“Bəzən külək çadırımı göylərə uçurub, yağış əsərlərimi sıradan çıxarıb”
Təbiət vurğunu, böyük qəlbli rəssam Çingiz Əziz çəkdiyi əsərləri də təbiət qoynunda nümayiş etdirir. Fırça ustası 15 ildir Azərbaycanı qarış-qarış gəzərək öz əsərlərindən ibarət səyyar sərgilər təşkil edir.
“Pirqulu” qoruğunda, dağ yamaclarında, istirahət məkanı olan meşələrdə qurduğu səyyar qalereyasında bir-birindən maraqlı rəsmləri həm yerli sakinlər, həm də xarici turistlər tərəfindən maraqla qarşılanır. Hazırda Qubada səyyar sərgisini təşkil edən rəssam bizimlə söhbətində yaradıcılığı barədə məlumat verdi.
- İlk səyyar sərgimi Şamaxıda təşkil etmişdim. Yay fəslində rəsm çəkərkən məkan olaraq dağları, təbiət qoynunu seçirəm. Bəlkə elə buna görə yaratdığım obrazlarda daha çox gözəl təbiət mənzərələri və sadə kəndliləri tərənnüm edirəm. Getdiyim məkanlarda qurduğum çadır mənim həm evim, həm də sərgi salonum olur. Bəzən elə olur ki, yağışla, küləklə də mübarizə aparıram. Sərgiyə gələn ziyarətçilər bu işə təəccüblənsələr də, əsərləri maraqla seyr edirlər. Əslində onlar bu sərgi ilə təsadüfən qarşılaşırlar. Axı kimin ağlına gələr ki, dincəlməyə getdiyi hansısa meşədə, çayın kənarında sərgi ilə qarşılaşacaq. Onlar bu əsərlərin çox gözəl olduğunu bildirirlər. Amma heyf ki, bu gün rəsm əsərlərinə maraq o qədər də çox deyil. Uzun illərdir “səyyah rəssam” adını üzərimə götürüb gəzirəm. Dağlarda yaşadığım zaman “dağ adamları”ndan çox şey öyrənmişəm.
Rəssam deyir ki, ömür yolunda 70-ə çatmağına az qalıb. Bəs bu yaşda insana nə lazımdı?
- Bu yaşda insan düşünür ki, kaş o gənclik illəri bir də geri qayıdaydı. Mürəkkəb həyatda həmişə sadəliyi sevmişəm. Ən mürəkkəb fikirləri də sadə dillə elə gözəl çatdırmaq olur ki...
Düşüncələr...
- Şadam ki, haqqımda yazmaq, yaradıcılığım, sərgi fəaliyyətimi işıqlandırmaq istəyənlər var. Amma bütün bunlar insan həyatında nəyi dəyişir ki... Bir də müşahidə etdiyim bir hal var. Məsələn, portret janrına bu gün də qəribə yanaşan insanlara rast gəlmək olur. Onlar öz portretlərinin çəkilməsinə razı olsalar da, sərgilənməsinə etiraz edirlər.
Tozlu-torpaqlı yollar, meşələr, sıldırım qayalıqlar, Azərbaycanın, demək olar ki, bütün kənd və qəsəbələrini gəzərək incəsənət, yaradıcılıq və rəssamlıq haqqında danışmışam, yeri gələndə öyrətmişəm də. Çətinliklərim az olmayıb. Bəzən külək çadırımı göylərə uçurub, yağış və isti əsərlərimi sıradan çıxarıb. Ancaq məğlub olmamışam. Vətənimin təbiətinə, yaradıcılığıma sadiqliyim mənə güc və ruh yüksəkliyi verib. Su, elektrik olmayıb, heç indi də yoxdur. Bunları həll etməyə çalışmışam. Hazırda Qubada Qəçrəşdəyəm. Bəzən mənə elə gəlir ki, orta əsr dövründə yaşayıram. Bu həyat tərzini özüm seçmişəm. İnsanlar da mənə qarşı xeyirxahdırlar. Çalışırlar kömək etsinlər. Özüm üçün düzəltdiyim rəylər kitabına belə çətin işimə görə təkliflərini, təşəkkürlərini yazırlar.
Etiraf edim ki, bu illər ərzində gəzdiyim kənd və qəsəbələrin heç birinin mədəniyyət evi, yaxud kənd klubları sərginin onların binasında qurulmasına təşəbbüs göstərməyiblər. Bəzən özüm müraciət etmişəm, amma onlar imkansızlıqdan şikayət ediblər.
Fırça ustası meşədə, ağacların üzərində asdığı rəsmlərini əlvan, parıltılı küknar oyuncaqlarına bənzədir.
- Rayonlardakı istirahət mərkəzlərinə yaxın ərazilərdə səyyar sərgilərimi ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirləri, turistlər, istirahətə gələn yerli camaat da ziyarət edib. Sərgilərimin fərqliliyi də məhz bundadır ki, onun ziyarətçiləri müxtəlif kateqoriyalı insanlar olur.
Regionlarda yerli rəssam və gənc istedadların sərgilərinin vacibliyini vurğulamaq istərdim. Bu illər ərzində qarşıma o qədər istedadlı gənc çıxıb ki... Onlara dəstək olmaq, ruhlandırmaq lazımdır. Yaradıcılıq atmosferi yaratmaq, işləməyə sövq etmək gərəkdir. Mən - evsiz adam, akvarel və keramika ilə bu dolanbac yollarda harada bir maraqlanan istedadlı gənc görürəmsə, köməyimi əsirgəmirəm. Eyni zamanda qeyd edim ki, 50 illik yaradıcılığım dövründə yaratdığım əsərlər bəlkə də bundan sonra üç həyatıma da bəs edər. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Neçə-neçə beynəlxalq sərgilərdə iştirak etmişəm.
“Müasir sənət nümunələrimizi tanıtmalıyıq”
Çingiz müəllim uzunillik səyahətlərinə əsasən ölkəmizdə turizmin inkişaf etdiyini qeyd edir. Bu sahənin daha da genişləndirilməsini arzulayır. Çünki bir vətəndaş kimi əcnəbilərin ölkəmizin gözəlliklərini təəccüblə seyr etdiyi onu qürurlandırır. Deyir ki, Şəki xan sarayı, Lahıc, Qobustan, Atəşgah - bütün bunlar keçmişimizin sədasıdır, bunlarla bərabər, müasir sənət nümunələrimizi tanıtmalıyıq.
- İstəyim rahat işləməyim üçün şəraitin olması və bir də əsərlərimi sərgiləməkdir. Bütün yaratdıqlarım xalq üçündür. Hər bir sənətkarın yaradıcılıq nümunəsi xalqın sərvəti sayılır. İnanıram ki, yaratdığım sənət nümunələri də qəbul ediləcək və dəyərləndiriləcək.
Lalə Azəri