi, onları köçürməyə başlayardım.
Beş yaşım olanda anam öldü. Sonra bizi xalam ilə ana nənəm böyütdü. Nənəmgildə yaxşı kitablar var idi - şəkilli, iri kitablar. Babam tacir olduğundan evdə hər şey vardı. Sulu boyalara kimi...
1927-ci ildə Bakıya gəldim. Cabbar əmim burada yaşayırdı. Əmimin uşaqları çox idi. Ona görə əmimgildə qalmadım. «Bakı Soveti» (indiki İçərişəhər - müəllif) metro stansiyası yaxınlığında onun ikiqatlı, çoxotaqlı mülkü var idi. Özü tikdirmişdi. Sonradan sovetlər yarısını əlindən alsa da, oradan çıxarmamışdılar. Onu da deyim ki, əmim səsini qorumaq üçün 54 yaşında evlənmişdi...
Rəssamlıq Məktəbinə qəbul vaxtı sənədlərimi oğurladılar. Əmimlə Rəssamlıq Məktəbinə getdik. Direktor Rejenko adlı birisi idi. Dedi əgər ixtisasdan yaxşı qiymət alsan, o biri imtahanlardan azad olacaqsan. Rəsm çəkməyim onun çox xoşuna gəldi və məni məktəbə götürdü.
O illərdə Rəssamlıq Məktəbi beşillik idi. Məktəbdə ayrıca heykəltəraşlıq şöbəsi yox idi. Yalnız həftədə bir saat bu dərs öyrədilirdi. Heykəltəraşlığı təkbaşına öyrəndim. Sonra təhsilimi heykəltəraşlıq üzrə Tiflis Rəssamlıq Akademiyasında davam etdirdim. Təqaüdümü buradan verirdilər. Elə oldu ki, onu da kəsdilər. Dərsdən sonra gedib fəhlə işləyirdim. Cəmi üç il oxuya bildim. Bakıya qayıtdım. Bir müddət “Kommunist”, “Gənc işçi” qəzetlərində çalışdım. Onda Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq redaksiyaya tez-tez gələrdilər...
* * *
- 1932-ci ildən həm qəzetdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim işləməyə başladım. O çağdan ardıcıl olaraq ciddi yaradıcılıqla məşğul oldum. Böyük əsərlərimi müharibədən sonra yarada bildim. İlk dəfə 1949-cu ildə miniatür sənətindən yararlanmaqla indi Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan “Fərhad” barelyefini yaratdım. Sonra M.P.Vaqifin həmin muzeyin qabağındakı heykəlini düzəltdim.
Artıq mən özümü bir heykəltəraş kimi tanıtmaqdaydım. Böyük əsərlər işləməyə girişmişdim. Həm sifariş verirdilər, həm də müsabiqələrin qalibi olurdum. 1953-cü ildə Leninin indiki “Azadlıq” meydanında qoyulmuş heykəlini düzəltdim. Bu əsər bütün SSRİ-də Leninin ən yaxşı heykəli sayılırdı.
İstiqlaliyyət küçəsindəki M.Ə.Sabirin heykəlini 1956-cı ildə işləmişəm. 1973-cü ildə N.Nərimanovun heykəlini hazırladım. Həmçinin Bakıda Bünyad Sərdarovun, Lənkəranda Həzi Aslanovun, Bərdədə “Ana” heykəllərini yaratmışam. Məşhur sənətkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirov və başqalarının büstlərini naturadan düzəltmişəm...

S.Soltanlı