Fərhad Hacıyev ölkəmizdə bərpaçı-rəssamlığın əsasını qoyub

Azərbaycanda bərpa rəssamlığı tanınmış rəngkar Fərhad Hacıyevin adı ilə bağlıdır. O, 1929-cu ildə Şamaxı şəhərində anadan olub. 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1950-1955-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda məşhur bərpaçı-rəssamlar İqor Qrabar, Viktor Filatov, Stepan Çurakov və başqalarından dərs alıb, bərpaçılıq sənətinin sirlərinə dərindən yiyələnib.

Hələ tələbəlik illərində rəssam 400-dən çox əsəri bərpa edib. Bura Drezden kolleksiyasından məşhur rəssamların yağlı boya tabloları, Novqorod, Pskov, Vladimir və digər şəhərlərdən ikonalar, Kiyevdəki Müqəddəs Sofiya kilsəsindən mozaik kompozisiyaları, Sankt-Peterburqdakı Ermitaj Muzeyindən, Moskvadakı Tretyakov Qalereyasından, Puşkin adına İncəsənət Muzeyindən, keçmiş SSRİ ərazisindəki başqa muzeylərdən əsərlər daxildir.
1957-ci ildə Fərhad Hacıyev peşəkar bərpaçı-rəssam kimi Bakıya qayıdaraq R.Mustafayev adına İncəsənət Muzeyində bərpaçılıq işinə başlayır. Bununla Azərbaycanda bu sahədə ilk mütəxəssis olaraq bərpaçılıq sənətinin əsasını qoyur. Muzeyin zirzəmisində rəssamın emalatxanası vardı. Burada böyük fırça ustalarının yüzlərlə sıradan çıxmaqda olan əsərinə ikinci həyat verirdi. O, Azərbaycan rəssamlarından B.Kəngərli, Ə.Əzimzadə, M.Nəvvab, M.Abbasov, M.Cavadov, T.Nərimanbəyov, T.Salahov, M.Abdullayev, rus rəssamlarından Tropin, Korovin, Borovikovski, Kandinski, Şaqal, Vereşagin, Maşkov, Qərb rəssamlarından A.Sarto, J.Düpre, Y.Stık, eləcə də XVII əsr holland rəssamlarının əsərlərini ustalıqla bərpa edib.
Fərhad Hacıyevin yenidən həyata qaytardığı əsərlər sırasında bir məşhur əsər də var. Bu, məşhur azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin portretidir. Bu əsəri azərbaycanlılar 1980-ci illərin sonu - 1990-cı illərin başlanğıcında gördülər. O zaman qəzetlərdə Hacının bu şəkli tez-tez çap olunurdu. Çoxları elə bilirdi ki, əsər Sovet rejiminin mövcud olduğu dönəmdə muzeydə sağ-salamat saxlanılıb, sonradan üzə çıxarılıb. Halbuki elə olmayıb.
Əsərin müəllifi məşhur rus rəssamı İ.Brodskidir. O, “Hacı Zeynalabdin Tağıyevin portreti”ni 1910-cu ildə çəkmişdi. Sovetlərin gəlişindən sonra həmin əsər bir vaxtlar Hacının evi olan indiki Milli Azərbaycan Tarixi Muzeyinin zirzəmisində uzun müddət ağır yük altında, atılmış əşya kimi qalmışdı. Çox yerdən zədələnmiş, rəngləri qopmuş, az qala sıradan çıxmışdı. Bir gün Fərhad Hacıyev təsadüfən onu yüklərin altından çıxararaq, dolab şəklində büküb gizlicə özüylə İncəsənət Muzeyindəki bərpa emalatxanasına aparır. Bu, 1959-cu ildə olmuşdu. Onda Hacı kimi adamların adını çəkmək yasaq idi, üstəlik, onun portretini bərpa etmək on qat yasaq idi. F.Hacıyev bir ilə portretin bərpasını başa çatdırır, onu yenidən həyata qaytarır və beləliklə, H.Z.Tağıyevin əsəri çox sonralar onun öz keçmiş evinə - Tarix Muzeyinə qayıdır. Əsərin bərpadan öncəki və sonrakı durumunu əks etdirən fotolara baxanda bərpaçı-rəssamın böyük zəhməti aydınca görünür və buna görə də onu əsərin ikinci müəllifi saymaq daha doğru olardı.
1961-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü seçilən F.Hacıyevə bir neçə il sonra bu sahədə göstərdiyi xidmətlərinə görə yüksək kateqoriyalı bərpaçı-rəssam sənədi təqdim edilir. 1970-ci ildə UNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilən rəssam bir sıra ittifaq və beynəlxalq konfransların iştirakçısı olub.
Onun ən böyük xidməti Azərbaycanda bərpa rəssamlığının əsasını qoymasıdır. 1971-ci ildə rəssamın bərpa emalatxanası İçərişəhərdəki “Bəylər” məscidinə köçürülür. Burada kollektiv formalaşır, yeni avadanlıqlar alınır. 1981-ci ildə isə həmin emalatxana rəsmi şəkildə müstəqil bir quruma - Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə çevrilir. F.Hacıyev mərkəzin ilk rəhbəri olur və ömrünün sonuna - 1987-ci ilədək orada çalışır. Sevindiricidir ki, rəssamın yaratdığı qurum bu gün də fəaliyyətini davam etdirir.
Fərhad Hacıyev təkcə bərpaçı-rəssam deyil, həm də görkəmli boyakar olub. 1960-cı ildən müstəqil yaradıcılığa başlayan rəssam ardıcıl olaraq yerli və xarici sərgilərdə iştirak edib, çoxlu rəngkarlıq əsərləri yaradıb. “Şamaxı rəsədxanasının tikintisində”, “Sakitlik”, “Görüş. Neft daşları”, “Bakı ritmləri”, “Metronun “Gənclik” stansiyasının inşası”, “Mayaklar”, “Dostluq körpüsü”, “Çiçəklən, bizim badam ağacımız”, “Kəpəz”, “Muğam, Vaqif, caz” və başqa tablolar onun fırçasının məhsuludur. Hazırda rəssamın bir çox əsərləri R.Mustafayev adına Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.

S.Soltanlı