Müasir İncəsənət Muzeyində nümayiş olunur
Sentyabrın 9-da Heydər Əliyev Fondunun dəstəyi və Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində “Argentinadan qravürlər” adlı sərgi açılıb. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Sərgidə Argentinanın beş rəssamının - Marselo Malaqamba, Marselo Agilar, Pablo Delfini, Osvaldo Xalil və Marina Rotberqin 25-dək qravüra əsəri nümayiş olunur.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov qravüra sənətinin xüsusiyyətlərindən söz açıb və çətin bir sahə olmasına baxmayaraq, argentinalı rəssamların əsərlərində mükəmməlliyin hiss edildiyini bildirib.
Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva mədəniyyətin xalqlar arasında körpü olduğunu diqqətə çatdıraraq sərginin əhəmiyyətindən danışıb. Tədbirin təşkil olunmasına görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən səfir belə sərgilərin bundan sonra da mütəmadi keçiriləcəyini vurğulayıb. Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.
Sərgi oktyabrın 9-dək davam edəcək.