Qeyri-adi həyat yaşamış, Azərbaycanın Xalq rəssamı, görkəmli fırça ustası Səttar Bəhlulzadənin əsərlərinin bitib-tükənməyən enerjisi, ideyalarının ölməzliyi insanı daim bu şəxsiyyət haqqında oxumağa, öyrənməyə, maraqlanmağa vadar edir. Rəssamın yaradıcılığının öyrənilməsi, haqqında kitabların nəşri onun bitib-tükənməyən sənət sərvətinin nişanəsidir.
Bugünlərdə Səttar Bəhlulzadənin zəngin bədii irsinin təbliği, tanıdılması və tədqiqi istiqamətində “Qalereya 1969” tərəfindən daha bir uğurlu layihəyə imza atılıb. Qalereyanın rəhbəri, Əməkdar mədəniyyət işçisi Elçin Orucovun müəllifi olduğu “Səttar Bəhlulzadə. Qrafika” kitabının I cildi sənətsevərlərin ixtiyarına verilib.
Səttar Bəhlulzadə özünü bütünlüklə incəsənətə həsr etmiş əsl sənət fədaisi, böyük istedada və yaradıcılıq enerjisinə malik şəxsiyyət idi. O gördüyü gözəllikləri yorulmaq bilmədən kətan üzərinə olduğu kimi, kağız üzərinə də köçürürdü. Flomaster, qələm, tuş, pero, karandaş - əlinin altında nə vardısa onunla kağız üzərində cızma-qara edərdi. Sonra da onları çox səxavətlə ya kiməsə bağışlayar, ya da emalatxanasının bir küncündə saxlayardı. Son illərdə müxtəlif kolleksiyalarda müəllifə aid sayı bilinməyəcək qədər albomlar, ayrı-ayrı vərəqlər, eskiz və rəsmlər aşkarlanır.
“Qalereya 1969”da rəssamın qrafika işlərindən ibarət zəngin kolleksiya saxlanılır. Onlardan 200-ə qədərini geniş ictimaiyyət ilk dəfə vahid bir toplu halında məhz yenicə çapdan çıxan bu kitabda görə biləcəkdir.
Layihənin rəhbəri Elçin Orucov kitabın ön sözündə qeyd edir ki, Səttar Bəhlulzadənin bu kitabda toplanan qrafika əsərlərini xarakterinə görə bir neçə qrupa bölmək olar: tədris rəsmləri, rəngkarlıq əsərləri üçün eskizlər, o cümlədən mənzərə, məişət, portret, natürmort janrlarında işlənmiş müstəqil qrafika əsərləri, tematik tablolar üçün çəkilmiş eskizlər. Böyük sənətkarların əsərləri ilə yanaşı, onların fırçasına məxsus etüdlər, rəsmlər, eskizlər, fraqmentlər və s. də zaman keçdikcə önəm qazanır, dəyər əldə edir. Kitab həm də onunla əhəmiyyətlidir ki, rəssamın tələbəlik illərindən başlayaraq, ömrünün son günlərinədək çəkdiyi qrafik işlərin müxtəlif nümunələrini özündə əks etdirir. Bu da rəssamın bədii irsini və yaradıcılığını, ümumiyyətlə, sənət tariximizi araşdıran tədqiqatçılar üçün önəmli və zəngin materialdır.
“Səttar Bəhlulzadə. Qrafika” kitabını vərəqlədikcə rəssamın müxtəlif zamanlarda çəkdiyi bir çox işlərlə üz-üzə dayanmış oluruq. Onun əsərləri klassik bitkinliyindən başqa özünün qeyri-adi ritmi, cəsarətli işıq-kölgə həlli, improvizə gücü, səmimiliyi ilə diqqət çəkir. Əgər rəssamın tabloları onun rəngkar sənətkarlığının kamilliyini əks etdirirsə, qrafik işləri sənətkarın linear-xətti rəsmetmə sahəsində əlçatmaz olduğunu nümayiş etdirir. Eyni zamanda bu əsərlərlə tanış olarkən izləyicidə bir daha əminlik yaranır ki, Səttar Bəhlulzadənin özünəməxsus manerasını, rəsm texnikasını, rənglərdən istifadə məharətini heç bir başqa rəssamla müqayisə etmək mümkün deyil.
Sənətşünaslar rəssamın qrafika irsindən bəhs edən zaman qeyd edirlər ki, sanki heç bir əsərində qrafikliyi Səttarı tərk etməyib. Yəqin ki, elə dəst-xəttinin özünəməxsusluğunu da bu sahələrin sintezi şərtləndirib. Rəssam bu sahədə cəsarətli işlərin olmamasından tez-tez gileylənərdi. Etiraf edək ki, qrafikanın bədii-texniki imkanlarının nəhayətsizliyinə kifayət qədər bələd olan böyük sənətkar bu iradlarında haqlı idi. Bəzən bizə elə gəlirdi ki, o, qrafika yaradıcılığının ən məhsuldar və yaddaqalan dövrü sayıla biləcək altmışıncı illərə qayıtmağa, yenə də iriölçülü lövhələr yaratmağa hazırlaşır.
Kitabda mənzərə və natürmortlarla yanaşı, Azərbaycanın dahi söz ustadı Məhəmməd Füzulini, onun qəhrəmanlarının - Leyli və Məcnunun müxtəlif obrazlarını, böyük şair Molla Pənah Vaqifi, müxtəlif portretləri, təbiət təsvirlərini görürük. Bütün bu və digər əsərlərində rəssamın doğma vətənimizin dilbər guşələrini qrafika sənətinin ifadə vasitələrindən məharətlə yararlanaraq böyük məhəbbətlə təsvir etdiyi görünür. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır. Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılan, bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutan bu qrafik rəsmlər Səttar irisinin qiymətsiz nümunələridir.
Bəzən sənətşünaslar Səttar Bəhlulzadənin əsərlərini bütünlükdə rəssamın təbiətlə "yarışması" kimi də qiymətləndirirlər. Onun müxtəlif ölçülü tablolarda yaratdığı mənzərələrdə gerçəkləşən arzuları o dərəcədə heyrətamizdir ki, bu tablolarda təbiətin, yoxsa rəssamın qalib gəldiyini, kimin kimi üstələdiyini söyləmək çox çətindir. Əslində isə görünənlər bir-birinə meydan oxumağın bariz nümunəsidir. Bu sözləri qrafik işlərə də aid etmək olar. Onun qrafik işləri o qədər incə və səlisdir ki, hətta cızma-qara belə bir rəssam dünyasının gizli sirlərinin açarıdır. Səttar Bəhlulzadənin bütün işləri janrından asılı olmayaraq, bir mükəmməllik daşıyıcısıdır. Təbiəti gördüyü kimi çəkməyib, arzuladığı kimi görüntüyə gətirən rəssam reallıqdan kətana qədər uzanan məsafədə böyük filosof olduğu kimi, qrafik işlərində də cizgiləri aşkar göstərməyi bacarıb. Füzuli, Leyli və Məcnun, mənzərə və digər qrafik işlər - bütün bunlar rəssamın daxili dünyasından kağıza köçən reallıqlar idi. Füzulinin poeziyada etdiklərini Səttar rəngkarlıqda gerçəkləşdirə bildi və bununla da rəssamlığımızı yeni məna-məzmunla zənginləşdirdi deyənlər heç də yanılmayıblar.
Lalə Azəri