Rusiya Federasiyası Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2001-ci ildən “İstedadlı uşaqlar üçün yay yaradıcılıq məktəbləri” təşkil olunur.
Layihənin əsas məqsədi incəsənət sahəsində fəaliyyət göstərən təhsil ocaqlarının istedadlı şagirdlərin bacarıqlarının inkişafı və bu sahədə təcrübə mübadiləsidir. Builki yay məktəbində Azərbaycan, Qazaxıstan və Rusiyanın Həştərxan vilayəti ilə yanaşı digər subyektlərindən 6 ixtisas üzrə 34 şagird və 4 kurator iştirak edib.
Bakı Xoreoqrafiya Akademiyasından verilən məlumata görə, avqustun 6-dan 17-dək bu tədris ocağının VII və VIII siniflərinin 4 şagirdi - Səma Məmmədova, Elvira Alışova, Nəzrin Adıyeva və Aza Nurullayeva akademiyanın müəllimi, xoreoqraf Lyudmila Qutlyanskayanın müşayiəti ilə yaradıcılıq məktəbinin xoreoqrafiya sənəti üzrə dərslərinə qatılıblar.
Proqrama ixtisaslaşdırılmış fənlər, interaktiv tədbirlərlə yanaşı, xoreoqrafiya sənəti üzrə məşhur baletmeyster Andris Liepanın ustad dərsləri də daxil idi.
Dərs prosesi ilə bərabər, iştirakçılar üçün şəhərin müxtəlif gəzməli yerlərinə, muzeylərə, kinoteatrlara, rəsm qalereyasına ekskursiyalar təşkil olunub.
Yay yaradıcılıq məktəbinə hesabat konserti ilə yekun vurulub. Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri və müəllim-xoreoqraf L.Qutlyanskaya Həştərxan dövlət kanalının səhər proqramında da çıxış ediblər. L.Qutlyanskayaya vilayət Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim olunub.
Müxtəlif yay yaradıcılıq məktəblərinin mütəmadi təşkili və bir qayda olaraq istedadlı şagirdlərin bu məktəblərdə iştirakı, onların professional bilik və bacarıq səviyyələrinin inkişafı ilə yanaşı gələcəkdə əldə olunan təcrübələrinin bölüşməsi üçün xarici həmkarları ilə xoş münasibətin və uzun sürən əlaqələrin yaranmasına səbəb olur.